
Putinin ekspansionist siyasəti yaxın-uzaq qonşuları üçün potensial təhlükə yaratsa da, daha əvvəlki kimi real görünmür. Çünki Qərbin tətbiq etdiyi iqtisadi, siyasi sanksiyalar Rusiyanın bu potensialını sürətlə zəiflədir. “Amma eşşək nə qədər ölü olsa da, dərisi bir dəvəyə yükdür” prizmasından və prinsipindən yanaşsaq, Rusiya hələ uzun müddət bu siyasəti izləyəcək və yaxın-uzaq qonşuları üçün təhlükə mənbəyi olaraq qalacaq. Təbii ki, bu təhlükəni nəzərə almaq lazımdır, amma bunu şişirdib bəzi skeptiklər kimi toplumun kafasına taxmaq, onun gözünü qırmaq doğru deyil. Onların təqdimatında guya, mövcud rus təhlükəsi o qədər realdır ki, bunu nəzərə almasaq, daha doğrusu, onunla hesablaşmasaq, nəinki Azərbaycan öz ərazilərini, hətta suverenliyini və dövlətçiliyini itirmək təhlükəsilə üz-üzə qala bilər. Ona görə də milli maraqlara qarşı olan bu təhlükəni dəf etmək üçün demokratiya, insan haqları uğrunda mübarizədən əl çəkmək lazımdır. Çünki suverenliyin, dövlətçiliyin itirilməsinin müqabilində demokratiya, insan haqları uğrunda mübarizə öz əhəmiyyətini itirib sxolastik çalar və məna alacaq.
Əslində, bu kampaniya adamları ruhdan salmaq, mübarizədən çəkindirmək, topluma təslimçilik əhval-ruhiyyəsi aşılamaq, vəziyyətlə barışmaq niyyəti daşıyır. Bu siyasət hakimiyyətlə hesablaşmaq, ən nəhayət, indiki durumda İlham Əliyevi, onun komandasını müstəqilliyin qarantı kimi qəbul edib, təqdim etməkdən başqa bir şey deyil. Bu kampaniya sadəcə, Rusiyanın suyu sovrulmuş dəyirmanına su tökmək, İlham Əliyevin mövqeyini gücləndirmək və ən əsası, əl dəyişməkdir. Axı qarşıdan parlament seçkiləri gəlir…
Sən bir şirənin gücünə bax! Səni tanımayana lənət, İlahi! Tanıyıb inanmayana lənət, İlahi!
Mürgülü müşavirənin mürgülü xatirələri…
Uzun müddət, kəmali-ədəblə Azərbaycanın siyasi palitrasında mikroskopla rus izi axtaran skeptiklər Rüstəm İbrahimbəyovun siluetini uzaqdan görən kimi başladılar Qərb eşitsin deyə, ucadan bağırmağa: “Ay aman, qoymayın, Rusiya bu azman ədibin simasında Milli Şuranın əlilə çevriliş etmək istəyir!”
Yaxşı deyiblər ki, yalan ayaq tutar, amma yeriməz. Necə yeriyə bilərdi axı, Milli Şurada təmsil olunan adamların ömür yolu o qədər şəffafdır ki, onlara çamur, nəinki yapışmır, heç iz də qoymur. Elə buna görə də “Milli Şura rus projesidir” tezisi yerimədi, öz təsirini itirdi.
Günlərin bir günü, daha doğrusu, “mürgülü müşavirə”dən sonra məmləkətdə yenidən bir canlanma yarandı. Bu dəfə Rusiya eşitsin deyə, skeptiklər başladılar bir ağızdan xorla çığırmağa ki, “Ay aman, qoymayın, Qərb Cəmil Həsənlinin simasında Milli Şuranın əlilə çevriliş etmək istəyir”. Dərəni xəlvət görüb bəylik iddiasına düşənlər, öz aləmlərində, bir güllə ilə iki dovşan vurmaq – bir tərəfdən konyunkturaya uyğun olaraq hərəkət etməklə özlərini sığortalayıb Milli Şuranı hədəfə gətirmək; o biri tərəfdən isə ölkənin ruslara təslim edilməsinin müqabilində nəinki susmaq, hətta onu arqumentləşdirmək istəyirlər ki, cənab prezident, guya, Qarabağı almaq üçün ruslara yaxınlaşır. Guya, İlham Əliyev Qarabağın qaytarılmasında israrlı olduğuna görə Qərb onu Milli Şuranın əli ilə devirmək istəyir.
Gerçəkdən Milli Şura kimin projesidir və biz kimik?..
Milli Şura nə Rusiyanın, nə Avropanın, nə də Amerikanın projesidir. Milli Şura Azərbaycan xalqının projesidir! Bizi tərəf tutmaqda, haranınsa, kiminsə “təsir agenti” olmaqda suçlayan bütün cinsdən və növdən olanların qulluğuna ərz edirəm ki, Biz nə Rusiyanın, nə Avropanın, nə Amerikanın, nə də İranın tərəfindəyik! Biz Azərbaycanın tərəfindəyik!
Təbii ki, Azərbaycanın strateji önəmi, siyasi əhəmiyyəti, coğrafi mövqeyi onu həmişə geosiyasi mübarizənin həssas nöqtəsinə, hətta bəzən episentrinə çevirir. Ona görə də Azərbaycanda müxtəlif maraqlardan çıxış edən, müxtəlif geosiyasi oriyentasiyası olan, müxtəlif vektorları təmsil edən qüvvələr, kalonlar, təsir agentləri var. Bizim üçün vektorial bölgü – Rusiyayönlü, İranyönlü, Amerikayönlü 5-ci kalonlar eyni dərəcədə qeyri-məqbuldur. Biz Milli Şura olaraq, yalnız və yalnız Azərbaycanın maraqlarından çıxış edirik. Ölkənin milli maraqları Bizim prinsipial siyasi və vətəndaş mövqeyimizdir.
P.S. Əslində, skeptiklər bilərəkdən hakimiyyət maraqlarını dövlət marqları adından millətə və ümmətə sırımaq istəyirlər. Amma unudurlar ki, bu millət Cini Şeytandan ayıra bilir.