Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Dünən Milli Məclisdə Şeyxülislam Allahşükür Paşazadənin deputat qudası Qalib Salahzadə ölkədə seçkilərin əslində bir şou, tamaşa olduğunu etiraf edən fikirlər səsləndirib. Sitat: “Onsuz da bilirik ki, kimlər bələdiyyəyə seçiləcək. Burda təəccüblü bir şey yoxdur. Bütün deputatlar da bilir ki, kim bələdiyyə sədri olacaq”.
Məsələ burasındadır ki, dekabrda ölkədə bələdiyyə seçkiləri, daha dəqiq desək, bələdiyyələrə təyinat olmalıdır. Amma bu gözlənilən tamaşaya qarşı hər kəs biganədir. Ölkədə bələdiyyələrin Nadir Qafarzadə qədər hörməti yoxdur. Onların varlığı ilə yoxluğu bilinmir. Normal, gəlişmiş ölkədə yerli idarəetmə orqanı kimi böyük nüfuz və çəkisi olan bələdiyyələr bizdə harda və necə gəldi torpaq satmaqdan başqa bir işlə məşğul olmayıblar. Artıq satmağa torpaq qalmadığı üçün bələdiyyələr tamamilə urvatdan düşüb, camaat 2022-ci ildə Qətərdə dünya çempionatının keçiriləcəyindən daha çox xəbərdardır, nəinki bu ilin sonunda bizdə bələdiyyə seçkisi olacağından.
Digər tərəfdən, Qalib Salahzadənin dediyi kimi, onsuz da bələdiyyələrə seçki tamaşası qurub kimləri təyin ediləcəyini hər kəs bilir. Nəticəsi bəlli oyun, sonluğu aydın film kimə maraqlı ola bilər?!
Mənə ən maraqlı görünən Qalib Salahzadənin məlum etirafları məhz Milli Məclisin iclası zamanı dilə gətirməsi oldu. Axı elə həmin Milli Məclisə kimlərin seçiləcəyini də hamı əvvəlcədən bilir. “Gülərgeyt” işini hələ unutmamışıq. 2015-ci ildə yeni deputatlıq seçkisi (əslində isə təyinatı!) gəlir. Şeyxin qudası istəsin, mən ona gələn il kimlərin cibinə deputat mandatı qoyulacağını bəri başdan deyim. Salahzadənin öz təbirincə desək, “burda təəccüblü bir şey yoxdur”. Azərbaycanda yaşayırıq, Marsdan-zaddan gəlməmişik, çörəyi də qulağımıza yemirik, yaptokratların hökmran olduğu 21 il bizə seçki-meçki işləri ilə bağlı yetərincə təcrübə qazandırıb, ona görə də burada hər hansı seçki şousunun sonunu bilməmək, təxmin etməmək təəccüblü olardı.
Qalib Salahzadənin çıxışının sonluğu isə dilə gətirdiyi etiraflardan heç də maraqsız deyildi. “Bir az cürətli danışdım, amma düz danışdım” – bu sözlərdə günümüz Azərbaycanının acı reallığı yatır. Bəli, deputat bununla göstərmiş olur ki, ölkədə düz danışmaq üçün cürət lazımdır. Halbuki normalda düz danışmaq bir insanın missiyasıdır, borcudur. Axı niyə düz danışmaq üçün kimdənsə mütləq cürət, cəsarət tələb edilməlidir? Düz danışmaq niyə qorxulu, yaxud da qeyri-adi, görünməmiş hadisəyə çevrilməlidir?
Bir daha sübut olunur ki, Azərbaycanda azad, demokratik, ədalətli cəmiyyət qurulduğuna dair yaptokratların dedikləri sadəcə, mifdir, çünki azadlığın, demokratiyanın, hüququn, ədalətin olduğu yerdə kimsə (hələ üstəlik o cibində deputat mandatı daşıyırsa!) düz danışmaq üçün cəsarətə ehtiyac hiss eləmir. Düz danışmağın ona hansısa təhlükələr yaradacağının fərqinə varmır, bunu ağlından da keçmir.
Yalnız xof mühitinin hökm sürdüyü, qorxu imperatorluğunun yaradıldığı, yalanın normaya çevrildiyi, qanunların aliliyindən, hüququn üstünlüyündən danışmağın mümkünsüzləşdiyi, biət kültürünün yaşam şərtinə dönüşdüyü, hər kəsdən qeyri-şərtsiz itaətkarlıq istənildiyi, əks halda onu dürlü-dürlü təhlükələrin gözlədiyi, həqiqəti söyləyən dillərin qıfıllandığı, həqiqəti yazan əllərin qandallandığı bir ölkədə düz danışmaq üçün insandan cəsarət, cürətkarlıq tələb edilə bilər.
Əlavə söz lazımdırmı?!