“Arif Hacılının məclisi yeni bir komissiya yaratsa yerinə düşər ortaya ciddi faktlar qoyulur, cavab vermək əvəzinə təhqir kampaniyası başlayır”. Hafta.az-ın məlumatına görə, bu fikri başqanlığa namizəd olmuş şəxs Səxavət Əlisoy deyib. O bildirib ki, Arif Hacılının dəstəsinin durması mümkün deyil:
“Gənclərlə işi “uğurla” bitirə bildilər. Əhsən. Sırada deyəsən, Ellada xanım və Vurğun Əyyub dayanır. Talışxanlı demişkən, növbədə hələ çox ziyalı var . Qırmızı xətt-filan tanımadan ömrünün 20-25 ilini mücadiləyə sərf etmiş insanların üstünə gedirlər. Bu zatlardan biri ilə təsadüfən görüşdük, söhbət əsnasında “yazdıqlarını bir dəfə valideynlərinə göstər, sonra davam et, dedim”. Qayıtdı ki, “qalibləri mühakimə etmirlər, bəy”.
Zatən, bu cavabdan savayıbir şey də gözləmirdim. Artıq ox yaydan çıxıb və belə bir durumda Arif Hacılının məclisi dəstənin ən “bərkgedən” təhqirçilərindən və qoluzorlulardan ibarət bir intiqam komissiyası yaratsa yaxşı olar. Kim bir tənqidi fikir söyləsə, bu komissiya dərhal onu cəzalandırmalıdır. Analitik mərkəzə artıq ehtiyac yoxdur. Bunun əvəzinə intiqam komissiyası yaranmalıdır”.
Qeyd edək ki, Müsavat partiyasında 27 sentyabrdan etibarən başlayan “söz müharibəsi”ndə “atəşkəs” hələ də əldə olunmayıb.


