Sabah haqqında düşünərkən

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Çağdaş rus yazıçılarından biri Vladimir Sorokin müsahibələrinin birində belə demişdi: “Rusiyada çox adam birdən-birə ”Jiquli”dən “Mersedesə” keçdi və indi istirahət üçün Krıma deyil, Kanar adalarına gedirlər, ancaq onların mentaliteti əvvəlki kimi qalıb. Ola bilsin, hələ uzun müddət belə də qalacaq”.

Bu, Sovet hakimiyyətinin çöküşündən sonrakı Rusiya ilə bağlı ən dəqiq müşahidələrdən biridir, amma vəziyyət yalnız Rusiyadamı belə idi? Suala bir azdan qayıdacağıq. Amma əvvəlcə kiçik bir haşiyə çıxaq. 

Bir dəfə bizim xalqsız xalq yazıçısı Anar Rzayev  Azərbaycanda Sorokin kimi yazıçıların olmasını istəmədiyini demişdi. Başadüşüləndir. Sorokini yazıçı kimi bəyənib-bəyənməmək olar (baxmayaraq ki, şəxsən mən onun “Snayperin səhəri” hekayəsini anarrzayevlərin bütün külliyyatından üstün tuturam). Amma unutmaq lazım deyil ki, onun vətəndaş mövqeyi var. Saraya yalmanmır. Hakimiyyətdən maddi imtiyazlar qazanmaq üçün “Qalib gəldi, qalib getdi” tipli yazılar yazmağı qələminə yaraşdırmır. Özünə, övladlarına gün ağlamaq üçün dondan dona girmir və s. və i.a. Belədə bizim hər hansı xalqsız xalq yazıçısı Azərbaycanda bu cür yazıçının olmasını niyə istəsin ki?! 

Qayıdaq Sorokinin yuxarıdakı sözlərinə; daha doğrusu, həmin sözlərlə bağlı ortaya çıxan suala. Yazıçının həmin müşahidəsi yalnız öz ölkəsi üçünmü xas idi? Əlbəttə yox. Elə bizdə də “Jiquli”dən “Mersedes”ə keçənlərlə, Krımı Kanar adalarına dəyişənlərlə bağlı vəziyyət eynidir. Hətta bəlkə bizdə durum daha dəhşətlidir. Dünən ateizmdən mühazirə oxuyanlar bu gün həcidirlər, məşədidirlər, kərbəlayıdırlar. Dünənki alovlu beynəlmiləlçilər bu gün bozqurdun şərəfinə tost qaldırırlar. Dünənəcən Leninin haqqında deyilən dəbdəbəli, təmtəraqlı sözlər də olduğu kimi qalıb, dəyişən sadəcə “dahi rəhbər”in ünvanıdır.

Əmin olun ki, bugünkü Sistemin çöküşü ilə onun vintcikləri, təkərcikləri də çox asanlıqla, heç bir vicdan sızıltısı hiss eləmədən yeni dövrə uyğunlaşacaqlar, onlar üçün başlarının üstündən kimin portretinin asılmasının yenə heç bir anlamı, əhəmiyyəti qalmayacaq: dünən Lenin, bu gün Heydər Əliyev, sabah da məsələn, Rəsulzədə. Bu onların əlində su içimi kimi bir şey olacaq.

Çünki onlar bioloji növ kimi yaşayırlar. Onlar üçün insanı insan edən anlayışlar (mədəniyyət, bilgi, etiraz ruhu, düşünmək, təşəbbüs göstərmək, siyasiləşmək, sosiallaşmaq) yaddır. Onlar yalnız fizioloji funksiyalarını yerinə yetirməklə işlərini bitmiş sayırlar. Onlar üçün Marksı oxumadan kommunist, kəlmeyi-şəhadətini bilmədən dindar, liberalizm sözünü doğru-düzgün tələffüz etmədən liberal, yalnız bozqurd işarəsi göstərməyi öyrənərək millətçi olmaq su içimi kimi asandır.

Odur ki, indi ətrafımızda mövcud rejim adına canfəşanlıq göstərənlərə, çox asanlıqla cürbəcür eybəcər əməllərdən çıxmağı bacaranlara təəccüblənmək lazım deyil. Belələri dünən də vardı. Bu gün də var. Gərək çalışaq, barı sabah onlar olmasınlar.

Necə?

Bu sual hələ 150 il əvvəlin Rusiyasında Gertsen belə cavab vermişdi: “Inqilab qaçılmazdır, o əvvəl-axır baş verəcək. O vaxtacan isə çalışıb sivil vətəndaşlar yetirmək lazımdır”. 

Bunun üçünsə daha çox insanda kitaba sevgi oyatmaq gərəkir.

Elmə, mədəniyyətə, ədəbiyyata maraq artırılmalıdır. Onların işığının, nurunun daha çox beyni və qəlbi aydınlatmasına nail olmalıyıq.

Indi ölkənin sürükləndiyi mənəvi bataqlıqdan, daxili köləlikdən hətta bir insanı xilas etməyin belə ümumi işimizə faydasını heç kim gözardı etməməlidir. 

Əzablı, yorucu işdir. Amma niyə unuduruq ki, ev də belədir – kərpic-kərpic tikilir…