Müsavatda gizli qrup davası FOTO

Qubad İbadoğlu: “Təəssüf edirəm, … O yazıları oxuyanda utanıram…”

Azər İsmayıl: “Qrup Arif Hacılının deyil, mənimdir”

Müsavatın 27 sentyabrda keçirilən qurultayı ilə bağlı mövzular səngimək bilmir. Daha çox Müsavat Partiyasının daxilində təlatüm yaradan proseslər müşahidə olunmaqdadır.  Seçkidən sonra qalib və məğlub namizədlər arasında başlayan qalmaqal da günbəgün artmaqdadır. Sosial şəbəkələr söz savaşı meydanına çevrilib. Tərəfdarlar bir-birilərinin ünvanına ən ağır ifadələr işlətməkdən belə çəkinmirlər.

Son iki günün sensasiyası isə budur ki, Müsavatın yeni başqanı Arif Hacılının nəzarətində olduğu iddia edilən gizli qrupdakı yazışmalar sosial şəbəkələrdə yayılıb. Əgər skrin-şotlar saxtalaşdırılmayıbsa, onda belə aydın olur ki, qrupun hədəfi başqanlığa keçmiş namizəd Qubad İbadoğlu və tərəfdarlarıdır. Onlar qınanır, tənqid olunur, hətta ağır ifadələrlə təhqirə də məruz qalırlar. Sanki qarşılarındakı müsavatçılar yox, siyasi düşmənlərdir… 

Baş verənlərlə bağlı gizli qrupda əsas tənqid və təhqir hədəfi olan başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun fikirlərini aldıq. O, müsavatçının müsavatçıya qarşı bu cür təhqir dolu ifadələr işlətməsinin onun üçün gözlənilməz olduğunu bildirdi: “Bu fakt mənim üçün həm təəccübləndirici, həm də təəssüfləndirici oldu. Açığı, müsavatçının müsavatçıya qarşı belə təhqiramiz ifadələrin işlətməsini gözləmirdim. Bu onların özünün səviyyələrinin göstəricisidir. Bu insanların belə davranışları Müsavatın inkişafı üçün ciddi maneələr yaradacaq. Müsavatı inkişaf etdirmək üçün ilk növbədə partiyada mənəvi-əxlaqi normaları üstün tutan insanlar çoxluq təşkil etməlidir. Bu yolu davam etdirmək çox önəmlidir. Düşünürəm ki, bu məsələlərlə bağlı partiyadaxili araşdırmalar aparılsa, yaxşı olardı. O yazıları oxuyanda utanıram. Bunu yazanların yerinə xəcalət hissi çəkirəm. Hiss olunur ki, bəzi adamlarda bolşevik təfəkkürü qalıb. Qarşı tərəfin fikirlərinə çox dözümsüzdülər. Əllərində imkan olsaydı, insanları başqa cür cəzalandırardılar. Belə alçaldıcı, ləyaqətsiz ifadələrlə yox. Çox təəssüf edirəm ki, bu yazılarda iştirak edənlər Müsavatın Məclisinə üzv seçilən şəxslərdir. Ona da təəssüf edirəm ki, Arif Hacılının özünün olduğu qrupda bu müzakirələr gedib. Məsələyə müdaxilə edib, dayandırmayıb”.

Seçkilərdə Qubad İbadoğlunun ən yaxın tərəfdarlarından biri, təhqirə məruz qalan Müsavat Qadınlar Təşkilatının rəhbəri Ellada Məmmədli bunları dedi: “Həmin gizli qrupun fəal qəhrəmanları müşavir təyin olunur. Mən şəxsən heç kimi təhqir etməmişəm. Adıma yazılan şər-böhtanları araşdırmaq istəmişəm. Sonra bir qənaətə gəlmişəm ki , onlar bir mərkəzdən idarə olunur. 1 illik partiya stajı olan Qarabağ yolu – Raymonda – Xədicə (bəlkə başqa adı da var onu bilmirəm) tərəfindən nalayiq ifadələr söyləyənlər kimə qürrələnib bunu edirlər? Əgər hər hansı əsasları varsa, faktlara söykənən isbatları varsa, üzbəüz gəlib mövqe sərgiləsinlər. Bu nədir belə? Dünən partiyaya gələnlər Arif Hacılı seçilib deyə, bizi partiyadan qovmaqla hədələyirlər. Günahımızı desinlər. Arif Hacılını dəstəkləmədiyimiz üçün, yoxsa onlar kimi düşünmədiyimiz üçün? Baxın, gizli qrupun üzvləri Kərim Kərimli bizlərə qapı göstərir. Biz siyasətə gələndə onlar çağa idilər. Bu insanlar bu qədər gücü kimdən və haradan alırlar? Əslində bu Arif Hacılı taktikasıdır. Sıxışdırın bunları necə bilirsiniz, qoy ələ – ayağa dolaşmasınlar. Ya sussunlar, ya da çıxıb getsinlər”.
Qarşı tərəfin də mövqeyini öyrəndik.

