Əliyev Ərdoğanın “Gülən əməliyyatı”na qoşulacaqmı?

Türkiyədə «Gülən hərəkatı»na qarşı xüsusi əməliyyatlar bərpa edilib

Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətullah “Gülənin hərəkatı”na qarşı xüsusi əməliyyatları bərpa edib. Bu barədə çərşənbə axşamı “TRT Haber” məlumat yayıb. Ankarada keçirilən xüsusi əməliyyatlar zamanı Türkiyə kəşfiyyatının 18 əməkdaşı saxlanılıb. Qeyd edək ki, Türkiyədə iyulun 22-də “Gülən hərəkatı”nın tərəfdarlarına qarşı keçirilən əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb. Onların arasında Türkiyə kəşfiyyatının Istanbul şöbəsinin keçmiş rəhbəri Əli Fuad Yılmazer də var.

Maraqlıdır ki, bu hadisələr Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın Azərbaycandakı “Nurçu” təhlükəsi ilə bağlı açıqlamasının verildiyi zamana təsadüf edir.

Türkiyənin daxili siyasətində baş verənləri ekspertlər birmənalı dəyərləndirmirlər. Onların fikrincə, T.Yıldızın söylədikləri təsadüf deyil və Ankara Bakıya konkret mesajlar ünvanlayır. T.Yıldızın 2013-cü il dekbarın 17-də rüşvət əleyhinə başlamış əməliyyatı gözlənilmədiyi şəkildə xatırlatması bunun təsdiqi sayılmalıdır. Hesab olunur ki, Azərbaycana ünvanlanan mesajlar Türkiyə hakimiyyətinin bir çağırışıdır. Belə düşünülür ki, Ərdoğan iqtidarı Azərbaycan hakimiyyətindən “Nurçu”lara qarşı birgə addımların atılmasını və fəaliyyətin koordinasiya edilməsini istəyir. Ona görə də Azərbaycan hakimiyyətinə onun başa düşdüyü dildə mesajlar ünvanlanır. “Nurçu”ların Azərbaycan hakimiyyətinə bir təhlükə mənbəyinə çevrildiyi təlqin edilməyə çalışılır. Belə düşünülür ki, hakimiyyətin adekvat reaksiyası görünməzsə, bir müddət sonra Ankaradan gələn mesajlar daha açıq formaya keçə bilər. Çünki Ərdoğan hakimiyyəti üçün “Nurçu”larla savaş bir nömrəli prioritet təşkil edir. Təsadüfi deyil ki, Ərdoğan dövlət başçısı olduqdan sonra prioritetlərini açıqlayan zaman Gülənçilərlə mübarizənin altını xüsusi cızmışdı.

Xəyal