Elxan Şahinoğlu: «Türkiyə hökuməti bununla «erməni soyqırımı»nın 100 illiyi ilə bağlı tədbirlərə cavab verməyə hazırlaşır»
Xəbər verdiyimiz kimi Türkiyə baş naziri Əhməd Davudoğlu nazirlikdə yer alan əsas şəxslərin sırasına sürpriz bir şəxsi daxil edib. Erməni əsilli jurnalist-yazıçı Etyən Mahcubyan Türkiyə baş naziri Əhməd Davudoğlunun baş müşaviri olub. Davudoğlu ilə Mahcubyanın tanışlıqlarının illər öncəyə dayandığı, demokratiya və azadlıq mövzusunda keçirilən bir çox toplantılarda bir araya gəldikləri qeyd edilir.
Qeyd edək ki, bu il Türkiyədə keçirilən prezident seçkisindən əvvəl Mahçupyan R. T. Ərdoğana səs verəcəyini açıqlamış və artıq 10 ildir bu şəxsi dəstəklədiyini bildirmişdi. Bu səbəbdən onun “Zaman” qəzetindəki işinə son verilmişdi. 1972-ci ildə Boğaziçi Universiteti Kimya mühəndisliyi bölümündən məzun olan Mahcubyan bir müddət “Radikal” “Zaman” və “Agos” kimi məşhur qəzetlərdə işləyib.
Bir sıra ekspertlərin fikrincə, Davutoğlu tərəfindən gerçəkləşən bu jest heç də təsadüfi deyil və bir sıra siyasi məqsədlər daşıyır.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Türkiyədə 50 mindən artıq milliyətcə erməni olan türk vətəndaşı var. Ona görə Davutoğlu özünə müşavir təyin etməkdə müstəqildir. Amma E.Şahinoğlu da hesab edir ki, belə bir addımın atılmasında konkret məqsədlər var: «Biz indiyə qədər öyrəşməmişdik ki, Türkiyədə hər hansı erməni yüksək post tutsun. Düşünürəm ki, əsas məqsəd «erməni soyqırımı»nın 100 illiyi ilə bağlı hazırlıq tədbirləri görməkdir. Çünki artıq erməni lobbisi «erməni soyqırımı» ilə bağlı hazırlıqlara start verib. Hətta bu yaxınlarda İranda olan Ermənistanın baş naziri soyqırımla bağlı tədbirə dəvəti İran rəhbərliyinə çatdırdı».
2015-ci ilin aprelin Ermənistanın Türkiyəyə «erməni soyqırımı» ilə bağlı ciddi problemlər yaratmağa hazırlaşdığını deyən E.Şahinoğlu vurğuladı ki, bir sıra ölkələrdə yenidən soyqırımla bağlı qanunların qəbulunun gündəmə gətirilməsi nəzərdə tutulub. Ona görə Türkiyə hakimiyyəti bu istiqamətdəki tədbirləri necə tərkisilah edə biləcəyi barədə düşünür. Türkiyə bu təyinatla onu nümayiş etdirməyə çalışır ki, milliyyətcə erməni bu cür yüksək postlara yüksələ bilir, amma ermənilər hələ də «Soyqırım» məsələsini qabardırlar. Amma inanmıram ki, Davutoğlunun bu cür addımı erməni lobbisi ilə mübarizədə nəsə uğur gətirə bilər».
Amma Davutoğlunun bundan əvvəl XİN rəhbəri olarkən irəli sürdüyü konsepsiyaların işə yaramadığını xatırladan E.Şahinoğlu vurğuladı ki, hazırkı baş nazirin vaxtı ilə qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq cəhdi uğurla nəticələnməmişdi.
Xəyal


