avroparlament1

“Azərbaycanda totalitarizm hökm sürür”

Avropa Parlamentinin beyin mərkəzi Əliyevə öhdəliklərini xatırlatdı

Avropa Parlamentinin (AP) üzvlərinə beyin mərkəzi kimi materiallar hazırlayan araşdırma xidmətinin saytında “Azərbaycanda insan hüquqlarının vəziyyəti” başlıqlı məqalə dərc edilib. Məqaləni mərkəzin əməkdaşı Jak Lekart hazırlayıb. Məqalədə deyilir: “Ən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycanı insan hüquq və azadlıqlarını çox sərt şəkildə məhdudlaşdırıldığı ölkə hesab edir. AB ilə Azərbaycan arasında ”strateji modernizasiya tərəfdaşlığı” adlı sənəd müzakirə olunduğu vaxtda, bu ölkədə insan hüquqlarının kobudcasına pozulması halları ilə bağlı  AB və AŞPA ciddi narahatçılığını ifadə etmişdi.

Son durum

“Freedom House” təşkilatı Azərbaycanı totalitar ölkə kimi xarakterizə edərək bildirir ki, “bu ölkədə insan hüquq və azadlıqları amansızlıqla məhdudlaşdırılır və bu proses daimi xarakter daşıyır. Ölkədə siyasi hakimiyyət Ilham Əliyev və  hakim partiyanın əlində cəmləşib. Hökumət, parlament və yerli hakimiyyət bir partiyanın nəzarətindədir. Dövlət başçısı orduya rəhbərlik edir, iqtisadiyyatın əsas sektorları da onun nəzarətindədir. Beynəlxalq müşahidəçilərin rəyinə görə, 2010-cu ildə parlament, 2013-cü ildə keçirilən prezident seçkilərinin nəticələri total şəkildə saxtlaşadırılıb. Hökumətin daimi repressiyaları nəticəsində müxalifət zəif duruma düşüb. Nüfuzlu beynəlxalq təşkilatların hesabatları göstərir ki, son dövrlərdə fundamental azadlıqların sərt şəkildə məhdudlaşdırılması, jurnalistlərin və hüquq müdafiəçilərinin həbsləri hakimiyyətin daimi kampaniyasına çevrilib. Mətbuatın çox böyük hissəsi hakimiyyətin nəzarətindədir və digərlərinin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. ”Human Rigths Watsh” təşkilatının hesabatında göstərilir ki, ədliyyə sistemi korrupsiyaya uğrayıb, qanunsuz həbslər və saxlamalar, işgəncələr, məhbusların müalicəsinə, vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə imkan verilməməsi adi hal alıb. Azərbaycanla Ermənistan arasındakı konflikt regionda sabitlik üçün başlıca əngəl olaraq qalır. Naxçıvan Muxtar Respublikası (NMR) “Sərhədsiz Reportyorlar” Təşkilatının göstərdiyi kimi, ölkədə repressiya laboratoriyası funksiyasını həyata keçirir. Naxçıvanda sınaqdan çıxarılmış repressiv metodlar, ölkənin başqa ərazilərində geniş şəkildə tətbiq olunur”.

Beynəlxalq konvensiyalar

“Azərbaycan 1992-ci iildən BMT-nin üzvüdür. Bu müddət ərzində Azərbaycan Respublikası çoxlu sayda beynəlxalq konvensiyanı ratfikasiya edib. Onların bəzilərinin adını çəkmək yerinə düşərdi. Işgəncələrə və Zorakılığa qarşı konvensiya, Mülki və Siyasi hüquqlar üzrə beynəlxalq Konvensiya, Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarını Istisna edən Konvensiya, Irqi Ayrı-seçkiliyin Bütün Formalarını Istisna edən Beynəlxalq Konvensiya, Iqtisadi-Sosial və Mədəni Hüquqlar haqqında Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya, Miqrantlar və Onların Ailə Üzvlərinin hüquqlarını Müdafiə edən Konvensiya, Əlillərin Hüquqlarını Müdafiəsi konvensiyası.

AŞ PA öhdəlikləri

2001-ci ilin yanvar ayından Azərbaycan AŞPA-nın üzvüdür. Həmin vaxtdan Azərbaycan “Insan Hüquqlarının və Fundamental Azadlıqlarının Qorunması” konvensiyasına qoşulub. 2013-cü ilin yanvarında AŞ Parlament Assambleyası Azərbaycanla bağlı qətnamə qəbul edib və bu ölkədə insan hüquq və  azadlıqlarının ciddi şəkildə məhdudlaşdırılmasına etirazını bildirib. Insan hüquq və azadlıqlarını kobudcasına pozan hökumətin Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsini Böyük Britaniyanın “Ekonomist” jurnalı AŞ PA-nın nüfuzunu sarsıdacaq hadisə kimi qiymətləndirib.

Azərbaycan və AB

Azərbaycan-AB əlaqələri 1990-cı ildən başlayıb. Həmin ildə, Azərbaycanla Avropa Birliyi (AB) arasında “Tərəfdaşlıq və Əməkdaşlıq” razılaşması imzalanıb. Bu razılaşmanın 71-ci maddəsində tərəflər üzərinə insan hüquq və azadlıqlarının qorunması sahəsində əməkdaşlıq etmək öhdəliyi götürüb. 2004-cü ildə, AB Azərbaycanla “Avropa Qonşuluq” proqramı sahəsində əməkdaşlığı genişləndirib. 2006-cı ildə bu proqram çərçivəsində Fəaliyyət Planı qəbul olunub. Bu sənddə qanunun aliliyi, insan hüquqları və fundamental azadlıqların qorunması prioritet elan olundu. 2009-cu ildə Azərbaycan “Şərq Tərəfdaşlığı” prosesinə qoşuldu. 2010-cu ildə Azərbaycanla AB arasında Assosiasiya razılaşması üzrə müzakirələr nəticəsiz başa çatdı. Göstərilən səylərə baxmayaraq, bütün bu müddət ərzində insan hüquq və azadlıqları sahəsindəki vəziyyət kəskin şəkildə pisləşib. Azərbaycan hakimiyyətinin apardığı repressiv siyasət Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı qətnamə qəbul etməyə məcbur etdi. Qətnamədə Leyla Yunus, Arif Yunus, Intiqam Əliyev, Rəsul Cəfərov və Həsən Hüseynlinin dərhal azadlığa buraxılması ilə bağlı tələb qoyuldu. Bundan əlavə, qətnamədə Azərbaycanla bundan sonrakı münasibətlərdə demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına hörmət məsələsi AB-Azərbaycan əlaqələrində böyük əhəmiyyət kəsb edən məsələ kimi qeyd olundu.

azadliq.info