Rusiyalı generalı Bakıya gətirən üç səbəb

“Kommersant” Şoyqunun Bakı səfərinin gizlinlərini açdı

Rusiyanın “Kommersant” qəzeti müdafiə naziri Sergey Şoyqunun Bakı səfərindən bəhs edən geniş yazı dərc edib. Yazıda qeyd olunur ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakı danışıqlarının bir hissəsi silah təchizatına aid olub.  Qəzetdəki hərbi mənbənin məlumatına görə, hərbi-texniki əməkdaşlıq səmərəli inkişaf edir: 2010-cu ildən  2012-ci ilədək ümumi məbləği 4 milyarda yaxın müqavilə imzalanıb. “Rosoboroneksport”un xəttilə silah göndərilməsinin  ümumi həcmi ilin sonunadək 5 milyarda çata bilər.

Bundan əlavə, Azərbaycan “Bal-E” sahil  raket kompleksinin alışına maraq göstərir. Bu raket kompleksi artıq RF Xəzər donanmasının silahları arasında var. Qəzetin məlumatından belə nəticəyə gəlmək olar ki, 2014-cü ildə Azərbaycan Rusiyadan 1 milyardlıq dollarlıq silah alacaq.

Rusiya müdafiə naziri Azərbaycandakı müzakirələrdə əsasən Xəzərdə təhlükəsizlik məsələlərinin mühzakirə olunduğunu bəyan edib. Xatırladaq ki, Həştərxanda qəbul olunan bəyanata Dövlət Departamentinin sərt reaksiyası gəlmişdi. ABŞ-ın etirazına səbəb rusiyanın Xəzərdə başqa bir xarici dövlətin bayrağının dalğalanmasına qadağanın qəbuluna çalışması idi.

Bundan başqa Şoyqunun Azərbaycana İŞİD təhlükəsinin olduğu ilə bağlı mesajı da maraq doğurur. Belə bir mesajın nə məqsədlə səsləndirildiyi bir sıra suallar yaradır?

Vəfa Quluzadə: «Azərbaycan Rusiyadan silah aldıqdan sonra bu dövlətdən asılı vəziyyətə düşür»

Onu da qeyd edək ki, qəzetimiz Şoyqunun səfəri ərəfəsində politoloq Vəfa Quluzadə ilə müsahibədə səfərin məqsədinə toxunmuşdu. O zaman V.Quluzadə “Kommersant” qəzetinin indi yazdığı silah satışı məsələsini dilə gətirmişdi.

V.Quluzadə bu dəfə isə qeztimizə açıqlamasında bildirdi ki, Rusiya mətbuatında yazılanlar reallığa uyğundur. Çünki Rusiya iqtisadi böhrandan çıxmaq üçün yollar axtarır. Rusiyanın hazırda təklif edəcəyi ən keyfiyyətli malın məhz silahı olduğunu deyən V.Quluzadə vurğuladı ki, bu alış-veriş Kremlə sərf edir: «Çünki Azərbaycan Rusiyadan silah aldıqdan sonra bu dövlətdən asılı vəziyyətə düşür. Alınan silahın hissələrinin, sursatının mənbəyi Rusiyadadır».

Şoyqunun səfəri zamanı müzakirə olunan məsələlərə gəlincə isə V.Quluzadə hesab edir ki, Azərbaycan Şoyqu vasitəsilə Kremlə müəyyən mesajlar göndərə bilər. Amma Şoyqu özü hər hansı məsələni çözmək və həll yolları təklif etmək səlahiyyətində olan şəxs deyil. Rusiya müdafiə nazirinin İŞİD-lə bağlı səsləndirdiyi fikirlərə gəlincə isə, V.Quluzadə hesab edir ki, nisbət baxımından İŞİD təhlükəsi Azərbaycandan çox Rusiya üçün mövcuddur. «Çünki Rusiya tərkibində yaşayan müsəlmanları əsarəti altında saxlayır. Rusiya müsəlmanları özünə zor yolu ilə birləşdirib. Ona görə də müsəlmanlar Rusiya hakimiyyətindən narazıdır. Azərbaycana daha real təhlükə İŞİD-dən yox, Rusiyanın yürütdüyü siyasətdən və Ermənistandan gəlir», deyə V.Quluzadə vurğuladı.

Xəyal