Arif Hacılı Müsavatdan gedənləri “xəyanətkar” adlandırdı

Qarşı tərəf ona sərt cavab verdi: «Müsavata kimin xəyanət etdiyini zaman göstərəcək»

Müsavat Partiyasında mübahisələr səngimək bilmir. Qarşılıqlı ittihamlar istər sosial şəbəkələrdə, istərsə də mediada geniş yer alıb.

Müsavatın Qadınlar Birliyinin sədrindən Arif Hacılıya sərt ittiham

Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli demokratiya.info-ya bildirib ki, sosial şəbəkələrdə Müsavat Partiyasının başqanı Arif Hacılının tərəfdarları onu istefa verməyə səsləyən fikirlər yazırlar: “Bizdə iki təşkilat var. Müsavat Gənclər Təşkilatı və Müsavat Qadınlar Birliyi. Açıq şəkildə yazırlar ki, Əhliman Abbas getdi, bəs o biri təşkilatın sədri nə vaxt istefa verəcək? Onlar məni nəzərdə tutur. Mən Qubad Ibadoğlunu dəstəklədim. Mənim üçün gələcək, perspektiv daha önəmlidir, nəinki bu günüm. 26 ildir ki, siyasətdəyəm. Müsavat ideologiyası ilə mübarizə apardım. Indi bu idealogiyadan kənara çəkilə bilərəmmi?”.
E.Məmmədlinin sözlərinə görə, ona qarşı başlanan kampaniyanın arxasında bir məqsəd dayanır: “Mən Müsavatın Qadınlar Birliyi sədri postuna Arif Hacılının istəyi ilə seçilmədim. Qadınların istəyi və səs çoxluğu ilə seçildim. Onun isə başqa namizədi vardı. Seçilən gündən mənə qarşı hücum var. Bu hücumların arxasında indiki başqanın dayandığı məlumdur. Hələ ki, heç nə edə bilməyiblər. Çünki əllərində nə fakt, nə də bir sənəd var. Mən bir dəfə də olsun Müsavatçılıq ideologiyasından kənara çıxmamışam. Əksinə, Qadınlar Birliyi özünü təsdiq edib, biz iş görürük”.
“Bütün bundan sonra Müsavat Qadınlar Birliyinin sədri E.Məmmədlinin istefası gözlənilirmi” sualına onun cavabı belə oldu: “Bizim iradlarımız ortalıqdadır. Hələ ki, şikayətimizə baxan qurum yoxdur. Ona görə də bu, sual altındadır. Ikinci bir məsələ, əgər şikayətimizə baxılsa, təsdiq olunsa ki, seçkidə heç bir pozuntu olmayıb, başqan Arif Hacılı qanuni seçilib, niyə də onunla işləməyim? Mənim üçün Müsavat Partiyasının başqanının kim olması vacib deyil. Mənim üçün Müsavat və onun ideologiyası var. Mən 26 ildə məhz bunun üçün mübarizə aparıram”.

Arif Hacılı Müsavatdan gedənləri ittiham etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı qurultaydan sonra onun nəticələrinə etiraz edərək təşkilatdan istefa verənləri “xəyanətkar” adlandırıb. O özünün “Facebook” səhifəsində yazıb: “Irəli sürdükləri arqumentlərdən asılı olmayaraq Müsavat Partiyasını tərk edənlər Müsavatçılığa, Rəsulzadənin ruhuna, bu ağır dövrdə Müsavatda qalıb fəaliyyətlərini davam etdirən silahdaşlarına qarşı xəyanət etdilər!”.

Səxavət Əlisoy Arif Hacılıya cavab verdi

“O gənclər, fikrimcə, Müsavata yox, saxtakarlığa, qeyri-demokratik mühitə, ədəbsizliyə, yekəxanalığa, populizmə, şüarçılığa, qeyri-səmimiliyə və mənəm-mənəmliyə xəyanət edib” – bunu Müsavat Partiyasının keçmiş başqan müavini və divan üzvü SDIM-in rəhbəri Səxavət Əlisoy “Facebook” səhifəsində yazıb. Onun fikrincə, bu cür yanaşma ancaq Müsavatın hazırkı başqanı Arif Hacılının beyin məhsulu ola bilər: “Partiyadan gedənlər kimə və nəyə xəyanət etdilər? Gənclik illərini Azərbaycanda demokratik dəyərlər uğrunda mübarizəyə sərf etmiş fədakar gəncləri xəyanətkar adlandırmaq, açıq-aşkar qərəzdir. Arif Hacılı öz zehniyyətinə və populist xarakterinə uyğun açıqlama verib”.
Səxavət Əlisoy Müsavat Partiyasının Tovuz rayon təşkilatı üzvlərinin partiyadan getməsinə də toxunub. Siyasi Dialoq və Islahatlar Mərkəzinin sədri partiyanın son başqanlıq seçkilərində saxtakarlığa yol verməsinə dözə bilməyən gənclərin istefasından da danışıb: “O gənclər, fikrimcə, Müsavata yox, saxtakarlığa, qeyri-demokratik mühitə, ədəbsizliyə, yekəxanalığa, populizmə, şüarçılığa, qeyri-səmimiliyə, mənəm-mənəmliyə xəyanət edib. Müsavata kimin xəyanət etdiyini isə zaman göstərəcək”.

