NİDA-çının atası son əfvdən narazıdır

Fikrət Axundov: “Gərək hakimiyyət özündə təpər tapsın, elədikləri səhvi düzəltsin”

“Əfv sərəncamından sonra Rəşadətlə əlaqə saxladım, məyusluq hiss etmirdi” – Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbus Rəşadət Axundovun atası “Media forum” saytına belə deyib.

Fikrət Axundov oğlu ilə telefon əlaqəsi saxladığını qeyd edib: “Səhhətimdə yaranan problemlərə görə iki həftə olar oğlumla görüşmürəm. Ancaq Rəşadətin həyat yoldaşı görüşə gedir. Səhhəti, saxlanma şəraiti normaldır”.

Fikrət Axundov “Nida”çıların prezident İlham Əliyevə müraciətinin nəticəsiz qaldığını bildirib: “17 oktyabrı əfvindən sonra Rəşadətlə əlaqə saxladım, məyusluq hiss etmirdi. O, əvvəldən məni, anasını, həyat yoldaşını hər şeyin ən pisinə kökləyib. Yaxın bayramlarda yenə əfvin olacağına inanmıram. Əgər olarsa, kaş oğlum da azadlığa çıxsın.

Dünyada oyunlar gedir. Avropa İttifaqının xarici işlər naziri, komissarı əfv sərəncamını alqışlayıb. Hansı əfvi alqışlayırlar? 80-dən çox adam əfv edilib, onların içində Avropanın tanıdığı neçə nəfər azad olunub? Gərək hakimiyyət özündə təpər tapsın, elədikləri səhvi düzəltsin”.

Rəşadət Axundov ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Rəşadət Axundova 8 il həbs cəzası verilib.

Bu iş üzrə tutulmuş gənclərdən ikisi – Bəxtiyar Quliyev və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə oktyabrın 18-də azadlığa çıxıblar.