Bir qədər əvvəl mətbuatda Müsavat Partiyasının VIII qurultayında seçilmiş Məclis və MNTK üzvülərinin qeyri- legitimliyi haqqında fikirlərimi mətbuatda açıqlamışdım. Bildirmişdim ki, nizamnaməyə görə Məclis və MNTK-ya seçilmiş şəxslərin səlahiyyəti ya qurultay tərəfindən təsdiq edilməli, ya da qurultay köhnə Məclisə, Divana və yaxud da yeni seçilmiş başqana belə bir səlahiyyət verməli idi. Lakin qurultayın II günü, yəni həmin orqanlara keçirilən seçkilərin nəticələri elan olunan vaxt toplantıda kvorum olmadığına görə bu səlahiyyətlər təsdiq olunmayıb, qurultayın kvorumla işlədiyi gündə və vaxtlarda isə heç bir orqana və şəxsə belə bir səlahiyyət verilməyib. Partiyanın sonuncu Məclisində artıq qurultaydan başqa heç bir orqanın və ya şəxsin çözə bilməyəcəyi bu problemi həll etməyə yumşaq desək, uğursuz bir cəhd göstərilib və nəticədə nizamnamə pozuntuları zəncirvari hall alıb.
Əvvəla onu deyim ki, nizamnaməyə görə yeni Məclis sədri seçilənə kimi Məclisin iclasına köhnə Məclis sədri sədrlik etməli idi, lakin hamının bildiyi kimi iclasa sədrliyi yeni başqan elədi. Yeri gəlmişkən xatırlatmaq istəyirəm ki, nizamnaməyə görə başqan ümumiyyətlə, heç bir halda Məclisin toplantısına sədrlik edə bilməz. Vaxtilə Məclisin ayrıca sədr institutu kimi yaradılması da məhz belə bir məntiqdən irəli gəlmişdi ki, icra strukturu qərarverici orqanın işinə müdaxilə etməsin.
Zəncirvari pozuntuların növbəti mərhələsi Məclisdə kvorumun müəyyənləşdirilməsi zamanı baş verib. Sədr elan edib ki, iclasda 75 Məclis üzvündən 50 nəfər iştirak edib. 75 Məclis üzvü deyiləndə kimlər nəzərdə tutulub? Yəqin ki, keçmiş və indiki başqanlar, rayon təşkilatlarının sədrləri, Qadınlar və Gənclər təşkilatlarının sədrləri- yəni köhnə Məclisin yarısı. Düzdür, bu 75 nəfər Məclis üzvü kimi səlahiyyətlidir, amma onların qurultayda seçilən yeni Məclis üzvlərinin səlahiyyətlərini təsdiq eləmək dərəcəsində səlahiyyəti yoxdur. Yuxarıda dediyim kimi bu səlahiyyəti Məclisə yalnız qurultay verə bilərdi, özü də Məclisin yarısına yox, tam tərkibinə. Elə isə niyə köhnə Məclisin üzvləri Məclisə çağırılmayıb (görünür, tam tərkibli Məclisdə bu saxtakarlıqları həyata keçirməyin mümkünsüzlüyündən yaranan qorxu hissi)?! Düzdür, qurultay səlahiyyət vermədiyi üçün köhnə Məclis tam tərkibdə də bunu edə bilməzdi. Amma, necə deyərlər, heç olmasa ziyanlığın yarısı olardı.
Boş yerlərin sayının müəyyənləşdirilməsi zamanı baş verənlər isə lap anektoda oxşayır. Məsələ burasındadır ki, həmin vaxt Arif Hacılının da, Mirbaba Babayevin də, İsa Qəmbərin də təklifi əslində qəbul olunmuşdu. Birinci təklif qəbul olunanda sonra digər təkliflərin irəli sürülməsi isə sadəcə absurddur. Çünki həmin vaxt iclasda 50 nəfər iştirak edib və səsə qoyulan məsələ Məclisin səlahiyyətlərində olduğuna görə iştirakçıların (ümumi sayın yox!) yarıdan çoxunun səsi ilə qəbul olunur. Son 20 ildə bəlkə də 20 dəfə Məclis və MNTK-ya seçkilər məhz bu cür keçirilib. “Ümumi sayın yarısında çoxu” prinsipi yalnız Məclis və MNTK üzvlüyünə keçirilən gizli seçkilər vaxtı tətbiq edilir.
Beləliklə, qurultayqabağı dövrdən başlayaraq indiyə kimi davam edən pozuntu və saxtakarlıq halları nəinki davam edir, hətta get-gedə bütün sərhədləri aşır. Qəribə burasıdır ki, bu pozuntuları azaltmaq (əsası qurultayda qoyulduğu üçün tam şəkildə qarşısını almaq artıq qurultaysız mümkün deyil, odur ki, birini malalamaq üçün digərinə əl atmaq qaçılmaz zərurətə çevrilib) üçün heç təşəbbüs və cəhd də göstərilmir. Mən elə bilirdim ki, hörmətli Gülağa Aslanlı 90- cı illərin axırlarında partiyanın Yasamal Rayon Təşkilatının konfransında NTK üzvü seçilə bilməyəndən sonra nizamnaməni öyrənməyə cəhd edib. Təəssüf. Amma orda axı nizamnaməni bilən və bu məsələlərdə ekspert rolunu oynayan təcrübəli müsavatçılar var və onların buna göz yummasının səbəbi məlum deyil.
Göründüyü kimi, nə səlahiyyətləri təsdiq olunmadığı üçün VIII Qurultayda seçilən Məclis üzvləri, nə də onların da iştirak etdiyi iclasda seçilən Məclis üzvləri legitim deyil. Təbii ki, bir neçə gündən sonra seçəcəyi Məclis sədri də, Divan da, təsdiq edəcəyi müavinlər də legitim olmayacaq ki, bu da çox acı nəticələrə gətirib çıxaracaq. Ən dəhşətlisi də budur ki, heç bir müsavatçının partiya qərarlarını icra eləmək, onlara tabe olmaq kimi bir məsuliyyəti olmayacaq.
Əlövsət Talışxanlı,
Müsavat Partiyası MNTK-nın keçmiş üzvü


