12 oktyabr mitinqi nələri göstərdi?

Milli Şuranın oktyabrın 12-də Bakıda keçirdiyi “Azad et” mitinqi cəmiyyətdə maraq və rəğbətlə qarşılanıb. Mitinq komitəsinin rəhbəri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə aksiyanın siyasi nəticələri barədə fikirlərini paylaşıb. O, facebook səhifəsində mitinqin nəticələrini bir neçə bənddə müsbət dəyərləndirir:

1. Aydın oldu ki, siyasi represiyalar yolu ilə gerçək siyasi müxalifəti – Milli Şuranı sıradan çıxarmaq mümkün olmadı. Bununla da xalqın təmsilçisi kimi Milli Şura, əks tərəfdə isə iqtidar olmaqla, ikiqütblü sistemin möcudluğu növbəti dəfə təsdiq olundu.
2. Milli Şura heç bir ayrıseçkilik qoymadan siyasi məhbuslara sahib çıxmaqla, real müxalifətin və cəmiyyətin mənəvi öhdəliyini yerinə yetirmiş oldu. Bununla da MŞ bütün haqqı tapdalananlara sahib çıxmaq missiyası daşıyan vahid güc mərkəzi olduğunu sübut etdi.

3. Milli Şura ilk dəfə mitinqə milli bayraqla yanaşı Avropa Birliyinin bayraqlarını çıxarılmaqla, eyni zamanda islamçı kəsimin aksiyada çıxışını və iştirakını təmin etməklə cəmiyyətdə siyasi konsensus və uzlaşma yolu ilə Avrointeqrasiya siyasətini apacaq bir güc mərkəzinin olduğu mesajını verdi.

4. Aydın oldu ki, ölkədə rejimə qarşı kütləvi etiraz aksiyaları keçirmək iqtidarında olan güc mərkəzi yalnız Milli Şuradır, ölkəmizdə demokratik dəyişikliklərə nail omağın yolu da bu güc mərkəzinə inteqrasiyadan keçir.

5. Mitinqin əsas təşkilati ağırlığını öz üzərinə götürmüş AXCP-nin partiya bayraqları götürməməsi təmənnasız və heç bir partiya marağı güdmədən mübarizə aparmaq örnəyini göstərdi.