Əfv ərizəsi və ya sevgi məktubu…

Hakimiyyətin etirafı…

Uzun sürən qalmaqaldan, çək-çevirdən  sonra hakimiyyət, nəhayət, siyasi məhbus məsələsini etiraf etdi. Düz altı ildir ki, Səməd Seyidov Avropa Şurasının altdı-üstlü bütün komitələrində “Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş, təqsirləndirilən şəxslər var” deyib durmuşdu. İş o yerə çatmışdı ki, hətta AŞ PA-nın siyasi məhbuslar üzrə təyin etdiyi məruzəçinin, Kristofer Ştrasserin Azərbaycana gəlişinə hakimiyyət qadağa qoymuşdu. Çəbhəçiləri, müsavatçıları, nidaçıları, bəlkə də başa düşmək olar. Bunların siyasi mənsubiyyəti olduğuna görə hakimiyyət beynəlxalq təşkilatların laqeyd münasibətindən sui-istifadə edib, indiyə qədər onları siyasi məhbus kimi qəbul etmirdi. Bəs, vətəndaş cəmiyyətinin nəinki, ölkə daxilində, hətta dünyada tanınan üzvlərini – Leyla və Arif Yunusları, İntiqam Əliyevi, Anar Məmmədlini, Rəsul Cəfərovu və İlqar Məmmədovu  necə siyasi məhbus kimi danmaq və inkar etmək olar?! Dünyada beynəlxalq səviyyəli ekspert kimi qəbul edilən, nifüzlu qurumların ödül və mükafatlarına layiq görülən bu adamları necə siyasi məhbus deyil, cani adlandırmaq olar?! Yalnız, Ağ Evdən ölkədə yaranmış durumdan dolayı birbaşa məsuliyyət daşıyanlara qarşı sanksiyaların tədbiq ediləcəyi ilə bağlı edilən xəbərdarlıqdan sonra hakimiyyətin canına isti keçdi. Nəhayət, beynəlxalq ictimai rəylə hesablaşmaq zorunda qalıb, parlamentdə siyasi məhbuslarla bağlı İşci Qrupu yaratdılar, daha doğrusu, fəaliyyətini bərpa etdilər.

Əfv ərizəsi …

Təbii ki, günahın etirafdır… Amma kimin, yazanın, yoxsa yazdıranın etirafıdır!? Əlbəttə, yazanın …Amma, ancaq, lakin dünyanın heç bir yerində, banan ölkələrindən tutmuş kürü ölkələrinə qədər, heç harada, həttda Şimali Koreyada belə məhbusları “sınağa” çəkib əfv ərizəsi yazdırmırlar. Sadəcə dövlət başçısı  vətəndaşına sahib çıxaraq  qayğı və sayqı göstərib, əməllərinə üyğun olaraq məhbusun ya cəzasını yüngülləşdirir,  ya da birdəfəlik bağışlayır. Daha çıxılmaz duruma düşmüş adamın düşdüyü vəziyyətdən istifadə edib ərizə yazdırmırlar. Əgər yazdırırlarsa, demək, adicə bir əfv ərizəsinə ehtiyacı olacaq qədər kiçik, cılız və nimdaş olduqlarını ehtiraf edirlər.

Çünki xalqın iradəsinə söykənmirlər, ciblərinin puluna güvənirlər…

Pul çox şey deməkdir, amma, ancaq, lakin hər şey demək deyil. Bəli, pul istənilən qapını döyüb aça bilər, istənilən adamı şirnikləndirib yoldan çıxara bilər. Cünki, pulun qabağında dayanmaq hər kişinin işi deyil, nər kişinin işidir. Nər kişiləri isə həbsdə sınağa çəkib sındırırlar. Çıxılmaz duruma düşən bir adamın düşdüyü  acınacaqlı vəziyyətindən sui-istifadə etmək nəinki əxlaqa, heç  əxlaqsızlığa da sığmır. Bərkə-boşa düşmüş adamların “sınağa” çəkilməyini bəlkə də bağışlamaq olar. Amma 18 yaşında sütül uşaqları “sınağa” çəkib həyatlarını məhv etməyi heç kimə bağışlamaq olmaz. Əvvəl-axır bunun hesabı sorulmalıdır və sorulacaq, cənəblar! Buna heç kimin səkki-şübhəsi olmasın…                      

Sovet sistemi dəyişib, amma sovet adamı dəyişməyib…

Nə qədər ki, sovet əyyamından qalanlar iş başındadır, heç nə dəyişməyəcək, forma dəyişsə də mahiyyət və məzmun dəyişməyəcək. 37-ci ilin ab-havası, qara-qorxusu qalacaq. Yenə gözüqırılmışlar nəsli yetişəcək… Yenə zəhmətkeş məktublarının ardı-arası kəsilməyəcək… Yenə rəhbərin adına şanlı məktublar yazılacaq…Yenə həbsxana divarları arxasında suçsuz insanlar olmayan günahlarını səmimi şəkildə etiraf edib, rəhbərə olan sonsuz sevgisini izhar edib əfv diləyəcək. Və son anda isə tunc heykəlin qarşısında baş əyib sadəqət andı içəcək.

P.S. Görəsən, əyilmiş adamın içdiyi sədaqət andının o tunc heykələ nə dəxli var, axı?