Məhkəmə Bakıda, yoxsa Zərdabda olacaq?

Vəkilin vəsatəti ilə bağlı sabah qərar veriləcək

“Məhkəmə dünən qərar qəbul etməli idi ki, işin aidiyyəti haradır. Məhkəmə qərarını üçüncü gün elan edəcək. Adətən məhkəmələrə güclü basqılar olanda bu cür addımlar atılır. Bu, elementar məsələdi. Bütün dəlillər göstərir ki, işin aidiyyəti Zərdab Rayon Məhkəməsinə aiddir. Iş bu qədər yubanırsa, görünür, məhkəmələrə ciddi basqılar var” – bunu “Azadlıq”a vəkil Əlayif Həsənov deyib. 

Qeyd edək ki, Əlayif Həsənov həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını müdafiə edir.

Bakı Istintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayif Həsənovu böhtan və təhqirdə günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bir müddət öncə Əlayif Həsənov Leyla Yunusa istinadla sosial şəbəkədə yazıb ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiyi bəzi şeyləri onun əlindən alır. Içəridə söyüş söyür, istirahət etməsinə, yuyunmasına imkan vermir. Nuriyyə Hüseynova da bunun böhtan olduğunu əsas gətirərək məhkəməyə müraciət edir. 

Əlayif Həsənov isə deyir ki, məlumatın yayılma yeri Zərdab rayonudur. Qanunun tələblərinə uyğun olaraq bu işə Zərdab Rayon Məhkəməsi baxmalıdır.