
“Siyasi mənsubiyyətindən asılı olmayaraq, müxtəlif mühitlərdə insanların münasibətləri formalaşır. Bu hər cür şəraitdə ola bilər. Ümumiyyətlə, xeyir işlərə dəvət olanda qarşıya məqsəd qoyulmur ki, yalnız tanıdıqlarını dəvət etməlisən. Seçim əsasında olur”.
Bu sözləri iqtidaryönlü deputat “Yeni Müsavat”a keçmiş həmkarı İkrar İsrafilin oğlunun toyu ilə bağlı yaranmış qalmaqala münasibət bildirərkən deyib. Qeyd edək ki, Müsavatın Divan üzvü İkrar İsrafil oğlunun toyuna YAP-çı deputat Aydın Mirzəzadəni dəvət etdiyinə görə, qınağa tuş gəlib.
Zahid Oruc isə belə dəvətləri süngü ilə qarşılayan insanları talibançılara bənzədib: “Belə dəvətləri süngü ilə qarşılayan insanlar ola bilsin ki, Əfqanıstan müxalifəti deyillər, amma onların təfəkküründə talibançılığın oturuşmasından əminəm. Bu insanların təfəkkürü qara zehniyyətdir. Bu təfəkkürlə hakimiyyət uğrunda mübarizə aparırlar? Bu bolşevizmdən də daha təhlükəlidir. İŞİD-in bir qadını daşqalaq etməsi ilə bunlar arasında heç bir fərq yoxdur. Sizlər nə haqla 1937-ci ildə insanların bir-birindən fərqləndirilməsini, çıxdaş edilməsini qınayırsınız? Hamı onların maddi kontekstini çox gözəl bilir. Artıq miflərlə yaşadığımız zamanlar arxada qalıb”.


