“Rəsulzadənin Müsavatını sadəcə qəlbimizdə yaşatmaq qaldı”
Müsavat partiyasında mübahisələr səngimək bilmir. Başqan Arif Hacılıyla Qubad İbadoğlunun tərəfdarlarının bir-birlərinə yönəlik ittihamlar davam edir.
“Biz heç nə itirmədik, bizləri itirdilər”
Müsavat partiyasını daha bir gənc tərk edib. Bu dəfə istefa bəyənatını Amid Süleymanov verib. O, özünün “Facebook” səhifəsində yazıb: “2005-ci ildən qeyri rəsmi dəstəkçisi, 2011-ci ildən isə rəsmi üzvü olduğum Müsavat partiyasından istefa verirəm. Müsavatdan getməyimə səbəb uzun illər bu yolda həyatını qoyan çox dəyərli şəxslərin övladları olan gənclərə belə partiya rəhbərliyini tənqid etdikləri üçün çəkinmədən iftiraların atılması, təhqir olunmaları (məlum gizli qrupda) və ən acınacaqlısı isə həmin şəxslərin partiyada hegemonluq etməsi, onlara “gözün üstə qaşın var” deyənin olmamasıdır. Vəziyyət o həddə çatıb ki, həmin şəxslər çox rahat şəkildə partiyanın hansısa seçkili orqanına namizədliklərini verirlər. Gizli qrupda və açıq şəkildə Qubad İbadoğlunu dəstəkləyən müsavatçıları təhqir edənlərə qarşı bugünə qədər tədbir görülməyən və bu etik sərhədlərin tapdalanmasına göz yuman rəhbərliyi olan bir partiyada qalmağın heç bir mənası yoxdur. Rəsulzadənin Müsavatını sadəcə qəlbimizdə yaşatmaq qaldı. Biz heç nə itirmədik, bizləri itirdilər. Yolumuza davam edirik”.
Qubad İbadoğlu İsa Qəmbərə cavab verdi
Müsavat başqanlığına keçmiş namizəd, iqtisadçı alim Qubad İbadoğlu İsa Qəmbərə etiraz edib. Qubad İbadoğlu Müsavatın keçmiş başqanı İsa Qəmbərin partiya Məclisinin son iclasında qoyduğu suallara aydınlıq gətirib. O, özünün “Facebook” hesabında bunları qeyd edib: “Mətbuatda geniş yer almış bir məsələyə dair mövqeyimi gec də olsa bölüşmək istərdim. İsa Qəmbərin partiya Məclisinin son iclasında qoyduğu sualların hər birinə aydın və faktlara söykənən cavablarım vardır. Onlardan birini indi açıqlayıram: mən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin məqsədli şəkildə bir namizədin xeyrinə formalaşdırılmış tərkibinə etiraz əlaməti olaraq, səsvermələrdə iştirak etməməklə, onun legitimliylini bir neçə iclas ərzində tanımamışam. Sonradan gərginlik yaratmamaq üçün kompromisə gedərək, müzakirələrdə və səsvermədə iştirak etmək qərarını vermişəm. Digərlərinə gəlincə, “Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair Arayış”da qoyulan məsələlərə partiyanın müvafiq strukturlarından cavab alandan sonra onların da hər birinə dair mövqeyimizi açıqlayacağıq. Baxmayaraq ki, təqdim olunan arayışda qoyulan məsələlər artıq İsa Qəmbər tərəfindən araşdırma başlamışdan əvvəl şübhə altına alınıb, lakin biz müraciətimizə rəsmi cavabı gözləyirik”.
“Arif Hacılı mənə hücum etdirir”

“Arif Hacılı tərəfdarlarının Əhliman Abbasdan sonrakı hədəfi mənəm” – bunu aznews.az-a açıqlamasında Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib.
