Amerikalı politoloq hədəfə vurub

Fuad Qəhrəmanlı: «Rusiya seçimi xalqımızın strateji maraqları ilə deyil, İlham Əliyev və ətrafının hakimiyyət maraqları ilə bağlıdır»

Azərbaycanın yerləşdiyi regionda baş verənlərin fonunda Rusiya ilə münasibətlərdə yaxınlaşma Qərbin diqqət sərkəzindədir. Qərb prosesləri izləməklə yanaşı bu yaxınlaşmanın hər iki tərəfə verdiyi xeyirləri də analiz edir. Ostin Universitetinin Cənubi Qafqaz regionları ilə bağlı məsələlərlə də məşğul olan eksperti Maykl Tkaçikin Azərbaycan-Rusiya münasibətlərindəki yaxınlaşma ilə bağlı fikirləri bu qəbildəndir. Maykl Tkaçik hesab edir ki, Rusiya ilə yaxınlaşma Əliyevlərin hakimiyyətini qorumağa hesablanıb. Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ehtimalı haqqında məlumatları şərh edən Tkaçik qeyd edib ki, Avrasiya İttifaqı ideyası Rusiyanın regionda üstün rolunu təsdiq etmək cəhdidir. Ona görə, Azərbaycan Qarabağ probleminin həllinin, daha doğrusu, işğal edilmiş ərazilərinin bir hissəsinin qaytarılmasının müqabilində suverenliyinin bir hissəsini verməyə hazırdır: «Bakı sövdələşməyə getmirsə, Rusiyanın artan təzyiqi ilə üzləşə bilər. Lakin Azərbaycan İttifaqa daxil olacaqsa, Rusiyanın vəziyyətin tənzimlənməsi istiqamətində işləyəcəyinə zəmanət lazımdır. Bundan başqa, bunun Azərbaycan üçün iqtisadi cəhətdən nə dərəcədə səmərəli olduğunu aydınlaşdırmaq lazımdır. Belə ki, Rusiya neft və qaz hasilatı və satışı ilə bağlı bütün məsələlərin, o cümlədən boru kəmərlərinin çəkilməsinin onunla razılaşdırılmasına nail olmağa çalışacaq. Bu, Qərb şirkətləri ilə müqavilələrə zidd olacaq, belə ki, Moskva belə bir əməkdaşlığı məhdudlaşdıracaq ki, bu da Qərbin Azərbaycana qarşı sanksiyalarına səbəb ola bilər, analitik belə hesab edir. Bu yaxınlarda Rusiyanın müdafiə naziri Bakıda Xəzərdə kollektiv təhlükəsizlik sistemi, birgə hərbi təlimlər və s. haqqında məslə qaldırıb. Bu, Bakının Qərblə münasibətlərinin sərtləşdirilməsi, vətəndaş cəmiyyətinin boğulması fonunda baş verir».

Amma Rusiya ilə istənilən sövdələşmənin zəmanətsiz olduğunu düşünən Tkaçik vurğulayıb ki, Azərbaycan ittifaqa daxil olduqdan sonra Moskva yavaş-yavaş, amma doğru bir şəkildə Azərbaycanı Rusiyaya bağlayacaq. «Azərbaycan yenidən Rusiyanın təhlükəsizlik maraqlarından və hərbi-sənaye kompleksindən asılı vəziyyətə gələcək. Son nəticədə Bakı fəaliyyət azadlığının böyük hissəsini itirəcək”, ekspert belə hesab edir. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Amerikalı politoloqun səsləndirdiyi fikirlər reallıqla uyğundur. Azərbaycan dövlətinin strateji maraqlarının Qərbə inteqrasiya kursunu seçməyi zəruri etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, hakimiyyətin Qərbə inteqrasiya kursunun imtiasiyasından da imtina edərək, açıq şəkildə Rusiyaya meillənməsi görünməkdədir. Hətta Rusiyaya yaxınlaşmada narahat doğuran məqamlardan biri də budur ki, Azərbaycan Rusiyanın hərbi təsir dairəsinə daxil olur: «Rusiya seçimi Azərbaycan dövlətinin, xalqının strateji maraqları ilə deyil, iqtidardakı qrupun, İlham Əliyevin və ətrafının hakimiyyət maraqları ilə bağlıdır. Çünki Qərb Azərbaycanda demokratik islahatların keçirilməsini tələb edir. Azərbaycanın Qərbə inteqrasiyası istiqamətində ardıcıl və davamlı siyasət həyata keçirilməsi istənilir. Bu isə o deməkdir ki, ölkədə insan haqları, demokratik azadlıqlar təmin olunmalıdır, normal seçkilər keçirilməlidir. Bu zaman isə korrupsiyaya, saxtakarlığa, zorakılığa əsaslanan siyasət davam edə bilməz. Bu siyasət dəyişməlidir. Bu dəyişikliyi isə İlham Əliyev öz hakimiyyətinin bitməsi kimi görür. Ona görə də siyasi kurs Rusiyaya doğru yönəldilir».

F.Qəhrəmanlı hesab edir ki, Rusiyanın himayəsini almaq hesabına avtoritar üsulidarə davam etdirilsin. F.Qəhrəmanlının sözlərinə görə, Qərblə qarşıdurma səviyyəsində olan Rusiya isə çalışır ki, ətrafında bufer zona yaratsın və postsovet məkanını nəzarətində saxlasın. «Bu istiqamətdə isə Putin hakimiyyətinin  maraqları ilə İlham Əliyevin maraqları üst-üstə düşür», deyə F.Qəhrəmanlı vurğuladı.

Xəyal