Tovuz rayonunda istefalara münasibət

Müsavat Partiyasının Tovuz rayonun təşkilatının tam tərkibdə istefa verməsiylə bağlı sosial şəbəkələrdə, eləcə də mediada müxtəlif fikirlər səsləndirilməkdədir.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “Facebook” səhifəsində məsələyə belə münasibət bildirib: “Atam, anam, kənddəki qohumlarım Müsavat Partiyasının üzvləridirlər. Heç biri istefa verməyib, istefa vermək fikirləri də yoxdur. Ümumiyyətlə, Tovuz təşkilatının nominal üzvlərinin 85 faizi istefa verməyib – sadəcə qeyri-fəal vəziyyətdədirlər”.

Müsavat fəalı Səxavət Soltanlı isə “Facebook” səhifəsində bunları yazıb: “Mətbuata bildirirlər ki, 19 nəfər toplaşıb Tovuz təşkilatının partiyadan ayrıldığı haqqında qərar veriblər. Birincisi, bu mümkün deyil, ona görə ki, Müsavat Partiyasına qoşulmaq və ayrılmaq fərdi qaydada mümkündür. Bir nəfərin belə, istefa verməsini arzulamadığımı, istefa verdiyini dəqiq bildiyim 3 nəfərə görə təssüf etdiyimi bildirirəm. Son prezident seçkilərində namizədimizin səlahiyyətli nümayəndəsi kimi seçkiləri Tovuzda izləyən bir şəxs kimi müşahidələrimin qısa nəticəsini bildirmək istəyirəm – Tovuz təşkilatının 105 məntəqədən yalniz birində müşahidəçisi vardı. Bildiyim qədər, imza da toplamamışdılar, təbii şikayətlər də olmadı. Tək olan müşahidəçi Miryaqub bəy də 1 satlıq məntəqəni tərk edib işi olduğunu bildirmişdi. Qurultaya Hazırlıq Komitəsinin üzvü kimi Tovuz Təşkilatının ”Ümumi Yığıncaq”ında iştirak etmişəm, qurultaya nümayəndə seçmək üçün 17 nəfəri belə çətinliklə toplaya bildilər. Son hadisədə isə ən fəal oldular. Qəribə gəldi mənə. Gözləmirdim də. Bildiyim qədər 2005-ci ildən sonra 18 nəfəri bir yerə toplaya bilməyiblər. Əksinə idisə, son prezident seçkilərində 105 seçki məntəqəsi olan Tovuz təşkilatı nədən yalnız 1 nəfər müşahidəçi vermişdi? Qurultay öncəsi yığıncağa 17 müsavatçını çox çətinliklə toplayan Tovuz təşkilatı necə oldu istefa ilə bağlı 19 nəfəri asanlıqla toplaya bildi? Qurultay öncəsi toplantının şəkilləri olduğu halda, nədən bu 19 nəfərin toplantısından bir şəkil belə yoxdur? Nədən verilən bəyanatın altından kimlərin imza atdığını göstərməklə surəti və ya fotosu burda, yerləşdirilməyib?”.

“Müsavat Partiyası növbədənkənar qurultay çağırmayacaq”

“Müsavat Partiyasının son qurultayında vaxt azlığından Nizamnamə və Proqrama əlavələr edilməyib. Partiyanın növbədənkənar qurultayının çağırılması müzakirə mövzusu deyil”. Bunu AzNews.az-a Müsavat Partiyasının Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanlı bildirib.
Tural Abbaslının fikrincə, qurultayı çağırmaqda əsas məqsəd başqanın dəyişdirilərək yerinə Isa Qəmbərin gətirilməsi kimi başa düşülməməlidir.

Ramin DEKO