Qeyri-neft sektoru necə öldü?

«Son doqquz ayda qeyri-neft sektorundan olan malların ixrac səviyyəsi aşağı düşüb ki, bu da milyonlarla itki deməkdir»

Nemət Əliyev: «Neft gəlirlərinin yüksək olduğu vaxtda qeyri-neft sektoruna diqqət ayırmayan hökumətin, bunu gəlirlərin azaldığı zaman edəcəyi inandırıcı deyil»

Neftin dünya bazarında qiymətinin sürətlə enməsi gəlirləri neft satışından asılı olan ölkələrə ciddi xəbərdarlıqdır. Çünki hazırda cərəyan edən tendensiya onu deməyə əsas verir ki, neftin qiymətində eniş hələ bir müddət də davam edəcək. Bu isə o deməkdir ki, neftdən gələn gəlirlərə arxayınlıq ciddi fəsadlar törədə bilər. Amma neftin qiymətinin enməsi ilə bağlı prosesləri şərh edən hökumət təmsilçiləri bəyan edirlər ki, Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunun gücü hesabına yaranmış vəziyyətdən çıxmağa qadirdir. Yəni neftin qiymətinin düşməsi Azərbaycanda heç bir fəsad törətməyəcək. 

İqtisadçı Nemət Əliyev hesab edir ki, hakimiyyətin neftin qiymətinin düşdüyü bir ərəfədə verdiyi bəyanatlar səmimilikdən uzaqdır. N.Əliyev vurğuladı ki, neft gəlirlərinin yüksək olduğu bir vaxtda hökumət qeyri-neft sektoruna diqqət ayırmadığı halda, neft gəlirlərinin aşağı düşdüyü zaman bunu edəcəyi az inandırıcıdır. Qeyri-neft sektorunda ən böyük sahələrdən birinin aqrar sektor olduğunu söyləyən N.Əliyev bildirdi ki, məşğul əhalinin daha böyük hissəsi məhz burada çalışır: «Amma aqrar sektorda məhsuldarlıq hər il aşağı düşür. Hazırda aqrar sahədə elə vəziyyət yaradılıb ki, insanlar ümumiyyətlə istehsaldan beziblər. İlin sonunda çəkdikləri zəhmətin müqabilində insanların əlinə bir şey gəlmir. Bundan başqa insanlarımızın məşğul olduğu ikinci ən böyük sahə nəqliyyatdır. Amma hər il Azərbaycanın dövlət büdcəsindən ayrılan investisiyaların 20-25 faizi məhz bu sahəyə yatırılır. Lakin dəmiryolunda vəziyyəti gözünüzün önünə gətirsəniz, dəhşətə gələrsiniz. Dəmiryolunda yük daşımaları azalıb, Yük dövriyyəsi aşağı düşüb. Sərnişindaşıma xidməti demək olar ki, batıb. Su nəqliyyatında və hava yollarında da oxşar vəziyyətdir. Neçə ildir ki, Azərbaycan hökuməti bu sahədən gəlir götürə bilmir».

Ölkədə turizm sahəsinin yatıralan investisiyalar sahəsində müəyyən səviyyəyə gətirildiyini deyən N.Əliyev vurğuladı ki, amma buna baxmayaraq ölkədəki insan hüquq və azadlıqlar o səviyyədədir ki, dünyanın heç bir ölkəsinin vətəndaşı Azərbaycana istirahətə gəlmək istəməz. Əksinə Azərbaycan vətəndaşları istirahət üçün məkan olaraq qonşu Gürcüstanın turizm mərkəzlərini seçirlər: «Azərbaycanın regionlarındakı infrastruktur bərbad vəziyyətdədir. Ölkənin qeyri-neft sektorundan ixrac olunan malların səviyyəsinə baxanda durumun acınacaqlı olması nəzərə çarpır. Gömrük Komitəsinə istinadən Statistika Komitəsi doqquz ayın məlumatın yayıb. Məlum olub ki, qeyri-neft sektorundan olan malların ixrac səviyyəsi aşağı düşüb. İxracın aşağı düşən həcmi milyon dollarla ölçülür. Əgər belədirsə, o zaman Azərbaycan hökuməti nəyə istinad edir».

İxracın səviyyəsinin son doqquz ayda 2.1 milyon dollar azaldığını deyən N.Əliyev bildirdi ki, burada neftin də təsiri olsa da, ümumilikdə ziyanı qeyri-neft sektoru məhsullarından gəlir. 

Xəyal