Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
12 oktyabr mitinqindəki “IŞID təxribatı” haqqında nə demək olar?
Təfərrüatlara varmayacam. Aksiyada olanlar hər şeyi gözləri ilə gördülər. Mitinqə gəlməyənlər isə artıq üç gündür bu mövzuda yazılıb-pozulanlardan söhbəti bilirlər.
Gəlin bir anlıq təsəvvür edək ki, bu, rejim mənsublarının iddia etdiyi kimi, təxribat-zad deyildi, orada terror təşkilatı bayrağını qaldıranlar həqiqətən də IŞID simpatizanları idilər.
Bəyəm bu nəyi dəyişir? Guya bu, yaşanan olayın təhlükəlilik dərəcəsini azaldırmı? Axı hardan peyda olur belələri? Necə yetişirlər? Ən əsası – baiskar yenə rejimin özü deyilmi?
Axı nə qədər yazmaq və demək olar ki, belə qanlı örgütlərin ortaya çıxmasının əsas səbəbləri – ədalətli cəmiyyət qurmamaqdır. Təhsili və mədəniyyəti yox etməkdir. Səfalətdir. Yalançı statistikalarla, “prispika”larla yaradılmağa, varmış kimi göstərilməyə çalışılan analoqsuz inkişafdır. Sosial bərabərsizlikdir. Hüququn üstünlüyünün yox edilməsi, milli iradənin xor görülməsidir. Ədaləti yerdə tapmayanların göylərin mərhəmətinə sığınması, əli hər yerdən üzülənlərin illər uzunu yığılan qəzəb və aqressiyasının püskürməyə başlamasıdır.
Axı nə qədər yazmaq və demək olar ki, siyasətin meydanını daraltmaq silahlı güclərə meydan verməkdir.
Sivil müxalifətçiliyi yasaqlamaq IŞID-çiliyə, Hizbullahçılığa, əl-Qaidəçiliyə “yaşıl işıq” yandırmaqdır.
Bu gün terrorun meydana gəldiyi, at oynatdığı, alovlandığı ölkələrin siyahısına baxın. Onların hansında mütərəqqi idarəçilik var? Hansında bəşəri ideyalar hakimdir? Hansında qanunun aliliyi, azadlıqların toxunulmazlığı bərqərardır? Hansında elmin, mədəniyyətin uğurlarından danışmaq mümkündür?
Ən dəhşətlisi: türk-müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaratmış;
– əksər gəlişmiş ölkələrdən daha əvvəl qadına seçib-seçilmək haqqı tanımış;
– digər Islam ölkələri ilə müqayisədə teatrın, qəzetin, operanın daha əvvəl ayaq açmağa başladığı;
– hələ 200 il öncədən bəşəri dəyərlərə bağlı, aydın, maarifçi nəslin yetişdiyi bir ölkənin indi gəlib düşdüyü vəziyyətə baxın: onun vətəndaşlarının səsi Suriyada “cənnət uğrunda” döyüşlərdən, Iraqda xilafət naminə savaşlardan gəlir. Ətək-ətək pul töküb qoluzorlu, qoçu kimi yetişdirdikləri idmançıların belə səsi artıq cihadın ön cəbhəsindən gəlir. Ələmuçurmaq, cinçıxarmaq adiləşir. “Şəriətin kəsdiyi başa sorğu-sual yoxdur”, “şəriətin kəsdiyi barmaq ağrımaz” – artıq cəhalət çağlarının mirası olan bu söyləmləri adamların dilindən daha tez-tez eşidə bilərsiniz.
Bu mənzərənin, bu əsərin “müəllifi” məhz Azərbaycanın indiki çağdışı, antidemokratik idaretməsi deyilsə, bəs kimdir?
Lap tutaq ki, 12 oktyabr mitinqində başı üzərinə IŞID bayrağı qaldıranlar təxribatçılar, yaptokratiyanın öyrədilmiş adamları deyildilər, onları ora rejim məqsədli şəkildə göndərməmişdi. Hə, nə olsun? Bu IŞID qafalıları yetişdirən ki, sizin Azərbaycanı təhsilsiz, elmsiz qoyan, onu qapalı ölkəyə çevirən, ədalətsizlik və hüquqsuzluqla bəslənən siyasətinizdir. Deməli, hansı üzünə çevirsək, məsuliyyət mövcud idarəetmədən qeyrisinin üzərində deyil və ola bilməz.
Işin başqa ilginc tərəfi var: bir müddət əvvəl üzərində Rəsulzadənin şəkli olan köynək geyən gəncləri polislər küçələrdən elə amansızcasına dənləmişdi ki, zənn edərdin, onlar əl-Qaidə döyüşçüləridir, köynəyin üzərindəki şəkil də Rəsulzadənin yox, bin Ladenindir. Amma 12 oktyabrdakı mitinqdə IŞID bayrağı qaldıranlar qarşısında polis səssiz idi. Hətta terror örgütü bayrağına bürünənləri zərərsizləşdirməyə çalışan müxalif gənclərə acıqlanırdılar da.
Təkcə bu səhnənin özünün hansı acı nəticələr doğuracağının doğrudanmı başa düşmürlər?
Doğrudanmı, bu səhnədən sonra toplumda IŞID-ə və yaxud hansısa başqa bir terror təşkilatına simpatizanlıq etməyə görə insanı hər hansı cəza gözləmədiyi təəssüratını yaratdıqlarının da fərqində deyillər?
Azərbaycana zülmün, pisliyin, yamanlığın bu qədərini də necə qıya bilirsiniz, cənablar?!
Necə axı, necə, necə, necə?!