Dəyişən yolu üzüyola getmək…

Hər həftəsonu yaşadığımız binayla üzbəüz əsas magistral yolu bağlayıb yarmarka keçirirlər. Həzi Aslanov metrosundan Ukrayna dairəsinə və əksinə gedən bu ana yol bağlandığına görə maşınlı insanlar olmazın zülüm çəkir. Metro da bu marşrut üzrə işləyən bütün avtobusların son dayanacağı olduğundan, hansı dolanbac yolları aşıb ünvana çatırlar, Allah bilir. Yol cümə günü axşamçağından etibarən qapanır və bu halda “fövqəladə vəziyyətin” düz 3 gün sürdüyünü söyləmək olar. Həmin günlər ərzində məlum istiqamətə gələn maşınların çoxu binaların həyətindən keçməli olur. Avqust ayında buranın halını qanlı görsə, qan ağlardı. Toz dumanına plastik pəncərə belə əngəl ola bilmir. Otaqlar toz-torpaq içində. Indi mövsüm dəyişib, tozu palçıq əvəz edir. Amma insanlar duruma daha əvvəlki kimi aqressiv reaksiya vermir. Ya bazarın evin içinə gəlməsindən məmnun qalıblar, ya da hər zaman olduğu kimi taleləri ilə barışıb susublar artıq.

Əslində bu bazarı Ramazan bayramı yarmarkası adıyla sadəcə iki günlüyə açmışdılar. Deyəsən, o iki gündən kiminsə dişində elə şirə qaldı ki, bazarı həftəliyə çevirdilər. Bu söhbət ilk çıxanda əhali od püskürməyə başladı, qəzetlər, televiziyalar qarışdı məsələyə. Ölkə prezidentinə xüsusi məktub göndərdilər. Eh, kim kimin kitabını oxuyur ki, bu məmləkətdə? Alver öz axarında davam etdi, hətta həmin magistral yolun üstünü dəmir örtüklərlə bağlayıb bazar görkəminə saldılar. Bir az sonra ticarətçilərin sıxlığını nəzərə alıb, sıranı Ukrayna dairəsindən metroya qədər uzatdılar. Indi kimsənin kimsəylə dərdi yox. Satan da, alan da məmnun görünür. Deyəsən ara-sıra narazılığını çarəsiz şəkildə mızıldanan elə təkcə mənəm. Yaxınlarda bir tanışımla söhbətdə deyirəm ki, “dünyanın harasında magistral yolu bazar üçün üç gün bağlayıb insanlara işgəncə verərlər, gör bu ölkəni kimlər idarə edir?”. Cavabı nə olsa yaxşıdır: “Camaat ucuz bazar görüb, heç nə vecinə deyil, xalqın dərdi sənə qalıb?” “Qaldı-qalmadı, bunlar yolu dəyişib, mənə də əziyyət verirlər”- deyirəm. Sakit-sakit “nə var ki, sən də yolunu dəyiş, qurtarsın getsin” cavabını verir. Daha söhbəti uzatmağın mənasız olduğunu görüb susuram, təbii.

Amma həmsöhbətimə demək istəyirdim ki, onsuz da onlar ana yolu çoxdan dəyişiblər. Bu xalqın dişi-dırnağı, qanı-canı bahasına qazandığı istiqamətdən çoxdan çıxıblar. Elə çıxıblar ki, indi açdıqları bazarın çirkabı evimizdə üst-başımıza tökülür və biz bir şey edə bilmirik. Onlar hər gün şişən və doyumsuz ciblərinin kefinə görə istədikləri yerdə yollarımıza şlaqbaum asırlar, əngəl törədirlər. Biz isə həftəlik edəcəyimiz beş-on manatlıq ucuz bazarlıq müqabilində bu eybəcərliklərə susmağa razılaşırıq. Razılaşmaq o yana, hələ başqalarına da “yolunu dəyişib” özümüz kimi üzüyola olmağı tövsiyə edirik.

Şübhəsiz, mən hər həftə o yarmarkada çörəkpulu qazanan yüzlərlə kənd adamını, beş addımlıqda ucuz bazarlıq imkanı əldə etmiş yüzlərlə kasıb ailənin durumunu gözardı edəcək qədər mərhəmətsiz deyiləm. Heç pulumun dəlisi də deyiləm ki, yaxınlıqdakı ucuz bazarı qoyub, bahalı marketlərə gedəm. Etirazım, sadəcə, bizim əzabımız, “ucuz bazarlığımız” bahasına zənginləşən, şişən və harınlayan məqam sahiblərinin özbaşınalığınadır. Bilirsiniz, hələ bu yarmarka bizim gündəlik yolumuzun üstünə çıxarılan kiçik əngəllərdən biridir. Illərdir bu ölkədə sürdüyümüz həyatın yollarına qaratikan topası kimi qalaqlanan və ömrümüzü zəhər edən əngəlləri heç danışmaqla bitməz…