Hakimiyyət xaricdən gələn məruzəçidən qorxur

Gültəkin Hacıbəyli: «İşçi Qrupunun yaradılması ilə siyasi məhbus problemi həll edilməyəcək, əksinə dalana dirənəcək»

Hakimiyyətə beynəlxalq aləmdən gələn təzyiqlər sonda iqtidarın geri çəkilməsinə gətirib çıxardı. Amma hakimiyyətin geriyə doğru atdığı addım da bir imitasiya xarakterli oldu. Söhbət Avropa Şurasının uzun müddətdir siyasi məhbus probleminin həlli istiqamətində hakimiyyətə ünvanladığı tələblərdən gedir. İqtidar öz növbəsində ənənəsinə sadiq qalaraq İşçi Qrupunu yaratmaqla siyasi məhbus problemi ilə ciddi məşğul olacağının görüntüsünü yaratmağa çalışır. Bu sırada isə hakimiyyət beynəlxalq aləmin siyasi məhbuslarla bağlı ayrıca məruzəçinin təyinatına da ciddi etiraz edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri, İşçi Qrupun üzvü Fuad Ələsgərov hesab edir ki, insan haqları ilə bağlı Azərbaycandakı problemlər ölkənin daxilində həll olunmalıdır.

Halbuki İşçi Qrupunun növbəti iclasının bir ay sonraya təsadüf etməsi hakimiyyətin bu problemlə hansı səviyyədə maraqlandığını göstərir.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hesab edir ki, İnsan Haqları üzrə İşçi Qrupunun yaradılması ilə siyasi məhbus problemi həll edilməyəcək, əksinə dalana dirənəcək. İşçi Qrupunun iclasının bir ay müddətinə təxirə salınmasının da bu fikirləri təsdiq etdiyini deyən G.Hacıbəyli vurğuladı ki, İşçi Qrupunun tərkibinə nəzər salsaq görərik ki, bu gün hamı tərəfindən tanınan L.Yunus, R,Cəfərov, İ.Əliyev həbsdədirsə onların təmsil olunmadığı qrupdan nəsə gözləmək əbəsdir. Məhz bu cür siyasətə sadiq qaldığından hakimiyyət siyasi məhbuslar üzrə məruzəçinin təyin olunmasını istəmir: «İstənilən halda bir reallıq var ki, beynəlxalq təzyiqlər durmadan artır. Hakimiyyətdən siyasi repressiyalara son qoyması, siyasi məhbusları azad etməsiylə bağlı tələblər güclənir. Amma təəssüflər olsun ki, Azərbaycan hakimiyyətində belə bir mövqey var ki, onlara heç kim təsir göstərə bilməz. Bunu mən yalnız uşaq inadkarlığı ilə müqayisə edə bilərəm. Dünyada elə bir dövlət yoxdur ki, o başqa dövlətlərdən və ya beynəlxalq birlikdən bu və ya başqa formada asılı olmasın. Əgər Rusiya, Çin kimi böyük ölkələr beynəlxalq təsiri qəbul edirlərsə və bir çox addımlarını həmin təsirə uyğun olaraq atırlarsa, Azərbaycan hakimiyyətinin bu davranışı məntiqsiz görünür».

G.Hacıbəyli hesab edir ki, Azərbaycan hakimiyyəti anlamalıdır ki, özündən daha qüdrətli ölkələr kimi dünya birliyinin rəyi ilə hesablaşmalıdır. «Təsadüfi deyil ki, Fuad Ələsgərov İşçi Qrupunun həmsədri kimi mətbuata ilk açıqlamasında bildirdi ki, ölkədə siyasi məhbus problemi yoxdur. Əgər Fuad Ələsgərov İntiqam Əliyevin, Rəsul Cəfərovun, Leyla Yunusun konkret cinayətə görə həbs olunduğunu düşünürsə, bundan sonra həmin İşçi Qrupunun fəaliyyətindən ciddi heç nə gözləmirəm», deyə G.Hacıbəyli vurğuladı.

Xəyal