Qərbdən tərif tələb edənlər

Yaxud lotoreya bileti almadan udmaq istəyi

Ötən yazılarımızda da qeyd etmişdik ki, Azərbaycan hakimiyyəti öz müqəddəratını həll edən, demokratik dəyişikliyə nail olan xalqların uğuruna kölgə salmaq siyasəti yeridir. Bu mənada Ukraynada baş verənlər də hakimiyyətin narahatlığına səbəb olub. Belə ki, hakimiyyət sözçüləri Ukraynada keçirilən seçkilərə qərbin müsbət rəy verməsinə qısqanclıqla yanaşır və Azərbaycana qarşı da eyni münasibətin göstərilməsini istəyir.

YAP icra katibinin müavini Siyavuş Novruzov yenə də sevimli arqumenti olan “erməni lobbisi”ni əlində bayraq edib: “Bildiyiniz kimi, bir neçə gün öncə Ukraynada parlament seçkiləri keçirildi. Təbii ki, bu onların daxili işidir. Lakin seçkinin mürəkkəbi qurumamış ABŞ tərəfindən bəyanat verildi ki, guya orada azad, ədalətli və demokratik seçki keçirilib. Məhz buna görə də ABŞ bəyanatında deyib ki, onlar Krım məsələsini Ukraynanın xeyrinə həll etməyə çalışacaqlar. Lakin hazırda Ukraynadakı vəziyyəti çox yaxşı bilirik və buna görə də orada keçirilən seçkilərin nəticəsi də hər kəsə bəllidir. Dəfələrlə sübuta yetirmişik ki, Azərbaycanda hər zaman azad, ədalətli və demokratik seçkilər keçirilib. Hətta ölkəmizdə keçirilən seçkilərin nəticələri ilə bağlı beynəlxalq təşkilatlar öz müsbət rəylərini bildiriblər. Sadəcə erməni lobbisinə xidmət edən müxtəlif qüvvələr bunun üzərinə kölgə salmaqla Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesini ləngitməyə çalışırlar. Buna görə də Azərbaycanın Milli Məclisi adından ATƏT-in həmsədrlərinə müraciət etməliyik ki, onlar bu barədə nə düşünür?! Müraciət olunmalıdır ki, həmsədrlər bütün ölkələrə bərabər şəkildə baxmalıdır. Hər hansı bir ölkəyə başqa gözlə baxmaq olmaz. Çünki bu, ikili standartın bariz nümunəsidir”- deyə Siyavuş Novruzov bildirib.ÿ

Bəli, Azərbaycan hakimiyyəti istəyir ki, bütün qanunsuzluqlara imza atsın, repressiyanı gücləndirsin, əvəzində isə dünya bunlara “afərin” desin.

Siyavuş Novruzov yaxşı bilir ki, Qərb ölkələri Ukrayna xalqının qara qaşına aşiq olduğu üçün deyil, Ukraynanı demokratiya seçimi etdiyi üçün dəstəkləyir. Siyavuş Novruzov həm də etiraf etmiş olur ki, demokratiya seçiminə görə  Krımın Ukraynaya qaytarılması vədi verilib.

Deməli, bugünə qədər Qarabağın işğaldan azad edilməsi, hakimiyyət üçün önəmli olmayıb. Əks təqdirdə, Qərbə inteqrasiya prioritet olardı.

Çox qəribədir, bütün komanda ilə Qarabağın işğalına “yaşıl işıq” yandıran Rusiyanın çətiri altına girib, eyni zamanda Qərbdən Qarabağla bağlı qətiyyətli mövqe tələb edirlər. Yəqin bu, balans siyasətinin paradokslar mərhələsinə keçiddir.

Bir sözlə, hakimiyyət Ukraynaya qarşı münasibəti, özünə qarşı da istəyir. Məhşur lətifədə olduğu kimi, lotoreyada maşın udmaq üçün Allaha yalvarırlar, amma bir dənə lotoreya bileti almaq istəmirlər.

Anlamırlar ki, Ukraynadakı seçkilərdə topa bülletenlər, karusel əməliyyatları, ölmüş adamların adına səs vermək və digər belə faktlar aşkarlanmayıb. Azərbaycanda keçirilən seçkilər isə, 58 faiz pis və ya çox pis kimi qiymətləndirildi.

Cənab Novruzov, qara çadıra bürünüb, “bizim çadırımız ağdır” demək qədər, absurd nə ola bilər?

Siyavuş Novruzovun fikirlərindən də görünür ki, deputat Ukraynada keçirilən seçkilərin şəffaflığına kölgə salmaq istəyir. Nəzərə almır ki, bu seçkilərdə prezidentin partiyası 2-ci yeri tutdu. Yəni ikili standartlar, qərəz, saxtakarlıq, Ukrayna xalqının uğuruna kölgə salmaq, həqiqəti təhrif etməkdir.

Müxtəsər, dünyadan xoş söz eşitmək istəyirsinizsə, öz naxoş siyasətinizdən əl çəkin.

Akif