
İraq-Şam İslam Dövləti (İŞİD) Kobani uğrunda döyüşlərdə Azərbaycandan aparılan snayperlərdən də istifadə edir. Bu barədə Türkiyənin “Milliyet” qəzeti xəbər verir. Xəbərdə deyilir ki, Kobanidə 50 gündür İŞİD-çilərlə YPG (PKK-nın Suriya qolu) arasında gedən döyüş Azad Suriya Ordusu dəstələrinin və kürd müdafiə dəstələrinin (peşmərgələr) də köməyə gəlməsi ilə şiddətlənib. YPG, ASO və peşmərgələrin birgə hücumu qarşısında İŞİD-çilər də Türkiyə ilə sərhəd qapısı olan Mürşitpınarı ələ keçirməyə çalışır. Bu məqsədlə Azərbaycan, Özbəkistan və Çeçenistandan aparılan kəskin nişançılar (snayperlər) YPG mövqelərini daimi hədəfdə saxlayır.
Bundan başqa, İŞİD bomba yüklü avtomobil və motoskletlərlə kamikadze hücumları da təşkil edir. İndiyədək Kobanidə YPG mövqelərinə 17 belə hücum olub. Hərçənd, avtomobil və motoskletlərin çoxu hədəfə çatmadan partlayıb.
ASO və peşmərgələrin İŞİD-ə qarşı hansı cəbhələrdə YPG-yə kömək edəcəyi də artıq planlaşdırılıb. ASO Kobaninin cənub-qərbində, peşmərgələr isə mərkəzdə və qərb cəbhəsində savaşacaq.
Ötən gün ilk dəfə olaraq peşmərgələrin mövqelərindən İŞİD-in nəzarətində olan şərq və cənub-şərq cəbhəsindəki hədəflərə “Katyuşa” raketləri atılıb.
Bundan əvvəl isə YPG-nin hücumları nəticəsində 15 İŞİD-çinin, o cümlədən təşkilatın Kobanidəki komandirlərindən biri, Səudiyyə Ərəbistanı vətəndaşı Əbu Əzəm Əl-Şərqinin öldüyü xəbər verilib.
YPG, ASO və peşmərgələrin İŞİD-ə qarşı əməliyyatlarına ABŞ-ın qurduğu koalisiya qüvvələri də havadan zərbələrlə dəstək verir. Məlumatlara görə, hazırda bütün bu qüvvələr İŞİD-i Türkiyə ilə sərhəd məntəqləri ərazisindən vurub çıxarmaq üçün irimiqyaslı hücumlara hazırlaşır.
azadliq.info


