Deputat Rəfael Hüseynov o qədər əsəbiləşib ki, etik çərçivələri də aşıb
Gülnarə Axundlu: «Mən Avropada gizlənmirəm, Azərbaycanla bağlı tədbirlərdə iştirak edirəm»
Azərbaycanda insan haqlarının və qeyri-hökumət təşkilatlarının durumu ötən həftə Madriddə müzakirə olunub. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquqi Işlər və Insan Haqları Komitəsinin iki günlük iclasında iki sənəd müzakirəyə çıxarılıb.
Lüksemburqlu deputat Yve Kraçten “Avropada qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinə yaradılan yersiz məhdudiyyətlərin qarşısını necə almalı” adlı məruzə hazırlayıb. Sənəddə bir sıra Avropa ölkələri, o cümlədən Rusiya ilə bağlı tənqidlər yer alıb.
“Bircə fakt da unudulmayıb”
Hazırda Danimarkada çalışan azərbaycanlı hüquq müdafiəçisi Gülnarə Axundlunun “Azadlıq” radiosuna verdiyi məlumata görə, bu hesabatda Azərbaycanda QHT-lərin işinə son məhdudiyyətlər, təşkilat rəhbərlərinin həbsi qeyd olunub. Hüquq müdafiəçisi bu sənədin ölkədəki real durumu əks etdirdiyini bildirir: “Şəxsən mən cənab Kraçtenə çox minnətdaram. Bircə fakt da unudulmayıb. Azərbaycanlı deputatlar bu sənəddən narazı qaldı. Deputat Elxan Süleymanov dedi ki, bu sənədi qəbul eləmir, onu pisləyir. Süleymanov dedi ki, o, QHT-lər haqqında, durumu düzgün əks etdirən başqa bir sənəd hazırlayıb”.
Yve Kraçten məruzədə tövsiyə edir ki, AŞ PA üzvləri QHT-lərə məhdudiyyətlər barədə daha çox informasiya alsınlar və müstəqil ekspertlərin iştirakı ilə əlavə dinləmələr, müzakirələr keçirilsin. Bu sənəd hələ işlənir. Məruzəçinin Azərbaycana fakt-araşdırıcı missiya ilə gələcəyi gözlənir.
Venesiya komissiyası rəy hazırlayacaq
Avropa Şurasının baş katibi Torbörn Yaqland Venesiya Komissiyasından xahiş edib ki, QHT qanunvericiliyinə təcili baxıb rəyini açıqlasın. Ancaq Gülnarə Axundlu deyir ki, bu, tezliklə baş verən proses deyil. Venesiya Komissiyasının nümayəndə heyəti Bakıya gəlib görüşlər keçirməli, müzakirələr aparmalıdır.
Hüquqi Işlər və Insan Haqları Komitəsinin Madrid iclasında sırf Azərbaycanla bağlı bir sənəd də müzakirəyə çıxarılıb. Azərbaycanda insan haqlarının durumu üzrə məruzəçi Pedro Aqramunt “Azərbaycanın Avropa Şurasında sədrliyi: Insan haqlarının qorunması ilə bağlı vəziyyət” adlı hesabatın ilkin versiyasını, məlumat hissəsini hazırlayıb.
Gülnarə Axundlu deyir ki, məruzəçi sənəddə faktları, hüquq müdafiəçilərinin həbsini sadalasa da, öz fikrini bildirmir, vətəndaş cəmiyyətinə təzyiqləri pisləmir. Onun fikrincə, məruzəçi ölkədə hüquq müdafiəçilərinin və QHT-lərin hüquqi rolunu anlamır.
“Hökumət bu hesabatla razıdır”
“Şəxsən məndə belə bir təsəvvür yarandı ki, Pedro Aqramunt hökumətin rəsmi mövqeyini müdafiə edir. Məsələn, o, AŞ PA üzvü olaraq, iclasdakı çıxışında dedi ki, beynəlxalq donorlar, bəzi ölkələrin Azərbaycanda öz maraqları var, enerji və neft yarışması gedir, ona görə də bu QHT-ləri maliyyələşdirirlər”, – deyə Gülnarə Axundlu bildirib.
