Insan Hüquqları üzrə Birgə Qrup nağılı

Onun «ciddi qurum» imici «toy şousu» ilə formalaşdırıldı

“Oktyabrın 22-də Milli Məclisdə problemli məhbusların işi üzrə işçi qrupunun 6 illik fasilədən sonra ilk iclası keçirilib. Bu qrupun fəaliyyəti Azərbaycan prezidenti Ilham Əliyevlə Avropa Şurasının baş katibi Turbyorn Yaqland arasındakı razılaşma əsasında bərpa edilib. Avqustun 12-də Ilham Əliyevlə telefonla danışan Torbyorn Yaqland bəyanat yayıb bildirmişdi ki, problemli məhbusların işi üzrə işçi qrup yenidən təşkil ediləcək və bu qrupa Avropa Şurasının nümayəndəsi də daxil olacaq. 2005-2008-ci illərdə problemli məhbusların işi üzrə işçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub.

Toplantıda qrupun heyəti də formalaşdırılıb. Heyətə bu şəxslər daxildir: Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Avropa Insan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze, Prezident yanında Əfv Məsələləri Komissiyanın katibi Kəmalə Ismayıllı, Baş Prokurorluğun nümayəndəsi Ilqar Cəfərov, Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq Qurbanov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, həmin komitənin üzvü deputat Çingiz Qənizadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, həmin şuranın üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov, hüquq müdafiəçiləri Eldar Zeynalov, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova.

Fuad Ələsgərov və Səməd Seyidov qrupun həmsədrləri, Səadət Bənənyarlı, Kəmalə Ismayıllı və Sahib Məmmədov isə qrupun katibləri seçiliblər(mediaforum)”.

Keçənləri uzun-uzadı xatırlatmada məqsədim sizi bir daha onlarla tanış etməkdir. Adları sadalananların içərisində sizə və bizə tanış olmayan bir neçə nəfər hakimiyyət təmsilçiləridir. Konkret vəzifə tuturlar və onlar da başqa məmurlar kimi hakimiyyətin diqtəsiylə işləməyə məhkumdur. Qalanları isə hamıya tanışdır.

Ancaq tanınmış tanışları yenidən tanıtmağa ehtiyac var. Deməli, Azərbaycanda siyasi məhbus olmadığını iddi edən hakimiyyət Avropa Şurası qarşısında yenidən geri çəkilməyə məcbur oldu. Başqa yolu qalmadığını anlayandan sonra. Ancaq yenə də bu işi köhnələrə – öz adamlarına tapşırmaqla fayda güddüyünü ortaya qoydu. Bəlli olur ki, hakimiyyətlə danışıqlarda Xədicə Ismayılın da o qrupda iştirakı məsələsi şərt kimi qoyulub. Hakimiyyət heç istəməsə belə onu qəbul etmək zorunda qalsa da, ancaq sonda yenə həmin köhnələrin əliylə Xədicə Ismayılın qrupda iştirakının qarşısını aldı. Qrupdakılar dəqiq bilirdilər ki, Xədicə xanım onların işinin “xod” getməsinə, məqsəddən yayınmağa mane olacaq. Əslində, onsuz da bu tərkiblə işləmək X.Ismayıl üçün çətin olacaqdı və o, çox güman ki, elə ilk iclasda sözünü deyib çıxacaqdı. Ancaq bu, hələ də pərdələndiyini düşünən maskaların bir daha cırılmasıyla sonuclanacaqdı. Haray bu başdan…

