3 ton heroinlə bağlı təhqiqat hakimiyyəti narahat edib

Rəsmi Bakı BMT-yə müraciət etməklə bu məsələdə məsulliyyət daşımadığını göstərmək istəyir

Rəsmi Bakı Azərbaycan ərazisindən külli miqdarda narkotik vasitələrin tranzit olaraq keçirilməsi ilə bağlı Gürcüstanda aparılan cinayət işinin təhqiqatına beynəlxalq ekspertlərin cəlb edilməsi üçün BMT-yə müraciət edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 11-də Gürcüstan Daxili Işlər Nazirliyi ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və həmin narkotik maddənin Azərbaycan ərazisindən tranzit olaraq keçirildiyi barədə məlumat yayıb. Hazırda bu məsələ ilə əlaqədar Gürcüstanda cinayət işi açılıb və istintaq aparılır.
Prosedur qaydalarına görə, Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən, sözügedən məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov təhqiqata beynəlxalq ekspertlərin cəlb edilməsinə köməklik göstərilməsi üçün BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə Idarəsinin icraçı direktoru Yuri Fedotova müraciət ünvanlayıb.
Qeyd edək ki, Azərbaycan hakimiyyəti bu günə qədər 3 ton narkotikin Azərbaycandan keçirilməsi ilə bağlı Gürcüstan Daxili Işlər Nazirliyinin açıqlamasına münasibət bildirməyib. Yerli və beynəlxalq medianın davamlı olaraq bu məsələyə diqqət çəkməsinin də nəticəsi olmayıb. Azərbaycan hakimiyyəti israrla susub. Yalnız bir-iki hökumət nümayəndəsi və iqtidarın nəzarətində olan media orqanları bu əməliyyatın müştərək qaydada həyata keçirilməsi barədə mülahizə irəli sürüblər. Rəsmi Bakının BMT-yə müraciəti bu mülahizələrin də əsassız olduğunu ortaya qoyur.
Hər halda 3 ton heroin əməliyyatı Gürcüstanla müştərək həyata keçirilmişdisə, narkotik maddənin Azərbaycandan buraxılması əməliyyat tədbirləri nəticəsində baş vermişdisə o zaman Azərbaycan tərəfi Gürcüstanın apardığı təhqiqatdan narahat olmamalı idi. Lakin BMT-yə müraciət göstərir hakimiyyət bu məsələdən ciddi narahatdır və bu addımı ilə əslində bu məsələdə hər hansı məsuliyyət daşımadığını göstərmək istəyir.