Heydər Əliyevin mənə borcu qaldı

İndi həmin borcu Ilham Əliyevdən istəyirəm

Behruz Bayat, Britaniya, London

Bəhruz Bayat 90-cı illərdə Britaniyada Azərbaycan diasporuna rəhbərlik edənlərdəndir. Heydər Əliyevlə yaxın dostluq münasibətləri olub.

***

Hörmətli cənab Ilham Əliyev. Güman edirəm, siz məni çox yaxşı tanıyırsınız. Əlbəttə, sizinlə işgüzar görüşlərim-təmaslarım olmayıb, amma mərhum atanızla olub. Ilk dəfə, atanız hələ Naxçıvanda olanda, Moskvada arzuolunmaz şəxs elan edilərək Vətənə döndükdə onun görüşünə getmişdim.

Sonrakı görüşümüz Londonda oldu. Heydər Əliyev Azərbaycan prezidenti kimi ilk dəfə Britaniyanın paytaxtı Londona gələndə, hətta kraliçanın rəsmən qarşılamağa vəkil edilmiş heyətindən əvvəl onu hava limanında mən qarşıladım. 1994-cü ilin fevral ayı idi. Bu səfərdə prezident Heydər Əliyevin proqramının dolğun və effektiv olması üçün Azərbaycan diasporu olaraq əlimizdən gələni etdik. Hətta proqramda nəzərdə tutulmasa belə ən qısa müddətdə Britaniyada yaşayan azərbaycanlıların böyük bir kontingenti ilə onun görüşünü təşkil etdim. Londondakı Hilton otelində təşkil edilən bu görüşə 700 nəfərə qədər azərbaycanlı qatılmışdı və siz özünüz də o tədbirdə iştirak edirdiniz. Yeri gəlmişkən, həmin səfərdə mənim mərhum atanızla görüşlərimin biri zamanı – Claridge oteldəki görüşdən əvvəl məni elə siz qarşılamışdınız. Sizin komandanızın daimi adamlarından biri olan Tofiq Abbasov da sizin yanınızda idi.

Bizim çox yaxın münasibələrimiz yaranmışdı. Mərhum Heydər Əliyev bütün görüşlərimizdə mənə təkidlə bildirirdi ki, hökmən Azərbaycana gəlim, orada hansısa sahədə işlərin qurulmasında və aparılmasında xidmətimi göstərim. Mən bütün bu təkidli təkliflərdən sonra ona “cənab prezident, mən sizin sağlığınızı arzulayıram və bundan artıq bir istəyim yoxdur” deyərdim. Buna baxmayaraq əslən azərbaycanlı olan böyük iş adamlarının bir qrupunun Azərbaycana gedərək orada müxtəlif sahələrdə işlər görməsini təşviq etdim. Onlardan bir çoxu Azərbaycanda ciddi işlərin əsasını qoydular, bir qismi hələ də orada işləməkdə davam edirlər.

Amma açığı, mənim Azərbaycana baxışım o ölkəyə sərbəst gedib-gələ biləcəyim bir ortam, inkişaf edən və sabitliyindən başqa həm də qanunların nizamı ilə dünyaya örnək olacaq bir Vətən üçün qürur duyğuları ola bilərdi və bundan artıq bir gözləntim, maddi istəyim yox idi, indi də yoxdur.

Mən bir Güney Azərbaycanlı olaraq Qüzey Azərbaycana doğma vətənimin istiqlala qovuşmuş bir parçası olaraq baxırdım, baxıram və mənim üçün müqəddəs olan o torpağa biznes imkanı kimi baxmaq ağlımdan da keçə bilməzdi.

Bu hisslərə və görünür, həm də mərhum Heydər Əliyevin tapşırıq və xahişləri üzrə Azərbaycan naminə gördüyüm başqa işlərin müqabilində, o, həmişə mənə “Azərbaycana gəl, sənə istədiyin imkanı yaratmaq kimi bir borcumuz var” deyərdi. Amma hətta dəfələrlə Azərbaycana gedib-gəldiyimdə də onu prezident olaraq məşğul olduğu gərgin fəaliyyətdən ayırmaq və vaxtını məşğul etmək istəmədim. Bütün bunları prezidentə ən yaxın məsafələrdə olan Vaqif Axundov da, eləcə də prezidentin ən yaxın çevrəsinə daxil olan başqa şəxslər də yaxşı bilir. Umarım, sizin də məlumatınız var.

