Azərbaycanın assosiasiya sazişini imzalamasının qatı tərəfdarı olan Devid Lidinqton hansı mesajlarla gəlir?
Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqtonun Bakıya səfəri bir sıra aspektlərdən maraq doğurur. Səfər çərçivəsində aparılacaq danışıqların əsas istiqamətinin Azərbaycan və Böyük Britaniya arasında siyasi əməkdaşlığın perspektivləri olacağı vurğulanır. Səfər noyabrın 4-5-nə planlaşdırılıb. Səfər zamanı, həmçinin ikitərəfli əməkdaşlığın digər aspektləri nəzərdən keçiriləcək. Səfər Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində baş tutacaq.
Amma Devid Lidinqtonun vaxtı ilə Azərbaycanla Avropa Birliyi münasibətlərində sərgilədiyi mövqe bu səfəri maraqlı edir. Xatırladaq ki, AB-nın Vilnüs sammitindən sonra Lidinqton bəyan etmişdi ki, AB Azərbaycanla əməkdaşlığın dərinləşməsini səbirsizlikdə gözləyir. “Biz Avropa Birliyinin Azərbaycanla daha yaxından əməkdaşlıq etməsini səbirsizliklə gözləyirik və ümid edirəm ki, assosiasiya sazişinə doğru danışıqlara təkan verilə biləcək”, deyə nazir bildirmişdi.ÿ
O, eyni zamanda vurğulamışdı ki, şərq qonşuları Avropanın ayrılmaz bir hissəsidir: “Onlar Avropa tarixi və mədəniyyətini bölüşür, suveren dövlətlər kimi kənar təzyiq və təsirlərdən kənar azad və müstəqil çiçəklənən gələcək qurmaq üçün çalışırlar. Avropa Ittifaqı üçün onların əhəmiyyəti inkaredilməzdir”.
Bu baxımdan Devid Lidinqtonun Azərbaycana səfəri kifayət qədər həsas dönəmə təsadüf edir. Son zamanlar Azərbaycanın adının insan haqları, siyasi məhbus problemləri müstəvisində tez-tez hallanması britaniyalı nazirin səfəri zamanı da bu məsələyə toxunulmasını zəruri edir. Çünki nüfuzlu beynəlxalq təşkilatlar, aparıcı Qərb dövlətləri demokratik normaların pozulmasına görə Azərbaycan hakimiyyətini sərt tənqid etməkdədir. Ona görə səfər zamanı siyasi məhbus probleminin müzakirə ediləcəyi də gözlənilir.
Bundan başqa Azərbaycan hakimiyyətinin assosiasiya sazişinin imzalanması ilə bağlı qeyri-müəyyən mövqeyinin davam etməsi, münasibətlərin qarşıdurma səviyyəsinə çatdırılması assosiasiya sazişinin imzalanmasının qatı tərəfdarı olan Lidinqtonun səfərini bir qədər maraqlı edir. Ekspertlərin fikrincə, heç şübhəsiz Azərbaycan-AB münasibətlərinin hazırkı durumu da Lidinqtonun səfəri zamanı müzakirə olunacaq əsas məsələyə çevriləcək.
Azərbaycanın neft sektorunda əsaslı şəkildə təmsil olunan bir dövlətin nazirinin Bakı səfəri eyni zamanda Avropa Birliyinin rəsmi Bakı ilə daha sərt dildə danışmaq niyyətində olduğunu da deməyə əsas verir. Çünki sözdə Avropaya inteqrasiyanı siyasi kurs elan edən hakimiyyətin insan haqları sahəsində son addımları, yürütdüyü repressiya siyasəti heç cür qəbul edilə bilməz. Bu baxımdan Əliyevlə danışıqlarda assosiasiya sazişinin imzalanmasının qatı tərəfdarı olan Lidinqtonun seçilməsi təsadüfi qiymətləndirilməməlidir.
Hikmət