Onların hansı açıqlamanı verməsinin elə də önəmi yoxdur. Başdan-başa hakimiyyət nümayəndələrindən və yanlılardan yaradılmış qrupun uğurlu işi ola bilməz. Əslində elə ilk “uğur” da bunun göstəricisidir. Siyasi məhbus Hilal Məmmədovun qızının toyunda iştirak üçün buraxılmasını qrupun fəaliyyəti kimi təqdim etmək nə qədər gülünc idi. Qanunda, yaxud əsasnamədə hansısa dustağın evə buraxılması nəzərdə tutulubsa, bu, Penitensiar Xidmətin vəzifə səlahiyyətlərinə aiddir. Xidmət heç kimin müraciəti olmadan həmin məhbuslarla bağlı qərar verməyə borcludur. Yeni qrupun təbliğatını, reklamını bu şəkildə qurmaq, ona imic formalaşdırmaq yalnız bu hakimiyyətin ağlına gələ bilər. Bu, tikilən körpülərə, keçidlərə, yaxud təmir olunan binalar yapışdırılan lövhələrlə çox həmahəngdir. “Bu körpü, keçid, yol qovşağı… prezident Ilham Əliyevin sərəncamı ilə tikilmişdir”. Sadə vətəndaşın sərəncamı ilə tikiləsi deyil ki…

Hər kəs bilir ki, Yaqlandla Ilham Əliyev siyasi məhbuslar məsələsini müzakirə ediblər və sonda siyasi məhbuslarla bağlı işçi qrup yaratmağa razılaşıblar. Ancaq hakimiyyət ağrılı yeri olan siyasi məhbus sözünü dilinə gətirmək istəmir və bu səbəbdən də qrupa belə əndrabadi ad qoydular. Guya prinsipiallığı sonadək qorudular. Olsun. Ad nə olursa olsun, Avropa Şurası ilə Azərbaycan hökumətinin bu razılaşması siyasi məhbuslara görədir və bunu hamıdan artıq həmin qrupdakılar bilir. 

Indi gəlin qrupa baxaq. Yaqlandın nümayəndəsi ilə siyasi məhbuslarla bağlı danışıqlar aparan Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ilk iclasda deyib:

“Azərbaycanda siyasi məhbuslar yoxdur, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş şəxslər var”.

Bu və bu kimi başqa sözləri deyəndən sonra da siyasi məhbuslarla bağlı qrupa həmsədr “seçilib”.

Başqa bir həmsədr, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. Indi onun “siyasi məhbus” yanaşmasına baxaq. Bir neçə il qabaq Azərbaycana siyasi məhbuslarla məruzəçi təyin olunması məsələsi gündəmdəydi. O isə bunun əleyhinə çıxırdı: “Biz hesab edirik ki, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçiyə ehtiyac yoxdur. Avropa Şurası belə bir qərar qəbul etməklə Azərbaycandan daha çox özünə problem yaradıb”. Onun sözlərinə görə, məruzəçi Azərbaycana səfər etmək istəyir: “Ancaq o, nəyi öyrənəcək, hansı problemlərə görə hesabat verəcək, bunlar sual altındadır”.

Bu bir neçə ildə Səməd Seyidovun siyasi məhbuslarla bağlı mövqeyinin dəyişmədiyisə hər kəsə bəllidir.

Qrupda olan Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Avropa Insan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun Azərbaycandan Avropa Məhkəməsinə göndərilən işlərlə bağlı “fəaliyyəti” çoxlarına, hüquq ictimaiyyətinə çox yaxşı bəlli olduğundan növbətisinə keçək.

Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze, Prezident yanında Əfv Məsələləri Komissiyanın katibi Kəmalə Ismayıllı, Baş Prokurorluğun nümayəndəsi Ilqar Cəfərov, Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq Qurbanovun siyasi məhbuslar probleminə hansı “töhvə” verəcəyi, düşünürəm ki, çoxları kimi heç onların özünə bəlli deyil.

