Və ya şərlənmiş ruhun xoşbəxtliyi
Adını unutduğum bir mütəfəkkir deyirdi ki, xalqların taleyi, onların xarakteri ilə bağlıdır. Alman filosofu Şpenqler isə “Avropanın qürubu” əsərində “Insan yeganə canlıdır ki, ölümü dərk edir. Bütün başqa canlılarda düşüncə yalnız indiki anla məhdudlaşır və həmin ”indi” onlara nəhayətsiz kimi görünməlidir” yazırdı.
Bu 2 yanaşmadan bu qənaətə gəlmək olar ki, yalnız “indi”ni düşündüyümüzə görə zərərli xarakterimiz formalaşıb və buna görə də teleyimiz “əsir əsgər”in taleyinə bənzəyir. Yəni, yeganə çıxış yolu əsirlikdən qaçmaqdır. Indiki halda isə, söhbət özümüzə qaçışdan gedir.
Sizif bizə gülərdi
Yəqin Sizif haqqında əsatiri eşitmisiz. Allahlar Sizifi nəhəng bir daşı dağ başına qaldırmağa məhkum etmişdilər. Daş isə hər dəfə zirvəyə çatanda təzədən aşağı yuvarlanırdı. Beləliklə, Sizif təkrar-təkrar daşı aşağıdan zirvəyə doğru qaldırır və bu əziyyət hədər gedirdi.
Kamyu deyirdi ki, Sizifi xoşbəxt təsəvvür etmək lazımdı. Mən də düşünürəm ki, Sizif müsbət nümunədir. Yəni, dəfələrlə məğlub olmasına baxmayaraq, məqsədinə çatmaq üçün daşı zirvəyə qaldırmağa cəhd edir və hər dəfə rastlaşdığı məğlubiyyət onu məyus edə bilmir. Bu həm də cəzadan qurtulmaq üçün bir çabadır. Sizifi xatırlamağım təsadüfi deyil. Yaşadığımız ölkədə də insanlar “daş qaldırmaqla” məşğuldular. Amma məqsədə çatmaq üçün yox, məqsəddən uzaqlaşmaq üçün. Bəli, bizim özünü Allah hesab edən bəndəciklər xalqa cəza veriblər ki, düşüncənizin zirvəsinə “köləlik daşları” daşıyın. Biz də 20 ildir bu “daş”ları təfəkkürümüzə hörməklə məşğul oluruq. Görünür, bizim daşlarımız zirvədə dayansa da, özümüz hər dəfə zirvədən yuvarlanaraq aşağı enmişik. Yəni, biz daşları ünvana çatdırıb, özümüzü ünvandan uzaq salmışıq. Sizifdən fərqli olaraq bizim hər dəfə qaldırdığımız “daş” cəzanın artmasına səbəb olub. Biz, Sizifin gülüş hədəfinə çevrilmişik.
Bir sözlə, biz Sizifin pis davamçılarıyıq. Hansıki, o zirvəyə həqiqəti qaldıra bilsəydik, yerdəki “allah”ların cəzasından xilas olardıq.
Təbəssümün göz yaşları
Biz geridə qalmamışıq, geridə dayanmışıq. Yəni, bizə “burda dayan” deyiləndə, əmrə tabe olmuşuq. Amma bu “əmr”dən imtina edib irəliyə gedə bilərdik və hələ də gedə bilərik. Daha dəqiq ifadə etsək, biz geridə dayanmağı qəbul etməklə geridəqalmışlara qoşulmuşuq.
Bəzən, ətrafdakı insanlara nəzər salanda, onların qısır sevincləri ilə üzləşirik. 30 gün fəhlə işlədikdən sonra, aldığı 300 manat maaşa görə sevinən insanın təbəssümündə nə boyda kədər yatıb. Çünki, o fəhlə zəhmətinin qarşılığında daha çox qazanmalı idi. Yaxud, ali təhsilli həkim, müəllim bazarda alver edir və qarşısındakı tərəvəzin hamısını sata bildiyinə görə sevinir. Əslində, bütün bunlar təbəssümün göz yaşlarıdı. Onlar “indi”yə görə sevinirlər. Daha dərin fikirləşməkdən məhrum olublar. Onlar o qədər ehtiyacın dərinliklərinə batıblar ki, bu dərin quyunu qazanları unudublar. Indi, əsas məsələ kimi quyudan çıxmağı deyil, quyuda acından ölməməyi düşünürlər. Ağlamalı ən böyük reallıq isə odur ki, bu adamlar ədalətsiz seçkilərin keçirilməsinə, bir günahsızın həbs olunmasına, ziyalının cəmiyyətdən təcrid edilməsinə görə kədərlənmirlər. Onların sevinc və kədər anlayışı “quyu”nun şərtlərinə görə dəyişir.
