Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Rus yazıçısı Pyotr Pavlenkonun nə vaxtsa belə bir fikirini oxumuşdum: “Həyat ötüb gedən günlər deyil, həyat yadda qalan günlərdir”.
Indi bu fikir niyə yadıma düşdü?
Azərbaycanda kimi dindirsən, həyatından şikayətlənəcək. Haqsız deyillər. Ağır günlər yaşayırıq. Hətta “yaşayırıq” sözünü xeyli adam “sürünürük” feli ilə əvəz edib. Qayğılar çoxdur. Ağrılar çoxdur. Üstəlik, hər kəsin hər bir situasiya üçün hazır bəhanələri var. Mitinqə çıxmayanın da, mitinqə çıxanın qollarını arxadan burub polis bölmələrinə aparanların da. Orada onu döyüb, söyüb təhqir edənin də.
Yalan danışanın da bəhanəsi var, yaltaqlananın da.
Işverənin də özünə görə bir “əsas”ı var, oğrunun, korrupsionerin də özünə görə bir “bəraət”i.
Vəziyyəti ən dözülməz edən də elə budur. Heç kim özünü haqsız hesab etmir – yalan danışan buna elə don geyindirir, bilmirsən, yazığın gəlsin ona, yoxsa acıqlanasan.
Yaltaq biri çıxıb öz yaltaqlığını elə əsaslandırmağa çalışır ki, qalırsan belə. Indi nə deyəsən buna – ağır bir sözmü deyəsən, yoxsa eləcə susub onu anlamağamı çalışasan?!
Bizdə Qətran Təbrizini “klassik ədəbiyyat nümayəndəsi” kimi tədris edirlər. Kimdir Qətran Təbrizi? Azərbaycanda mədhiyyəçiliyin “ustadlarından” biri. Hətta bəzi mənbələrdə təmtəraqla “Azərbaycan saray ədəbiyyatının ilk görkəmli nümayəndəsi” də adlandırılır. Daha durub günümüzün saray şairlərini, yazıçılarını, xanəndələrini niyə qınayırıq? Bütün yaradıcılığı hökmdarlara tost deyib mədh oxumaqdan ibarət olmuş biri “klassik” mərtəbəsinə qaldırılırsa, başqaları nə düşünməlidir, onlar niyə yaltaqlığı pis bir vərdiş kimi qəbul etməlidirlər?
Hə, indi belədir vəziyyət: hərənin öz uydurulmuş həqiqəti var, həm də hər situasiyaya uyğun. Amma əksəriyyət həm də eyni nöqtədə birləşir, hətta yaltaq da, yalançı da, oğru da qeyri-rəsmi atmosferdə, bir çay süfrəsi ətrafında, bir şərab məclisində yaşamağın çətinliyini etiraf edir. Məsələ yalnız maddiyyatda da deyil. Bəzən hətta maddi cəhətdən təmin olunmuş insanın dilindən də “həyatın çətinliyi” haqqında eşidirik. Yalançı da arxada həyatın çətinliyindən gileylənir, bir də görürsən yaltağın biri də durub loppadan soruşur: “Elə bilirsən asandır?!”
Bəs bu qədər çətin olan nədir? Bir anın içində, heç bir bilik və bacarıq sahibi olmadan fantastik sürətlə, görünməmiş həddə varlanmış insan başa düşür ki, indi olduğu yer onun əslində olmalı olduğu yer deyil.
Yalançı yalan danışdığının fərqindədir.
Yaltaq yaltaqlığını gözəl başa düşür.
Oğru da bir xəlvətə çəkiləndə özünə oğru deyir.
Və onların hər biri öz vicdanları ilə baş-başa qalanda həqiqətə, ədalətə qarşı davranışlarına, danışdıqlarına haqq qazandırmaq üçün bəhanələrin, “arqumentlərin” qəbuledilməzliyini anlayırlar.
Sadəcə, bircə təsəlliləri var: “Həyat ötüb gedən günlərdir”.
Günlər ötüb gedirsə, deməli, pislikləri, yamanlıqları da özü ilə aparıb itirə bilər.
Amma nə yaxşı ki, həyat sadəcə ötüb gedən günlər deyil. Nə yaxşı ki, həyat həm də yadda qalan günlərdir. Həyat həm də unudulmayan, nifrətlə, qınaqla xatırlanan yalanlardır, yamanlıqlar, pisliklərdir. Necə ki, yaxşılıqlar da, gözəlliklər də unudulmur, həyat faktına çevrilir və yadda qalır.
Ən ağrılısı, ən dəhşətlisi isə bilirsinizmi nədir?
“Həyatın çətinliyindən” danışa-danışa sənin yerli-dibli həyatının olmaması!
Beynini, qəlbini, ruhunu başqasına təslim edərək, onun diqtəsi ilə oturub-durub, onun direktivləri ilə düşünən birinin öz həyatı necə ola bilər axı?! “Başqası” kimi yaşamaq və düşünmək, eyni zamandla “öz həyatı” olmaq – lap komediyadır. Ya da tragikomediyadır – həm gülməli, həm ağlamalı.
Əsl insan üçün həyat heç vaxt indiki qədər asan olmayıb – çünki doğru danışmaq, həqiqəti müdafiə etmək, ədalət istəmək, azadlıq hayqırmaq üçün ən çətin zaman indidir.
Bu çətinlikləri aşan insanlara həyat asandır. Çünki vicdanları rahatdır. Qəlblərinə işıq hakimdir. Ruhları diridir.
Yaxşısı budur, qoy yalanla, yaltaqlıqla, oğruluqla yaşayanlar öz dərdlərini çəksinlər, öz hallarına ağlasınlar: doğrudan da, heç belə də həyat olar?!