Bəs o zaman Azərbaycan tərəfi nədən narazı qalıb? Deputatlar narazılıq doğuran məqamların olduğunu deyirlər.
Gülnarə Axundlunun sözlərinə görə, Azərbaycan tərəfdən Elxan Süleymanov deyib ki, Aqramuntun sənədi ilə razıdır: “Dedi ki, Pedro Aqramunt onunla məsləhətləşib. Bildirdi ki, ”QHT rəhbərləri ilə bağlı ona öz fikirlərimi bildirmişəm. Aqramunt həmin fikirləri kağıza əlavə edib”. Yəni, hökumət bu hesabatla razıdır”.
Aqramunt sənədi necə hazırlayıb?

Gülnarə Axundlu xatırladır ki, AŞ PA-nın payız sessiyası çərçivəsində o və digər fəallar, beynəlxalq QHT təmsilçiləri Pedro Aqramuntla görüşərək ona Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlər barədə məlumat veriblər: “Qəribədir ki, Pedro Aqramunt bu informasiyaları Azərbaycana səfər etmədən, burada heç bir görüş keçirmədən hazırlayır. Məruzəçinin mandatında yazılıb ki, Aqramunt əməkdaşlıq etməlidir. Ancaq bu, görünmür. Mən bu sənədi qəbul etmirəm”.
Məruzəçinin hazırladığı sənəd dekabrın 10-da Parisdə Komitənin iclasında müzakirəyə çıxarılacaq, qəbul olunacağı halda, ictimaiyyətə açıqlanacaq.
Xatırladaq ki, Pedro Aqramunt bu ilin iyununda Azərbaycanda insan haqları üzrə məruzəçi təyin olunub. “Azadlıq” radiosu bir neçə dəfə ondan müsahibə almağa cəhd etsə də, məruzəçi bundan yayınıb.
“Dönük azərbaycanlılar”
AŞ PA Komitəsinin Madrid iclasında Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanov iştirak ediblər.
Rəfael Hüseynov “AzərTAc”a müsahibəsində beynəlxalq qurumların Azərbaycana qarşı ikili standartlarından, “qondarma ”siyasi məhbus” problemi” kimi tələlər qurmasından danışıb: “Elə komitənin Madrid iclasında qeyri-hökumət təşkilatları ilə bağlı Azərbaycana qarşı edilən böhtançı, qərəzkar hücumlar da bunun əyani göstəricisidir. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, yenə həmin düşmən mövqeli qüvvələr öz qara siyasətini ortaya qoyarkən başqa muzdlu xidmətçiləri ilə yanaşı, Avropada gizlənən və maliyyələşdirərək ölkəmizə qarşı qısqırtdıqları dönük azərbaycanlılardan istifadə edirlər. Bunun bariz nümunəsi onların Kopenhagendən komitə iclasına Azərbaycana qarşı hədyanlar yağdırmaq üçün gətizdirdikləri Gülnarə Axundovadır. Nəticə etibarilə bütün bunlar özünüifşaya aparır, casuslar bir-bir aşkarlanır”.
“Avropada gizlənmirəm”
Hüquq müdafiəçisi Gülnarə Axundlu isə ifadə azadlığından yararlanaraq mövqeyini səsləndirdiyini, özünün də tənqidlərə açıq olduğunu bildirir: “Sadəcə onu demək istəyirəm ki, Avropada gizlənmirəm, Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edirəm. Öz işimi davam etdirirəm”.
Bu il Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin gücləndiyini təkcə yerli deyil, beynəlxalq hüquq-müdafiə təşkilatları da önə çəkir, hakimiyyəti həbsdə olan fəalları azadlığa buraxmağa çağırır. Azərbaycan bu ilin mayından noyabrınadək Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.