Ölülərin xoşbəxtliyi
Bu ölkədə “xoşbəxt” olmaq çox asandır. 1 milyon 300 min iş yerini tapa bilməyib, məhkəmədə yalançı şahidlik etmək də “iş yeri” nə çevrilir və ən böyük şərəfsizlik də “xoşbəxt”olmağa imkan yarada bilir. Görünür, əsl xoşbəxtliklərə aparan yollarda “tıxac” yarananda, yalançı xoşbəxtliklər təsəlli verə bilir.
Təsəvvür edin ki, məhkəmədə vicdanlı bir insana qarşı yalançı şahidlik edən adam, bir neçə saatdan sonra həyətində kabab bişirir və bu anın xoşbəxtliyini yaşayır. Eyni zamanda ailəsinin əhatəsində qürrələnir və “ailə başçısı” kimi vəziyyətə nəzarət edir.
Bəs, əslində vəziyyət necədir? Əslində, o adam mənliyini, vicdanını, ruhunu şərləndiyi üçün bayram edir. Bəli, o şərlənmiş ruhun xoşbəxtliyini yaşayır. O, ruhən, mənən, hətta cismn ölməsinin xoşbəxtliyini yaşayır. Bu “xoşbəxtlik”bununla da bitmir. Bu adam ləyaqətli ata adının alçaldılmasını qeyd edir. Bəli, bu adamın şişə çəkdiyi ət deyil, şərlədiyi insanların naləsidir. Bir sözlə, bu adam övladlarına qarğış yedizdirməyin xoşbəxtliyini yaşayır.
Əlil xoşbəxtliklər, bununla da bitmir. Məsələn, bir vaxtlar itirilmiş torpaqların işğaldan azad edilməsinə görə xoşbəxt olacaq adamlar, indi kreditlə maşın alıb sürməyi xoşbəxtlik hesab edir. Yəni, yurd-yuva xoşbəxtliyi, yeriyən dəmirlə əvəzlənib.
Bəli, arzularımızın soyqırımı, xoşbəxtliyimizin “qısır”lığına səbəb oldu. Indi, həqiqi xoşbəxtliyə can atmaq “cinayət” kimi görünür
Qələbə qorxusu
Yuxarıda sadaladıqlarımızdan bu nəticəyə gəlirik ki, biz xalq olaraq uzun illərdi məğlubiyyət arzulamışıq. Yəni, mübarizədən, xoşbəxt olmaqdan, etiraz etməkdən imtina etdikcə, zalımın qələbəsinə kömək etmişik. Bu “ənənə” o qədər dərinə işləyib ki, “yoxsulluğun kökü kəsilib”, “işsizlik problemi həll olunub”, “iqtisadi inkişafımız rekord həddədir” kimi xəbərləri bizə “yedizdirmək” mümkün olub. Yəni, biz bu “xəbər təam”larını həzm edirik və “qusmaq”a qorxuruq. Hansıki, bunu geri qaytarmaq, yalanlara etiraz etmək bizi qələbəyə aparardı. Biz isə, qələbədən qorxuruq. Çünki, qələbəni də bizə “zəhərli ilan” kimi təqdim ediblər. Biz, məğlubiyyəti arzulamağı mənfəət bilmişik. Guya, uzaqgörənlik edib, itkilərdən azad olmuşuq. Hansıki, itirdiklərimiz, itirməyə qorxduqlarımızdan çox olub.
Hələ gec deyil. Məğlubiyyətə lənət oxuyub, qələbə arzusu ilə yaşamaq lazımdır. Ilk növbədə isə, düşüncənizə daşıdığınız “köləlik daşları”nı atmaqdan başlayın.