yap-bina-emblem

YAP-ın məğlubiyyət təşvişi

İstintaqsız hökm oxuyanlar, dünyanı nədə ittiham edirlər?

Mövcud hakimiyyətin bütün dövrlərində həbsxanalardan siyasi məhbuslar əksik olmayıb. Ancaq, uzun illər hakimiyyət bunu inkar edib və müxtəlif manevrlərlə dünyanın təzyiqindən yayınıblar. Son dövrlər isə, repressiyaların güclənməsi əks effekt verdi və hakimiyyət bunun əksini sübut etməyi bacarmadı. Çünki, bu dəfə həbs edilənlər tanınmış simalar və siyasi məhbusların müdafiəçiləri oldu. 

Təbii ki, Leyla Yunusun, Intiqam Əliyevin, Anar Məmmədlinin və digərlərinin həbs olunmasının bu qədər beynəlxalq təpki yaradacağını düşünmürdülər. Hesab edirdilər ki, həmişəki kimi çıxış yolu tapacaqlar. 

Indiki reallıq isə onu göstərir ki, həbsdə olan hüquq müdafiəçilərinə nəinki azadlıq tələb olunur, hətta onlara nüfuzlu beynəlxalq mükafatlar verilir. Bir müddət əvvəl Anar Məmmədli nüfuzlu Vatslav Havel mükafatına layiq görüldü. Leyla Yunus isə əvvəlcə BMT-nin Insan Hüquqları üzrə Ali Komissarı olmuş Sergio Vieira de Mello adına mükafata layiq görüldü. Ötən günlərdə isə Beynəlxalq qadın hüquq-müdafiəçiləri koalisiyası Leyla Yunusun 2015-ci il üçün Nobel mükafatına namizədliyini irəli sürüb.

Bütün bunlar əslində hakimiyyətin “təbliğat”ının məğlubiyyətidir. Bu adamlar dəmir barmaqlıqlar arasında belə hakimiyyətin şər kampaniyasına qalib gəlirlər.

Məhz bu pərtliyin və təşvişin nəticəsidir ki, hökumət mətbuatı, telekanallar bu adamları gözdən salmağa, onlar haqqında yalan məlumatlar yaymağa davam edirlər.

Leyla Yunusun “Nobel” mükafatına layiq görülməsi isə, hökuməti daha da qıcıqlandırıb. Maraqlı məqam bundan ibarətdir ki, hökumət təmsilçiləri Leyla Yunusa qarşı “arqument”lər səsləndirəndə, özlərini dərhal ifşa edirlər.

Bu dəfə də “ənənə”yə sadiq qalıblar və YAP icra katibinin müavini Siyavuş Novruzovun dili ilə özlərini təkzib ediblər:  “Bunlar Leyla Yunusun Nobel mükafatına namizədliyini irəli sürməklə istəyirlər ki, hər tərəfdən istintaqın gedişinə təzyiq göstərsinlər. Müxtəlif qurumlar, təşkilatlar vasitəsilə bu cür məsələləri qaldırırlar və bir daha dünyaya sübut olunur ki, bu cür təşkilatlar eyni mərkəzdən idarə olunur, erməni lobbisinin təhriki ilə həmin mərkəzlər obyektiv deyil, qeyri-qanuni, düzgün olmayan məsələlərə görə dünyanın aparıcı dövlətlərinin nüfuzuna xələl gətirirlər. Azərbaycanın hərbi sirlərini ermənilərə ötürmək istəyən şəxsə belə bir mükafatın verilməsi nəzərdə tutulursa bu, özü böyük cinayətdir” – deyə Siyavuş Novruzov bildirib.

Əvvəla, qeyd edək ki, istintaqın gedişinə ən böyük zərbəni hakimiyyət vurur. Belə ki, həbs olunmuş şəxsin istintaqı başa çatmamış, hökumət mətbuatı, televiziya kanalları, hakimiyyət sözçüləri bu adamlara “cinayətkar”, “vətən xaini”, “ermənipərəst” damağası vurmağa başlayıblar. Azərbyacan kimi qanunların tapdaq olduğu ölkələrdə, hakimiyyətin belə mövqeyi istintaqın da, hökm çıxaracaq hakimin də “seçim”ini dəqiqləşdirir. Leyla Yunus həbs olunmamışdan öncə də, “cinayətkar” adlandırılırdı. Təkcə bu faktlar dünya ictimaiyyətinin ciddi mövqe ifadə etməsinə  bəs edir.  

Onu da qeyd edək ki, bir müddət öncə PA rəhbəri hüquq mühafizə orqanlarının mətbuat xidmətlərinə müraciət göndərmişdi və istintaq müddəti başa çatmamış şəxslər haqqında “cinayətkar” ifadəsinin işlədilməməsini tələb etmişdi.  

Bu gün Leyla Yunusa qarşı Siyavuş Novruzov kimilərin münasibəti onu göstərir ki, hakimiyyət daxilində də normal idarəetmə yoxdur və hüquqa münasibət şəxslərə görə dəyişir.

Bir sözlə, dünyanın Leyla Yunus və digər məhbuslara azadlıq tələb etməsi, həm də hakimiyyətin istintaqın gedişinə əngəl törətməsinə görədir.

Siyavuş Novruzova da məsləhət görərdik ki, “erməni lobbisi” ifadəsinə fasilə verib, başqa “arqument”lər axtarmağa başlasın. YAP-çı deputat az qalır ki, yağışın yağmasını da, yolların bərbad vəziyyətə düşməsini də “erməni lobbisi” ilə əlaqələndirsin. 

Cənab deputat, Ermənistanın əhalisi maksimum 2 milyondur. Siz isə, onların sayını 6 milyarda çatdırmısınız. Leyla Yunusa görə, bütün dünyanı “erməniləşdirmə”yə  ehtiyac yoxdur.  

Biz nə edək ki, dünya bu hakimiyyəti “sanksiya”lara, Leyla Yunusu “Nobel”ə layiq görür?

Hamı layiq olduğu qiyməti alır.

Akif