Toy müxalifəti

Rusların çox ibrətamiz bir atalar sözü var – “lyubiş katatsya, lyubi i sanoçki vozit”. Yəni “sürüşmək istəyirsənsə, xizəyi də daşımalısan”. Bu adi bir həyat həqiqətidir. Yemək yedinsə, ağzını silməlisən, ayaqyolunda işini qurtarandan sonra suyu buraxmalısan, yıxılmısansa, ayağa durmağa çalışmalısan və s.

Hətta bu instinktlərin bir çoxu heyvanlara belə aiddir. Yəqin ki, onlardan bəhs edən bəlgəsəl filmləri seyr edərkən bunun dəfələrlə şahidi olmusunuz. Şikarını yedikdən sonra qana bulaşmış ağızlarını, pəncələrini özünəməxsus şəkildə təmizləyirlər, təbii ehtiyaclarını orijinal üsul və metodlarla qarşılayırlar. Bəziləri hətta heyvan olsalar da bir kənara çəkilirlər, yaxınlıqda kol-kos var isə, orada işlərini bitirirlər. 

Uzun sözün qısası Allah-təalanın yaratdığı, başda insan olmaqla əksər canlılarda instinkt formada olsa da, bir hərəkət, yaşam kodeksi mcvcuddur ki, onlara əməl edilir və şahidi oluruq.

Heyvanlardan fərqli olaraq, insanlarda bu kodeks daha mükəmməldir. Sənin hər bir hərəkətin cəmiyyətdə müzakirə oluna bilər, qiymət verilə bilər. Yəni heyvanlardan fərqli olaraq, sən məsuliyyət daşıyırsan, onlardan fərqli olaraq istənilən hərəkətin müzakirə oluna bilər. 

Örnək kimi, qardaş Türkiyədə işlədilən bir deyimi nəzərinizə çatdırmaq istəyirəm. Orada aşırı dərəcədə həyasızlıqla müşayiət olunan, heç bir məntiqə sığmayan hərəkətlərə “burası dağ başımı?” deyə reaksiya verirlər. 

Son bir neçə ildə Azərbaycanda baş verən hadisələrin ümumi mənzərəsi doğrudan da “burası dağ başımı?” ifadəsi ilə müşayiət olunur. 

Ən primitiv üsullarla həbslər, siyasi təqiblər, azadlıqların məhdudlaşdırması hətta… heyvanlar aləmindəki qeyri-bərabərsizliyi də kölgədə qoyur. Oradakı instiktlər toplusuna Azərbaycandan baxanda adamın doğrudan da bəzən paxıllığı tutur. Heyvanlar belə Allahın verdiyi nemətlərdən təbii şəkildə istifadə edir və xırda istisnalar xaricində başqasının şikarına göz dikmirlər. Hətta qüdrətli şir belə nüfuz dairəsindən kənarda baş verənlərdən narahat deyil və digər heyvanların doğal haqlarını özünəməxsus şəkildə tanıyır…

…Illərdir Azərbaycan müxalifətinə edilən təzyiqlər, ittihamlar, seçilən forma və metodları yalnız bu cür paralellərlə müqayisə etmək mümkündür. Və doğrudan da inanılmazdır ki, 20 ildən çoxdur ölkənin ən fədakar insanları bu şəraitdə rejimə qarşı mübarizədən bir an belə olsun taviz vermirlər. Ən ağır şərtlərə, təyziqlərə baxmayaraq, meydandadırlar və avtoritar rejimə meydan oxumaqda davam edirlər. 

Sizi bilmirəm, ancaq mənə elə gəlir ki, iqtidar artıq yorulub və siyasi müstəvidə uduzduqlarını yavaş-yavaş dərk etməyə başlayıb. Cib müxalifəti yaratdılar, faydası olmadı, psevdomüxalifət yaratdılar, fiaskoya uğradı. Hazırda daha fərqli bir şey yaratmaq istəyirlər, ancaq deyəsən, ad tapmaqda çətinlik çəkirlər…

Fikrimcə, bu eşalonu müvəqqəti olaraq “toy müxalifəti” adlandırmaq olar…

Özünü müxalifət adlandıran partiyanın funkisioneri oğluna toy edir, müxalifəti ən ağır dillə ələşdirən deputatları toya dəvət edir və toydan sonra müxalifət partiya mənsublarını ağır şəkildə təhqir edir, onları tərbiyəsiz adlandırır…

Işin ən maraqlı tərəfi ondadır ki, həmin toy şəkillərini, yəni özünü müxalifət hesab edənlərlə müxalifəti hər addımda təhqir edən rejim rəsmilərinin qol-boyun fotolarını sosial şəbəkələrdə yayan elə həmin toy sahibinin əqidə(!) dostlarıdır. 

Razılaşın ki, məşhur rus təmsilçisi Krılovun “Qurd və quzu”sundakı qurd daha ədalətlidir. Toy edirsən, müxalifəti düşmən sayan deputatlarla “Tərəkəmə” oynayırsan, rejimə amansız müxalifətdə olan partiya üzvlərini toydan sonra təhqir edir, onun toya dəvət olunmayan(!) liderini bu toya münasibət bildirməməkdə ittiham edirsən. Gülməlidir, deyilmi? 

Razılaşın ki, bu qələti nə cib müxalifəti edərdi, nə də  psevdomüxalifət. Bizim şərti olaraq “toy müxalifəti” adlandırdığımız nəsnə nə isə ayrı bir dalğadır, özü də analoqu olmayan bir şeydir. Nə istədikləri bəlli olsa da büruzə vermək istəmirlər. “Cib” və “psevdo”lardan fərqli olaraq, hədəf… yalnız müxalifətdir. 

Toydan həmən sonra açıq şəkildə bildirirlər ki, biz sürüşəcəyik, xizəyi isə siz daşımalısınız. 

Türklərin sözü olmasın, “burası dağ başımı, kardeşim?”.

Gerisini YAP düşünsün…