
Ruslan Nəsirli
Böyük fransız yazıçı, dramaturq, şair, publisist, utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri Viktor-Mari Hüqo demişdir: “Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı mümkünsüzlük, qorxaq insan üçün naməlumluq, düşüncəli insan üçün idealdır”.
Dostlar, yazıya bu sözlərlə başlamağım əbəs yerə deyil. Çünki bizim gələcəyimiz təhlükə altındadır. Ona görə ki, 21 illik rejim cəmiyyətimizi zəif və qorxaq edib. Mümkünsüzlük və naməlumluq vəhdətində olan gələcək çox qaranlıq görsənir. Qaranlıq görsənən gələcək isə millətin məhvi deməkdir.
Deyə bilərsiniz ki, gələcəyi necə görmək olar, axı, bu hikmət insanlara məxsus deyil. Cavab verirəm ki, nəzərə alın, narkotikə qurşanmış bir insanın taleyi hamıya məlumdur. Bəli, zəif və qorxaq cəmiyyətin də taleyi, bax belecə, hamıya məlumdur. Bəs öz gələcəyimizi qurtarmaq üçün nə etməliyik?
Bu cəmiyyətin düşüncəli insanları əllbəttə, ideal gələcək uğurunda mübarizə aparırlar. Doğrudur, Azərbaycan hakimiyyəti cəmiyyətin düşüncəli və mübarizə aparan nümayəndələrini dayanmadan türmələrə doldurur. Lakin hesab edirəm ki, həbsdə olan o insanlar elə biz gənclərin timsalında bütün Azərbaycan xalqına bir mübarizə simvolu, örnək olmalıdır. Bu işdə isə gəncliyin boynuna böyük bir yük düşür.
Gənclər həm özlərinin əzmkarlığını, həm də həbsdə olan “cinayətkarların” mübarizliyini, sınmazlığını xalqa çatdırmalıdır. Məhz bundan sonra zəif insanlarda iradə, qorxaq insanlarda isə cəsarət yarana bilər. Bunları həyata keçirmək üçün hal-hazırkı gənc nəslin çox az vaxtı var. Əminəm ki, bu az vaxt ərzində biz öz enerjimizdən istifadə edib, təşkilatımızı maksimum gücləndirərək, daha çox insanı məlumatlandıraraq tarix yaza bilərik.
Gəncər, gəlin biz də əvvəlki nəslin bizim üçün qoyduğu bu problemləri öz balalarımıza saxlamayaq. Bir olaq! Bir olaq ki, uşaqlarımız sabah bizi suçlamasin. Əgər bunu bacarsaq, gələcək nəsillərə yeni bir məmləkət bəxş etmiş olacağıq.


