Mitinqdən sonra: çıxış yolumuz

Arxada qoyduğumuz bazar gününü Milli Şuranın təşkil etdiyi “Azad et!” mitinqi ilə yola saldıq, mətin və günahsız insanların həbsinə etiraz etdik, ümumilikdə, Azərbaycanın dəyişməsi ilə bağlı arzumuzu ifadə etdik. Uzun susqunluqdan sonra keçirilən Milli Şuranın aksiyası gözləntilərdən üstün və uğurlu keçdi. Hətta hakimiyyətin yeni növ əngəl və təxribatları işə salmasına baxmayaraq. 

Açıq desək, mitinqin təşkili, təbliği, nüvəsini qurmaqda əsas güc AXCP-yə düşmüşdü, amma mitinqdə Milli Şura və AXCP-yə siyasi bağlılığı olmayanlar da kifayət qədər idi. Çünki hədəf, şüar, yanğı hamıya aid idi. Sanki bu adamlar bir qüvvənin qabağa düşməsini gözləyirmiş və eyni hədəfə öz töhfəsini verdi və dəstəyini göstərdi. Maraqlı və üzərində düşünüləsi tendensiya idi. Üstəlik, ictimai-siyasi ovqatın çox ağır dövründə, repressiyaların bütün dünyanın diqqətini çəkdiyi bir vaxtda, resursların və ümidlərin tamam tükənmiş göründüyü bir şəraitdə keçirilən bu aksiya yenidən bizi ən ciddi suallar üzərində düşünməyə vadar etdi. Özlüyündə çox uğurlu aksiya idi, eyni zamanda biz onu da bilirik ki, vəziyyətin köklü dəyişməsi üçün yetərli də deyildi. Elə üzərində düşünüləsi bir məsələ də budur, bəs çıxış yolu nədir? Necə davam etmək olar?

Istənilən belə aksiya zamanı və ondan sonra hakimiyyət nümayəndələrinin davranışlarını yada salaq. Razılaşdırılmış, qapalı stadionda keçirilən, faktik olaraq ağzı bağlı məkanda keçirilən aksiyanı kiçiltmək ən böyük cəhdə çevrilir. Rəsmi orqanlar da buna çalışır, YAP nomenklaturası da, açıq və gizli təbliğatçıları da. Həm əngəllər yaradırlar, həm hədələr edilir. Hələ, aşağılamaları demirəm.

Indi təsəvvür edin ki, o, qapalı məkan dediyimiz stadion dolub. Bu zaman hakimiyyətin özünün illərdir elədikləri köməyə çatacaq. Xalq “bunlara” dəstək vermir iddiası dərhal dağılacaq. Əslində, xalq meydana çıxacaq. Xalq “diriləcək”. Azadlıq meydanı olmadan da. Hətta bu halda vəziyyətin ciddi və hiss olunaq qədər dəyişməsi üçün bir milyonluq meydan mitinqinə ehtiyac qalmır.

“Xeyri yoxdur!”, “Mitinqlərin xeyri nədir?!” deyənlər bilməlidir ki, elə xeyir mitinqlərdən olacaq. Söhbət mitinqin böyüyüb inqilaba keçməsindən də getmir, hətta hakimiyyətin geri çəkilməsi də, islahata başlaması, dialoqa getməsi də bundan asılıdır – xalqdan qorxmasından, xalqın meydana çıxmasından. Bircə qapalı məkanın mükəmməl dolması  qədərincə böyük siqnal olar və həm də təkcə hakimiyyətə deyil, həm də xalqın qalan hissəsinə. Ən azı, “xeyir var!” düşüncəsinin yaranması üçün!

Çağımızın tələbi budur – xalqlar azadlıqlarını meydanlarda dinc tələblərdə qazanır. Çağımız intellektə, ağıla, nitqə, yazıya, proqrama, ideya və şüara yox demir, fərdi nümunə və dirənişləri də, onlarsız zatən bu işlər yürüməz. Amma çıxış yolu, gerçəkləşmə yolu toplaşmaqdan keçir. Çünki söhbət azğın rejimləri geri çəkilməyə məcbur etməkdən gedir. Çıxış yolu – bütün gücləri birləşdirib xalqın səsini ifadə etmək, o səsin olduğunu və artdığını nümayiş etdirməkdir. Ona görə də milli hədəflərə bağlı mitinqlərdə (“Əsgər ölümünə son!”,  “Azad et!” kimi aksiyalar isə xüsusən) iştirak etmək vicdanlı olmağın və ölkəni dəyişməyin dərk edilmiş tələbi kimi qəbul olunmalıdır. 

Aksiyaları doldurmağa kənar amillər də ciddi təsir edə bilər. Rusiyadakı rejimin laxlamasından tutmuş avanqard siyasi gücün formalaşmasına qədər. Hakimiyyət müxalif birlikləri ona görə parçalayır, məsələn. Amma hər təşkilat, hər fərd aksiyalara qatılmağa Azərbaycanı yaxşıya doğru dəyişmək üçün verəcəyi ən vacib töhfə kimi baxmalıdır. Hakimiyyətin illərdir aksiyaları qaragüruhçuluq kimi qələmə verməsi yalnız və yalnız bizi bu töhfədən çəkindirməkdir. Halbuki bu aksiyalara qatılmaq müasirliyin, mədəniliyin ciddi bir göstəricisi kimi qəbul edilməlidir.