O, bildirib ki, Arif Hacılı tərəfdarları sosial şəbəkələrdə onu istefa verməyə səsləyən fikirlər yazırlar: “Bizdə iki təşkilat var. Müsavat Gənclər Təşkilatı və Müsavat Qadınlar Birliyi. Açıq şəkildə yazırlar ki, Əhliman Abbas getdi. Bəs o biri təşkilatın sədri nə vaxt istefa verəcək? Onlar məni nəzərdə tutur. Mən Qubad İbadoğlunu dəstəklədim. Məim üçün gələcək, prespektiv daha önəmlidir, nəinki bu günüm. 26 ildir ki, siyasətdəyəm. Müsavat ideologiyası ilə mübarizə apardım. İndi bu idealogiyadan kənara çəkilə bilərəmmi?”
E.Məmmədlinin sözlərinə görə, ona qarşı başlanan kampaniyanın arxasında bir məqsəd dayanır: “Mən Müsavatın Qadınlar Birliyi sədri postuna Arif Hacılının istəyi ilə seçilmədim. Qadınların istəyi və səs çoxluğu ilə seçildim. Onun isə başqa namizədi vardı. Seçilən gündən mənə qarşı hücum var. Bu hücumların arxasında indiki başqanın dayandığı məlumdur. Hələ ki, heç nə edə bilməyiblər. Çünki əllərində nə fakt, nə də bir sənəd var. Mən bir dəfə olsun Müsavatçılıq ideologiyasından kənara çıxmamışam. Əksinə, Qadınlar Birliyi özünü təsdiq edib, biz iş görürük”.
“Bütün bundan sonra Müsavat Qadınlar Birliyinin sədri E.Məmmədlinin istefası gözlənilirmi” sualına onun cavabı belə oldu: “Bizim iradlarımız ortalıqdadır. Hələ ki, şikayətimizə baxan qurum yoxdur. Ona görə də bu, sual altındadır. İkinci bir məsələ, əgər şikayətimizə baxılsa, təsdiq olunsa ki, seçkidə heç bir pozuntu olmayıb, başqan Arif Hacılı qanuni seçilib niyə də onunla işləməyim? Mənim üçün Müsavat Partiyasının başqanının kim olması vacib deyil. Mənim üçün Müsavat və onun idealogiyası var. Mən 26 ildə məhz bunun üçün mübarizə aparıram”.
“Mən onların bu mövqelərinə görə təəssüf edirəm”

“Əgər hər hansı bir qrupda və ya profildə kimsə Müsavatın Nizamnaməsinə uyğun olmayan, üzvlərin və ya hər hansı bir vətəndaşın şərəf və ya ləyaqətini alçaldan fikirlər işlədibsə, bu məsələlər barədə də partiyanın müvafiq strukturlarına şikayət vermək lazımdır” – bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı qurultaydan sonra partiyadakı istefalara münasibət bildirərkən deyib. O, bir qrup gəncin istefasına təəssüfləndiyini və bunun yanlış addım olduğunu söyləyib: “Müsavat Partiyasının bəzi üzvləri qurultayın nəticəsindən narazı qalaraq partiyanı tərk etdikləri barədə açıqlamalar veriblər. Mən onların bu mövqelərinə görə təəssüf edirəm. Çünki xüsusilə gənclərin belə bir qərar qəbul etməsi əslində həm siyasi, həm də praqmatik baxımdan yanlışdır. Onların həyatında hələ çoxsaylı seçkilər olacaq və yəqin ki, bu seçkilərin bir çoxunda da qələbə çalmaq imkanları yaranacaq. Əgər demokratik prosesdə iştirak edirsənsə, bilməlisən ki, sənin qalib gəldiyin də, məğlub olduğun da seçkilər olacaq. Xüsusilə gənclərin bir seçkidə istəklərinin həyata keçməməsi ilə bağlı istefa vermələri təəccüblüdür”.