Işçi qrupun daha bir fəalı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, həm də deputat Azay Quliyev də Azərbaycanda siyasi məhbus olmadığını deyir: “Azərbaycanda vəziyyət bir çox ölkələrlə, xüsusilə də qonşu dövlətlərlə müqayisədə çox yaxşıdır. Dəfələrlə bəyan etmişik ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təqib olunmur. Həmin insanlara cinayət işi açılmır (24.01.2013 ”Səs” qəzeti)

Gənc, perspektivli hüquqşünas, hakimiyyətin ən qatı(yaxşı mənada) müdafiəçisi Əli Hüseynov: “Azərbaycanda guya insan hüquqları ilə bağlı ciddi problemlərin olduğunu iddia edənlər hansısa maraqlara xidmət edir. Bunu həyata keçirən bir sıra qüvvələr var ki, onlar da erməni lobbisinin təsiri altında fəaliyyət göstərən qüvvələrdir. O qüvvələrdir ki, onlar hər zaman Azərbaycanın müstəqil siyasət yeritməsinin əleyhinə çıxış edirlər və bu baxımdan ola bilsin ki, bu qurumda da onların əlaltıları mövcud olmamış deyil. Onlar var və mövcuddurlar. ”Siyasi məhbus” anlayışı əslində Avropa ölkələrinin, məsələn, Avropa Şurasının üzvü olan ölkələrin özlərinə, bir sıra postsovet ölkələrinə şamil oluna bilər. “Siyasi məhbus” məsələsini heç bir halda bizə süni şəkildə yapışdırmaq olmaz. Bu baxımdan, bir daha vurğulayıram ki, biz heç zaman “siyasi məhbus” problemini qəbul etməmişik və bundan sonra da etməyəcəyik”- deyə, komitə sədri vurğulayıb (04.06.2014 yap.org).

Ictimaiyyət nümayəndəsi Əliməmməd Nuriyev: “…Azərbaycanda bir neçə hüquq müdafiəçisi var ki, siyasi məhbus siyahısı hazırlamağa görə böyük məbləğdə pullar alırlar və bu işdə qlobal maliyyə qrupları ilə əlbirdirlər: ”Azərbaycanda çox maraqlı proseslər gedir. Yenidən həmin spekulyasiyaların təkrarlanması davam etməkdədir. Hüquq müdafiəçisi adlanan şəxslər sui-istifadə hallarına yol verirlər. Bəzi şəxslər var idi ki, müxtəlif kriminal əməllərə görə həbs olunmuşdu.ÿHəmin hüquq müdafiəçiləri onların ailəsi ilə yaxın əlaqəyə girib, məhbusların adını siyahıya salmaq üçün pul tələb edirdilər.ÿKülli-miqdarda vəsait ödənilməsi barədə məlumatlar vardı. Nəticədə Azərbaycanda “siyasi məhbus” siyahısı hər zaman böyüdü. Çünki bunda maraqlı şəxslər vardı. Hüquq müdafiəçiləri bu prosesdə biznesmen kimi davranırdılar. Bu işə biznes kimi baxırdılar. O zamankı işçi qrupun fəaliyyəti bunların qarşısını alırdı. Həmin işçi qrup fəaliyyətin dayandırandan sonra yenə bəzi işbaz “hüquq müdafiəçiləri” yenidən fəaliyyətə başladılar. Yeni bir siyahı hazırlamağa başladılar.

Ə.Nuriyev qeyd edib ki, hazırkı durumda da işçi qrupunun yaradılması bu cür spekulyasiyaların qarşısını ala bilər: “Bəzi hallarda istintaq, məhkəmə tədqiqatı və ya ilkin araşdırma zamanı yanlışlıqlara yol verilir. Bunu anlayıram. Amma Azərbaycanda yüzlərlə insanı siyasi məhbus kimi təqdim etmək tamamilə yanlışdır və heç bir ciddi metodologiyaya əsaslanmır. Burada məqsəd yalnız yeni qrantlardan yararlanmaq üçün bu siyahıdan istifadə etməkdir. Bu da müxtəlif dövlətlərin və böyük maliyyə qruplarının maraqlarını təmin etmək üçün göstərilən fəaliyyətin nəticəsidir”.

