
Samir Əliyev: «Neftin hər dollar ucuzlaşması büdcə üçün 700 min dollar itki deməkdir»
Dünya birjalarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,58 dollar ucuzlaşaraq 80,54 dollar, Londonun ICE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar azalaraq 85,86 dollar olub.
Dövlət Neft Şirkətindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 2,23 dollar ucuzlaşaraq 86,61 dollar təşkil edib.
Dünya bazarında baş verən bu tedensiya, heç şübhəsiz, bir sıra suallar doğurmamış deyil. Azərbaycanın büdcəsinin neftdən asılı olduğu nəzərə alınarsa, ölkəmiz üçün bir sıra təhlükələrin yarandığı şübhə doğurmur. Hazırda ekspertləri düşündürən əsas sual neftin qiymətinin bu enişinin hansı həddə qədər davam edəcəyi ilə bağlıdır. Başqa bir sual Azərbaycanın gələn ilki büdcəsində neftin qiymətinin 90 dollar götürməsiylə bağlıdır. Çünki, artıq neft nəinki 90 dollarlıq barajı adlayıb, hazırkı qiymət nikbin proqnozlar verməyə imkan vermir.
Diqqət yetirilməli başqa bir məqam neftin qiymətinin hər bir dollar ucuzlaşmasından Azərbaycanın dövlət büdcəsinin itirdiyi vəsaitlərdir. Azərbaycanın gündəlik neft hasilatı 700 min barrel ilə 1 milyon barrel arasındadır. Deməli, hər bir dollar düşüş gündəlik büdcəyə 700 minlə bir milyon dollar arası ziyan vurur.
Iqtisadçı Samir Əliyev bildirdi ki, neftin qiymətindəki ucuzlaşma tendensiyası bir müddət də davam edəcək. Gələn il də bu prosesin eyni templə hərəkət edəcəyini deyən S.Əliyev vurğuladı ki, dollar hələlik 80 dollarlıq psixoloji həddə yaxınlaşsa da, onu keçməyib: “Amma proqnozlar ondan ibarətdir ki, neftin bir barrelinin qiyməti yaxın müddətdə 100 dollarlıq həddi keçməyəcək. Əlbəttə ki, bu tendensiyanın Azərbaycan üçün zərəri var. Büdcənin 70 faizdən çoxu neftin hesabına formalaşır. Bu heç kimə sirr deyil. Bu isə o deməkdir ki, neft gəlirlərinin azalması ölkəyə gələn neft pullarının da azalmasına səbəb olacaq. Neftin dəyərinin 25 faiz ucuzlaşması ölkəyə daxil olan nfet gəlirlərinin 25 faiz azalması deməkdir. Hasilatın azalmasını da bura daxil etsək o zaman neft gəlirlərində ciddi düşüşü müşahidə edəcəyik”.
Bu ilin büdcəsinin reallaşmasında ciddi problemin olmayacağını deyən S.Əliyev bildirdi ki, bu ilin büdcəsində neftin bir barreli üçün qiymət yüz dollar götürülmüşdü. Sentyabra qədər neftin qiymətinin 107 dollar olduğu nəzərə alınarsa, o zaman bu ilin büdcəsində elə bir problem yaşanmayacaq. Amma əsas problemin gələn ilin büdcəsi ilə bağlı olduğunu deyən S.Əliyev vurğuladı ki, gələn il dövlət büdcəsində 90 dollar nəzərdə tutulmaqla yanaşı, bir sıra yeni investisiya layihələri də nəzərdə tutulub: “Neftin qiymətinin azalmasına rəğmən, büdcə gəlirlərində artım proqnozlaşdırılıb. Sanki 2015-ci ildə büdcə 2014-cü ildən daha çox olacaq. Büdcəni Neft Fondundan dolduqmaq olar. Amma neftin qiymətinin azalması Neft Fondunu da çətin durumda qoyacaq. Ona görə Neft Fondunun da büdcəyə transferti ilə bağlı problemlər yarana bilər. Eyni zamanda o da vurğulanmalıdır ki, Neft Fondunun gələn il xərcləri gəlirlərindən artıq olacaq”.
Gələn il Azərbaycanda büdcə üçün yük ola biləcək iki böyük tədbirin keçirilməsinin nəzərdə tutulduğunu deyən S.Əliyev bildirdi ki, onlardan biri Avropa Olimpia Oyunları, ikinci isə parlament seçkiləridir. Ekspert də təsdiqlədi ki, son hesablamalara görə, Azərbaycanın gündəlik neft hasilatı 700 min barreldir. Hər dollar ucuzlaşma isə büdcə üçün 700 min dollar itki deməkdir. Iqtisadçı hesab edir ki, bu itkinin həcmi daha da çox ola bilər.
Xəyal


