Azərbaycan siyasətində yeni dövr yetişirmi?


İki gün əvvəl Etibar Hüseynovun (deputat yerini qəsb edən şəxs, lidertv-də ən alçaq ifadə və üslublarla müxalifəti hədəfə alan şəxs) ağzından yapçı deputat Aydın Mirzəzadə vuranda düşündüm. Nə baş verir? Nə üçün müxalifəti söyməklə ailə saxlayan, karyera quran bir adam hakimiyyət üçün arzuolunmaza çevirilib? Fikir veririksə, Etibar demək olar deputat olandan təpəqarama edilib, hər kvartalda elə yapçı deputatlardan, spikerdən tənə dolu sözlər qəbul edir. Adamı elə günə qoyublar ki, dərdini yaza da bilmir, gücü ancaq ona çatır ki, facebook-da Çe Gevaranın-filanın şəkillərin paylaşıb öz aləmində daxili üsyan edir.

Qısa və səthi analiz edəndə görürük ki, Etibar daha çox 2 adamın müdafiəsində qalıb. Bunlar isə onun cinayət ortaqları, lider tv-də onunla eyni mənəvi terrorda əli olanlar- Sahil Kərimli və Vüsal Məmmədovdu.

Sahil Kərimli işindən dolayı (o daxili işlər nazirliyinin əməkdaşıdır) mövqeyini açıq göstərə bilməsə də, Vüsal Məmmədov bu gün dözməyib dilə gəlib. Baxımsızlıqdan, hakimiyyətin onları işlədib kənara atmasından şikayətlənib, bəzi səngərdaşlarını şantaj da edib.

Bu arada onu da yada salaq ki, bu üç adamın söyüşlə karyera qurmasına səbəb olan lider tv özü belə son ad gününə bunları dəvət etməmişdi. Bu adamlar da çox müəzzəm sürətdə facebookda ağlaşma qurmuşdular.

Vüsal Məmmədovun yazısı düşünmək üçün yaxşı materialdı. Adam rəsmən fəryad edir. Bizi nədən tərk etmisiniz deyə o, ağaları qarşısında aciz-aciz suallar qoyur. Fürsətdən istifadə edib hakimiyyətin uyğun yerinə girib xoşbəxt həyat sürənləri də hədəfə alıb. Məncə, bu gözüçıxan qardaşdan- Etibar Hüseynovdan götürülən ibarət dərsidir.

Adam dərk edir ki, onun da ağzının üstündən şalapağı öz çörək verənləri vura bilər. 

Bu isə çox dəhşətli bir faciədir, kim də bilməsə, o yaxşı başa düşür ki, lider tv-də insanların ləyaqətini hədəfə almağı, gic-gic saytlardakı hədyanları onun özü və eləcədə yaxınları üçün məsuliyyət doğurub (o, adını çəkmək istəmədiyim 3 sayta gizli rəhbərlik edir. Bu saytlarda müxalifət və azad fikirli insanlar ən pis formada aşağılanır, təhqir edilir). Bu gün onun dalında hökumətin iki-üç adamı dayanırsa, sabah o adamlar dalından çəkilsə onun aqibəti necə olacaq?

Günün sualı isə başqadır, başlığa çıxarılan və “bu söyüşcüllər qəzəbəmi gəlib”dir.

Realdır ki, bu söyüşlə yaşayanlar hansısa formada çaşıblar, ona görə hökumət də onların üstündən xətt çəkib. Nolsun, hakimiyyət üçün xidmət göstəriblər. Bu xidmət necə olub ki. Söyüş söyüblər də. Bunu eləmək belə çətindir ki? Söyüş söymək istedad istəmir, savadı heç istəmir, vicdansızlıq, söyüşün geri qayıtma riskini almaq peysərliyi istəyir, vəssalam. 

Bizim hökumətin belə bir cəhəti var, kefi istəyəndə ona xidmət edənləri də uf demədən qurban verə bilir. Əli İnsanova, Rəfael Allahverdiyevə, Sirus Təbrizliyə, Hüseyn Abdullayevə baxanda etibar-filan uşaq-muşaqdır.

Amma könül istərdi ki, nə qədər qeyri-real olsa da, bu söyüşçüllərin iqnor olunması hakimiyyətin düşünülmüş siyasəti olsun. Azərbaycan ictimai fikrinin belə zərərli insanlardan uzaq tutumlası hər kəs üçün faydalıdır. Yaxın keçmişdə insan şərəf və ləyaqətinə qəsd edən yazıların dayandırılması barədə az-çox müzakirələr aparılıb. Bəzən qısa müddətə də olsa, belə müzakirələr fayda da verib. Amma bu müzakirələr həmişə belə bir yerdə tormuzlanırdı. Təhqirləri birinci kim başlayır? Iqtidar tərəfi iddia edirdi ki, müxalifət, müxalifət isə deyirdi ki, biz təhqirin pikə çatdığı anda dilə gəmişik. İndi isə optimal qərar vermək üçün əlaltında çox keçərli dəlillər var.

Bu təhqir mühitini alovlandıranlar hökumət tərəfdən kim idi, yazdıq. Bəs müxalifət düşərgəsindən

əminliklə demək olar ki, onların çoxu artıq islah olub və hakimiyyətin öz medai quruluşlarında (əsasən Aynur Camalqızı holdinqdə, “Yeni Azərbaycan” qəzetində,elm fondunda) hakim siyasəti təbliğ etməkdədilər. Kim şübhə edirsə, adbaad mübahisəyə hazıram. İlham Əliyevi, onun atasını təhqir edən insanlar indi hakimiyyətdən ən yüksək maaş alanlardı. Beləliklə, bu təhqir və təhqirbazlardan çəkinmə məqsədyönlü siyasətdirsə, bu, bəyan olmağa layiqdir!