Əliməmməd bəy özü hüquqşünasdır, hüquq müdafiəçilərini çox ağır cinayətdə ittiham edir, ancaq onların həmin cinayətini bilə-bilə niyə vaxtında lazımi orqanlara bu barədə xəbər vermədiyini açıqlamır. Axı bu özü məsuliyyət yaradır.

Məşhur üçlük – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı barədə hansısa yanlışa yol verəcəyimi düşünüb üstündən keçirəm. Hamıya bəlli olanlardan danışmaq təkrarçılıqdır.

Sahib Məmmədov adlı biri özü hər şeyi deyir, vaxtınızı boş yerə almaq istəmirəm.

Eldar Zeynalov və Zəlihə Tahirovanı sonuncu dəfə hüquq müdafiəçiliyi sahəsində hansısa işini xatırlayan olsa, mövzuya qayıdarıq.

Dostlarımız Arzu Abdullayeva və Mirvari Qəhrəmanlının qrupla bağlı ilkin açıqlamaları, optimizmi zamanın ən yaxşı hakim olduğunu bir daha xatırladır bizə. Bir filmdə deyildiyi kimi: “Deyirlər… məhəbbət xarüqələr yaradır, kim bilir”.

Görünür, bu xanımlar xarüqələr yaradacaqlarına hələ də inanırlar… 

Qrupda başqa biri də var Çingiz Qənizadə. Görün hələ Çingiz nə deyir: “Leyla Yunusun bu siyahısı nə ölkədə, nə də Avropada ciddi qəbul edilə bilər. Ona görə ki, Leyla Yunus həmişə ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların siyasi sifarişlərini yerinə yetirərək belə siyahılar hazırlayıb. Ölkəsinə sevgisi olmayan bir adamın hazırladığı siyahı heç ölkədə də qəbul oluna bilməz. Avropa Institutları həmişə bizə tövsiyə edirlər ki, hüquq müdafiəçiləri heç bir siyasi təşkilatın təsiri altında olmasın və müstəqil olsun. Çünki belə olduqda onların hazırladıqları siyahı daha obyektiv olur. Amma Leyla Yunus bu gün Milli Şurada təmsil olunur, Milli Şuranın toplantılarını keçirməyə cəhd edir. Leyla Yunus radikal təşkilatlarla birlikdədir. Belə bir şəxsin hazırladığı siyahı təbii ki, birtərəfli və hakimiyyətin əleyhinə yönələn sənəd olacaq. Bu siyahı qərəzlidir, obyektiv və ədalətli olaÿbilməz”.

Ç.Qənizadə Avropanın tövsi əsinə çox ciddi əməl edir. Hər kəs onun “müstəqil” olduğuna adı kimi inanır. YAP-ın təsiri altında olması isə başadüşüləndir, bu qurum “siyasi təşkilat” deyil…

Fransada Qarabağla bağlı “möhtəşəm” danışıqlardan sonra xəbər yayıldı ki, Olland Ilham Əliyevlə Leyla Yunus barədə də danışıb. Azərbaycanın dövlət başçısısa bu məsələ ilə maraqlanacağını deyib. Görünür, Leyla xanımın həbsi xəbərini ilk dəfə Ollandan eşidib. Fransa prezidentinin işinin çoxluğunu bilirik, çox güman, o, həbsdə olan bütün siyasi məhbuslarla bağlı Ilham Əliyevə dolğun məlumat verə bilməyib. O səbəbdən dövlət başçısına xatırlatmağa ehtiyac duyuruq: Leyla Yunusun əri Arif Yunus da həbsdədir. Tanınmış vəkillər Intiqam Əliyev və Qurban Məmmədov da. Hüquq müdafiəçisi Rəsul Cəfərov, qəzet redaktoru Əvəz Zeynallı, Sərdar Əlibəyli, NIDA-çı gənclər, bir sözlə, 100-dən artıq siyasi məhbus var içəridə, cənab dövlət başçısı. Adbaad siyahını göndərə bilərik. Elə işçi qrupundakılara da…