İnsandakı yanğın

(Azərbaycan həbsxanalarındakı vicdanlı insanlara həsr olunur)

Bu adı yazıya hər hansı bənzətmə üçün seçmədim, heç bir poetikadan, söz oyunundan da söhbət getmir. Insanın daxilindəki yanğını deyərkən onun qəlbindəki coşqunu, tükənməz gücü, sevgi və fədakarlıq yanğısını nəzərdə tutmuram. Ocağın yanmasını yada salın. Gerçək və fiziki olaraq yanmanı. Odunun, şamın, qazın yanmasını tez-tez görürsünüz, məhz həmin yanmadan söhbət gedir.

Əslində, hər birimiz orta təhsil alarkən bu yanmadan xəbər tuturuq. Amma nədənsə bizim yanaraq yaşamağımız tezcə unudulur. Bu, elə də sirli, mürəkkəb bir proses deyil. Günün və ömrün hər hanı bu yanğınla davam edir.

Bu, bizim tənəffüsdür! Tənəffüs əslində yanma hadisəsidir!

Hələlik yada salın ki, istənilən yanma hadisəsi oksigenin udulması, karbon qazı da daxil olmaqla bəzi yanma məhsullarının ayrılması ilə nəticələnir. Tənəffüs də elə budur.

Havanı ciyərlərimizə – daxilimizə almaqla biz oradakı ocağı davam etdiririk. Havadan oksigeni uduruq. Qanla təmasa girən oksigen orada karbonla birləşir. Karbon sərbəst deyil burada, amma hər an prosesə qatılması mümkün olan bir tərkibdə gözləmiş olur. Beləliklə də, insan oksigeni udur, karbon qazını öz nəfəsi ilə xaric edir. Natural olaraq gördüyünüz bütün yanma proseslərində olduğu kimi. Elmi baxımdan da insanın tənəffüsü yanma prosesi kimi qəbul edilir. Sönməyən yanğın kimi. 

Bu yanmanın, yəni insanın daxilindəki ocağın istiliyinin hara sərf edildiyi bəllidir. Insan bu enerji ilə yaşayır…

Bəs bu ocağın işığı hanı? Biz niyə görmürük bu işığı? Hələ uşaq ikən bu sual qəlbimə dolmuşdu. Yanmanın ilk kimyəvi reaksiyalarını öyrəndikdən, yəni məktəb yaşlarımdan hey düşünürdüm: bəs içimizdəki ocağın işığı hara gedir? 

Sovetlərin baş yazıçısı olduğu üçün o zamanlar Maksim Qorki ilə tanışlıq adi hal idi. Amma “Ana” romanından çox onun hekayələrini sevirdim, xüsusən də “Dankonun ürəyini” (“Izergil qarı”nın bir hisəssi). Danko barədə əfsanə həm qəlbimi yerində oynatmışdı, həm də onun üzərində əsl elm dərsi qurmuşdum. Axı mən daxilimizdə daim yanan ocağın işığını axtarırdım. Bəs Dankonun nur saçan ürəyi niyə işığını oradan almasın?!

O zaman mürəkkəb yanma prosesləri ilə tanış deyildim, yanmanın müasir nəzəriyyələrindən ümumi şəkildə olsa belə, xəbərsiz idim. Amma bir dəfə orta məktəbdə mənə dərs deyən Allahverdi müəllim barədə deyilən bir söz üzərində düşünməyə başladım. Onun barəsində yanımda belə söyləmişdilər: “Işıqlı adamdır…”

Daxilimizdəki yanmanın üzərində suallarım dayandı o gündən. Deməli, insan daxilindəki ocağın işığını göstərmək üçün özü çıraq (fənər, lapma) olmalıdır. Danko da özü ürəyini yandıra bilmişdi. Bizim klassik maarifçilər o cür işıq saçdılar. Mirzə Fətəlinin fotosunu görəndə mənə elə gəlir ki, gündüzlər də ondan işıq saçır. Bir sözlə, insan özü cəhd etməlidir, insan özü çalışmalıdır, insan özü işığını göstərə bilməlidir.

Uzun illər idi mənim bu elmi-mənəvi doktrinam özümün də yadımdan çıxmışdı. Bir neçə gün öncə isə şərlənərək məhbəsə salınan çox dəyərli hüquq və ədalət adamı Intiqam Əliyevdən kiçik bir məktub aldım. Intiqam müəllimi çoxdan tanıyıram. Məhbəsdən öncə də ona çox sayğım olub. Bilirəm ki, o da mənə sayğı duyub. Amma məktubu oxuyanda başa düşdüm ki, bu adamı yaxşı tanımamışam. Bu adam özü türmədə ola-ola azadlıqdakılara mənəvi təskinlik verir, bizimlə maraqlanır, qayğılanır. Birdən düşündüm ki, onun barəsində “çox işıqlı adamdır” kəlməsini tez-tez deyilməsi əbəs deyilmiş. 

Daxilindəki ocağın işığını əməli, ürəyi ilə ətrafa saçan adamlar həmişə görünür. Intiqam müəllim kimi. Məncə, onu həbs edənlər də hazırda Intiqam müəllimə bu qədər sevginin, sayğının olmasından təəccübləniblər. Qaranlığın adamları da onun işığını hiss ediblər.

Hərdən mənə elə gəlir ki, artıq qaranlığın adamları təşvişə düşürlər bu qədər işıqlı adamın indi həbsxanada olmasından. Təşvişə də düşməlidirlər. Söhbət gerçək oddan, gerçək ocaqdan gedir.