O zaman Heydər Əliyevin mənə dəfələrlə və təkidlə qaytarmaq istədiyi borcu geri almadım. Amma indi həmin borcu sizdən, onun oğlundan ki, həmin ölkənin prezidentisiz,- almaq istəyirəm.

Amma sizdən istəyəcəyim borc yenə də mənə maddi təminatlar və gəlirlər qazandıracaq bir şey deyil. Sizdən qaytarmağınızı istəyəcəyim borc yenə də Azərbaycan naminə mənəvi duyğularla bağlıdır.

Indi Azərbaycandakı siyasi nizam haqqında müxtəlif söhbətlər danışılır, müxtəlif dəyərləndirmələr edilir. Mən bu söhbətlərə qatılmaq istəmirəm.

Cənab prezident!

Azərbaycanda tarixi və milli dəyərlərin olduqca gözəl ənənələri vardır. Bu dəyərlərin səbəbidir ki, Azərbaycan bütün Şərqdə, Islam dünyasında ilk demokratik cümhuriyyət quraraq dünyada ad qazana bilmişdir. Amma bu dəyərlər yalnız hansısa siyasi nizamı zəruri etmir.

Ola bilər, ayrı-ayrı səbəblərdən və mülahizələrdən ölkənin gələcəyinə fərqli baxışlar yaransın. Bu baxışların fərqi ölkədə siyasi mübarizənin əsasını qoyur. Sizinlə siyasi mübarizə aparan insanlarla hansı şəkildə rəftar edəcəyiniz də mənim dəyərləndirəcəyim məsələ deyildir. Bu rəftarın nəticəsini dünyada və ölkənin daxilində dəyərləndirəcək çox insanlar və təşkilatlar vardır.

Amma bu dəyərlərin hamısının naminə həbs etdiyiniz bir nəfərin taleyi məni narahat edir. Siyasi baxışları naminə bir qadını həbs etmək Azərbaycana yaraşmaz. Əgər bu qadın ölkəsinin gələcəyi uğrunda debatlara, polemikalara qoşulursa, o, ölkədəki bir çox kişilərdən daha məsuliyyətli və daha faydalıdır, anlamına gəlir. Buna görə də, hal-hazırda həbsdə olan Leyla Yunus xanımı əsl kişi adlandırıram. Və güman edə bilmirəm ki, onun həbsini siz istəyibsiniz. Güman edə bilirəm ki, onun həbsini istəyən insanlar Leyla xanımın kişiliyi qarşısında özünü bir az aşağıda hesab edən adamlardır və siz prezident olaraq o adamların səhvlərini düzəldə bilərsiniz.

Mən bir azərbaycanlı olaraq bu məsələni belə dəyərləndirirəm. Amma bir az əvvəl qeyd etdiyim kimi, mərhum atanızın mənə qaytarmaq istədiyi, amma mənim də israrla “hələ zamanı deyil” deyə təxirə saldığım borcun da qaytarılmaq məqamı gəlib çatmışdır.

Bu borc o kişinin- Leyla Yunusun azadlığıdır. Onun azadlığa buraxılması üçün sərəncam vermənizi istəyirəm.

Əminəm ki, atanızın sizə etdiyi vəsiyyətləri yerinə yetirmək kimi bir öhdəliyinizlə yanaşı, həm də onun borclarını qaytarmaq kimi bir öhdəliyiniz var. Sizdən bundan başqa heç nə istəmirəm və heç vaxt da istəməyəcəyəm. Şübhə etmirəm ki, mərhum atanız sağ olsa, mənim bu istəyimi tərəddüdsüz olaraq yerinə yetirərdi.