«Nurçular» Bakıda çevriliş edə bilməzdi»

Ekspert Taner Yıldızın açıqlamasını şübhə altına saldı

Elxan Şahinoğlu: «Düşünmürəm ki, Azərbaycandakı «Nurçu» hərəkatı hakimiyyəti devirmək qədər güclü olub»

Türkiyə enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın Azərbaycandakı «Nurçu» təhlükəsi ilə bağlı açıqlaması maraq doğurur. Keçən ilin sonlarında Bakıda planlaşdırılan nurçu dövlət çevrilişindən danışan T.Yıldız müsahibəsində Türkiyədə “paralel quruluş” adlanan qruplaşma tərəfindən 2013-cü il dekbarın 17-də rüşvət əleyhinə başlamış əməliyyatı xatırladıb: «Onda xüsusi əməliyyat qrupu 4 nazir oğlunu, həmçinin iranlı iş adamı Rza Zərrabı həbs eləmişdi. Həmçinin, baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan şübhəli kimi istintaqa cəlb edilmişdi».

Həmin günlər telefonu ən çox dinlənən nazir olduğunu xatırlayan Taner Yıldız sonra deyib ki, əgər Ankaradakı 17 dekabar əməliyyatları uğur qazansaydı, Bakı da onların əlinə keçərdi. «Bakıdakı əməliyyatlar əmrsiz qaldı. Bu zəncirin halqası tamamlanmadığı üçün Bakıdakılar əmrsiz qaldı”,- deyə Yıldız vurğulayıb. 

T.Yıldızın bu mesajının nədən qaynaqlandığını söyləmək çətindir? Həqiqətənmi «Nurçular» Azərbaycanda dövlət çevrilişi etməyə qadir idilər? 

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun da fikrincə, Türkiyəli nazirin açıqlaması kifayət qədər maraq doğurur. Gülən hərəkatının Ərdoğanla yolları ayrıldıqdan sonra hökumətə qarşı ciddi kampaniyaya başladığını deyən E.Şahinoğlu vurğuladı ki, baş verənləri nəzərə alan Ərdoğan əks addımlar atmağa başladı: «O zaman Gülən hərəkatı xeyli güclənmişdi və Ərdoğana qarşı güclü kampaniyaya başlamışdılar. Həqiqətən də o zaman Gülənçilər Ərdoğanı devirməyə yaxın idilər. Amma alınmadı. Ərdoğan daha sərt tədbirlər həyata keçirdi. Ərdoğan eyni zamanda Azərbaycanda da oxşar addımların atılmasını istəmişdi. Azərbaycan hakimiyyəti də bu istiqamətdə müəyyən addımlar atdı. Amma mən hesab etmirəm ki, Azərbaycandakı «Nurçu» hərəkatı hakimiyyəti devirmək qədər güclü olub. Əksinə «Nurçular» hakimiyyətin daha da içlərinə girib, nüfuz qazanaraq dövlətin maliyyə imkanlarından öz məqsədləri üçün istifadə edə bilərdilər. Amma ortaya siyasi iddia qoyaraq hakimiyyətə qarşı çıxmaq bu onların bacaracağı iş deyildi».

E.Şahinoğlunun sözlərinə görə, «Nurçular»ın xaicdəki ən güclü dayağı Azərbaycanda olsa da, Gülənçilər Türkiyədə olduğu qədər güclü deyildi. E.Şahinoğlu hesab edir ki, ikinci mühüm məqam isə odur ki, Azərbaycandakı «Nurçular» Türkiyədə olduğundan fərqli olaraq hakimiyyətlə qovqa içində deyildilər. «Sadəcə dövlətin maliyyəsindən öz məqsədləri üçün istifadə edirdilər. Ona görə mən Taner Yıldızın Azərbaycanla bağlı açıqlamasını bir qədər şişirdilmiş hesab edirəm», deyə E.Şahinoğlu vurğuladı.

Xəyal