Sayənizdə, cənab Mehdiyev!

İki əsr öncə bu millətin nadanlığını və cahilliyini tənqid etmiş Sabir, Mirzə Cəlilə ehtiyac varmış sən demə. Çünki millət getdikcə daha da cahilləşib geri gedirmiş…

Ramiz Mehdiyev belə hesab edir. Və bu hesabın, daha doğrusu ziddiyyətin qarşısında aciz qalırsan. Necə olur, bir tərəfdən Azərbaycanın inkişafından danışan, elminin, mədəniyyətinin təbliği ilə məşğul olduğunu az qala hər gün insanların gözünə soxmağa çalışan hakimiyyətin ən səlahiyyətli şəxslərindən biri birdən-birə qalxıb deyir ki, biz sanki 70 il geri getmişik. Sonra da daha irəli gedib Sabirin, Mirzə Cəlilin yoxluğundan şikayətlənir.

Nə oldu bəs o analoqsuz inkişafa? Niyə bu analoqsuz inkişaf yoluna qədəm qoymuş ölkədə bir gün “saqqal islahatları”na qalxsanız kimsə təəccüblənməz?! Niyə inkişafı ilə fəxr etdiyiniz, hətta “bir az yavaşlamaq” haqqında götür-qoy etdiyiniz bir ölkədə birdən-birə Sabirə, Mirzə Cəlilə ehtiiyac duydunuz? Məgər bu ölkə elə XIX əsrdə qalıb? Bəlkə onu iki əsr geri saldığınızı indi anladınız ki, “Molla Nəsrəddin”ə bu qədər ehtiyac olduğunu hiss etdiniz?

Vallah, biz demədik. Biz heç indi Sabirin, Mirzə Cəlilin aktual olmasını da istəməzdik. Arzumuz o idi ki, adını çəkdiyiniz dahilər çoxdan ədəbiyyat tarixində yerlərini alsınlar. Onların da ruhu hüzura qovuşsun, biz də dərindən bir nəfəs alıb rahatlayaq.

Amma demək ki, hesablar üst-üstə düşmür. İndiyə qədər də ölkənin inkişafından siz danışmısınız. Onun inkişaf-filan etmədiyini deyənləri ermənilərlə işbirliyində ittiham edib qaralayan da elə sizsiniz. İndi nə baş verir, rollarmı dəyişdi, millətin nadanlaşmasından niyə danışıb erməni dəyirmanına su tökürsünüz? Birdən sabah bu sözlərinizi bir erməni qəzeti yazsa, nə olacaq? Ölkənin yox, nə ölkəsi, öz imicinizi düşünün. Yerlə bir olmazmı YAP iqtidarının adı-sanı? Hansısa cahillər ölkəsində padşahlıq etmək heç yaraşırmı sizə?!

Deməzlərmi, YAP hansısa Novruzəlinin səsini alıb hakimiyyətdə qalır, hələ üstəlik qürrələnir ki, xalq bizi dəstəkləyir?!

O boyda çiçəklənməni, idmanımızın, mədəniyyətimizin bütün dünyada təbliğinin ayaq tutub yeridiyini bir yana qoyub, pessimist çıxış etmək hec yaraşmadı sizə…

Amma qərəzli də olmaq olmaz.  Deyirsinizsə ki, 70 il geri getmişik, demək bildiyiniz bir şey var… Bir də elə həmişə düzünü biz deməyəcəyik ki. Bir dəfə də siz deyin bu ölkədə yaratdığınız gerçəklikləri…

Deyin ki,  bu xalqı elə günə qoymusunuz ki, Sabirə, Mirzə Cəlilə indi də ehtiyac var. Deyin ki, 22 illik siyasətiniz nəticəsində bu ölkə bir addım belə irəli getmədi, amma iri addımlarla 70 il gerilədi.

Sayənizdə, cənab Mehdiyev!

Sayənizdə Sabir, Mirzə Cəlil ədədiyyat tariximizin dahiləri olaraq qalmır, tarixləşmir. Sayənizdə bu gün Sabirə də, Mirzə Cəlilə də ehtiyac var. Əməyinizin nəticəsidir ki, onlar bu gün də aktual və müasir qalıblar.

Tarixin səhifələrindən Sabiri, Mirzə Cəlili bu günə dəvət etməniz bu üzdən səmimi görünmür.  Çünki bu günlərin memarı sizlərsiniz. Yaratmaq istədiyiniz xalq, qurmaq istədiyiniz ölkə bu idisə, özünüzü təbrik edə bilərsiniz. Bacardınız!

O ki qaldı sabirlərin, mirzələrin bu gün olmamasına, var, niyə yoxdur, necə olmaya bilər ki?! Siz olması üçün bütün zəminləri, şəraiti yaratmısınız. Niyə əməyinizi heç edirsiniz?! Var! Özü də iki əsr bundan əvvəlki sabirlərdən heç də fərqlənmirlər, eynən onun kimi kasıb və bir tikə çörəyə möhtacdırlar. Tək fərqi odur ki, sabun da bişirib sata bilməzlər, izn verməzsiniz. Çünki bu ölkədə hər şey kimi, sabun da sizin monopoliyanızdadır.