Hakimlər bilik testindən necə keçib?
Görkəmli ziyalımız Eldəniz Quliyevin YAP məhkəməsinin qərarı ilə cəzalandırılması ölkədə məhkəmə-hüquq sisteminin acınacaqlı durumunu bir daha ortaya qoydu.
Bəs hüquq elmi özü bu cəzanı necə dəyərləndirir? Hüquq elmləri doktoru, professor Firudin Səməndərovun redaktəsi ilə çap olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası” (Bakı, 2010-cu il) kitabının 345-ci səhifəsində hüquq elmləri doktoru Məhəmməd Imanov Cinayət Məcəlləsinin(CM) təhqirlə bağlı maddəsini izah edib: “Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa (məsələn, bütün vəzifəli şəxsləri korrupsiyada ittiham etməklə onlar haqqında söyüşlər söymə və s.) CM-in 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur”. Bəs hakimin hüququn adi anlayışından niyə xəbəri yoxdur, bilik testindən necə keçib? Hüquq professorları olan ziyalılar niyə öz sözlərini demədilər? Görünür, ziyalılıq da milli, demokratik hakimiyyətimiz kimi keçmişdə qalıb.
On gün öncə Yasamal məhkəməsində hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə keçirilən iclasda iddiaçı Qarabağ əlili qarşı tərəfin iştirakını məcburi təmin etməklə bağlı vəsatət qaldırıb. Hakim müşavirə otağına getmədən vəsatəti rədd etdiyindən hakimə etiraz edilib. Etirazda hakimin süründürməçiliklə 6 aydan çoxdur işə baxmaqdan imtina etməsi, çəkişmə prinsipini təmin etmədən iclassız qərar qəbul verməsi əsas kimi göstərilib. Mülki Prosessual Məcəllənin (MPM) 9-cu maddəsinə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq və bərabərliyi və faktlar əsasında həyata keçirilir, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. MPM-in 172.1-ci maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və qətnamə qəbul edilməlidir. Göründüyü kimi, iddiaçı Qarabağ əlilinin hakimə etirazı əsaslıdır. Hakim isə MPM-in 21.3 maddəsini – etirazın əsaslarına dair sübut təqdim edilmədiyini(??) əsas tutub etirazı baxılmamış saxlayıb. Bu qərarın özü hakimin hüquqdan, MPM-dən xəbərsizliyini göstərir. MPM-in 22.2-ci maddəsinə görə, işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsini məhkəmənin sədri həll edir. Bəs niyə hakim etiraz ərizəsini sədrə vermədən, MPM-ə zidd olaraq özünə qarşı etirazı baxılmamış saxlayaraq vətəndaşın hüququnu tanımır?
Bəs məhkəmə-hüquq sistemindəki özbaşınalığa Məhkəmə Hüquq Şurası(MHŞ) niyə son qoymaq istəmir, sadəcə məhkəmə qərarlarını yoxlamaq hüququ olmadığını(??) bildirməklə işini bitmiş sayır? Sualın cavabını məhkəməyə sifariş verənlər bilər…
M.Ağsu