A. Hacılı “gənclərin istefasında başqanlığa sabiq namizəd Qubad İbadoğlunun təsiri ola bilərmi?” – sualına belə cavab verib: “Mənə elə gəlir ki, bu adamlar siyasi cəhətdən kifayət qədər yetkin insanlardır və öz qərarlarını müstəqil olaraq qəbul ediblər”.
A. Hacılı Q. İbadoğlunun qurultaydakı seçki pozuntuları ilə bağlı şikayətinin araşdırıldığını qeyd edib: “Müsavat Partiyasının müəyyən strukturlarına arayış təqdim olunub. Bu arayış araşdırılacaq, bütün suallara cavab veriləcək. Partiya strukturlarında məsələlər Nizamnaməyə uyğun həll olunur. Əgər kimlərinsə hansısa nöqsanlara yol verdiyi barədə faktlar aşkarlanacaqsa, Nizamnamə çərçivəsində müvafiq qərar veriləcək”.
Müsavatın yeni başqanı partiya üzvlərini qarşılıqlı ittihamlara son qoymağa çağırıb: “Mən dəfələrlə bu cür ittihamların dayandırılmasını xahiş etmişəm. Sevinirəm ki, partiya üzvlərinin mütləq əksəriyyəti mənim çağırışıma qoşularaq, birtərəfli qaydada bu cür çıxışlara moratorium qoydular. Ancaq bu məsələlərin özünə də bir faciə kimi yanaşmaq düzgün deyil. Əgər biz demokratik cəmiyyət qurmaq istəyiriksə, Müsavat Partiyasını demokratik üsullarla idarə etmək istəyiriksə, partiya içində olan fikir ayrılıqlarına da plüralizmin təzahürü kimi yanaşmalıyıq. Ancaq kiminsə addımlarında Müsavat Partiyasının Nizamnaməsini pozan məqamlar varsa, bu hərəkətlər barədə müvafiq strukturlara şikayət edilməli və şikayətə obyektiv baxılaraq, müvafiq qərarlar verilməlidir”.
A. Hacılı “Facebook”da Q. İbadoğlunu dəstəkləyən partiya üzvlərinin təhqirə məruz qaldığı hər hansı qrupdan xəbərsiz olduğunu, bu qrupların onun adı ilə bağlanmasının həqiqətə uyğun olmadığını vurğulayıb: ““Facebook”da yüz minlərlə qrup var. Bu qruplar ilk növbədə onları yaradanlara məxsusdur. Mən bu yaxınlarda hansı qrupların üzvü olmağımla maraqlandım. Məlum oldu ki, 352 qrupun üzvüyəm və bu qruplar ayrı-ayrı mövzularda tanımadığım adamların adına açılan, bir çoxu mənim maraq dairəmə ümumiyyətlə, uyğun olmayan qruplardır. Təxminən 10 qrupdan çıxdım”.
A. Hacılı Müsavat Partiyasının ayrı-ayrı adamların tərəfdarlarına və qruplara bölündüyü barədə fikirlərlə razılaşmayıb: “Müsavat Partiyasında heç bir namizədin tərəfdarı yoxdur. Mən bu bəyanatı qurultaydan dərhal sonra vermişəm. İndi partiyanın bütün üzvləri vahid komanda şəklində fəaliyyət göstərməlidir və mən düşünürəm ki, yaxın zamanlarda seçki kampaniyası dövründə yaranmış rəqabət əhval-ruhiyyəsi aradan qalxacaq. Mən Müsavat Partiyasını heç vaxt kimlərinsə tərəfdarlarına bölməmişəm. 25 ildir siyasətlə məşğulam, heç vaxt “mənim tərəfdarlarım”, “mənim komandam” ifadələrini işlətməmişəm. İstər Xalq Cəbhəsində, istərsə Azərbaycan hakimiyyətində, istərsə də Müsavat Partiyasında fəaliyyət göstərdiyim zaman həmişə çalışmışam ki, üzvü olduğum siyasi təşkilatın, siyasi hökumətin vahid komandası olsun”.