Müsavat Məclisinin üzvü Sevinc Hüseynova qrupun yeni başqana aid olduğunu təkzib etdi: “Qrup Arif bəyin qrupu deyil. Qrupun adına diqqət edin. Sadəcə, qapalı qrupdu. Qrupun sındırılması isə oğurluq kimi, əxlaqsız bir hərəkətdir. Mənim adım heç bir yerdə keçmir. Çünki mən heç vaxt təhqir yazmıram. Heç o screenlərdə də mənim adım yoxdur. Hamısına diqqətlə baxmışam və orda kimisə təhqir edəcək bir şey görməmişəm. Qubad İbadoğlunun qrupu var. Bəlkə onu açıq eləsinlər, onda görünəcək kim öz əxlaqına uyğun hərəkət edir. Bu qədər cılızlığı onlardan gözləməzdim. O yazılarda adı keçən Sevinc Musayeva mən deyiləm. Mənim soyadım Hüseynovadır. Heç o Sevinc Musayevanın da yazdıqlarında söyüş, təhqir yoxdur. Əsl biabırçılıq isə qurultay bitdikdən sonra mədəniyyət evinin həyətində qurum rəhbərinin bizim bir xanımı küçə söyüşləri ilə təhqir etməsi idi. Hadisənin isə şahidləri var. Burda deyiblər utanmasan oynamağa nə var ki? Belə çıxır ki, artıq oğurluq qədər əxlaqsızlığa da həyasızcasına haqq qazandırırlar! Onların axtardığı əslində başqa şeydir. Onlar siyahı axtarıblar. Amma tapa bilməyiblər. Ona görə əllərinə keçəni burda paylaşırlar”.

Məclisin digər xanım üzvü Vəfa Cümşüdlü bu məsələlərlə bağlı danışmaq istəmədi.
Müsavatın Xaçmaz təşkilatının sədri Heybət Əmrah dolayısı yolla belə bir qrupun mövcud olduğunu təsdiqlədi: “Bu, partiyadaxili mübarizənin virtual sahədə gedən bir formasıdır. Kiçik bir qrupda gedən yazışmaların daha geniş yayılması düzgün deyil. İnsanlar dar çərçivədə bəzən qeyri-korrekt ifadələr işlədir. Bu yazışmaları yaymaq əxlaq qaydalarına ziddir”.

Müsavatın Xaçmaz təşkilatının üzvü Könül Turan Türk daha kəskin münasibət bildirdi: “Cəhənnəmə olsunlar. Onlara cavabım yoxdur. Bu hal yaxşı deyil. İnsanların gizli yazışmasına girmək şantajın bir növüdür. Qrup Arif bəyin deyil. Aktivistlər təşəbbüs göstərib, məhbuslara dəstək qrupu yaradıblar”.

Müsavat başqanının müşaviri Azər İsmayıl qrupun ona məxsus olduğunu qeyd etdi: “Qrup Arif Hacılının deyil, mənimdir. O qrupa Arif Hacılı komandasının qrupu demək yanlışdır. Çünki kifayət qədər insan var ki, Arif bəyin komandasının üzvü kimi tanınır, amma o qrupda yoxdurlar. Məhbuslara dəstək qrupu bir müddət əvvəl, konkret olaraq L. Yunusun həbsindən sonra mənim təşəbbüsümlə yaradılmış qapalı qrupdur və orda məhbuslara müxtəlif növ yardımlar barədə, onlar haqqında məlumatlar paylaşılırdı. Təbii ki, qurultay ərəfəsində və qurultaydan sonra süni yaradılmış ajiotajlar barədə müxtəlif qrup üzvlərinin münasibətləri də yer alıb, amma bu da təbiidir. Qrupa lüzumsuz haker müdaxilə edib. Oradakı yazışmaları paylaşmaq heç kimə başucalığı gətirən iş deyil. Başqalarının çirkli paltarlarında eşələnmək kimi bu addımı dəyərləndirirəm. Bu həm cinayətdir, həm də siyasi etikaya sığmayan bir addımdır”.

Yazılarda iki epizodda adı keçən müsavat fəalı Fəzli Mehdiyev bu cür münasibətin ürəkağrıdan hal olduğunu bildirdi: “İki epizodda mənim adım hallanır. Mən heç vaxt kiməsə qarşı təhqirə yol vermirəm. Sadəcə fikrimi yazmışam. Qaldı ki, baş verən qalmaqallara. Çox təəssüflənirəm. Müsavat üzvlərinin bir-birinə qarşı belə hörmətsiz münasibəti ürəkağrıdıcı haldır”.

Müsavatın Masallı təşkilatının üzvü Rüfət Baxışbəyli yeni başqanın adına olan başqa bir qrupun adminlərindən biri olduğunu qeyd etdi: “Arif Hacılı adlı bir qrup var. Mən də onun adminlərindən biriyəm. 3000 nəfərdən artıq üzvü var. Bu qrup 1 ildən çoxdur ki, fəaliyyət göstərir. Digər gizli qrupun olmasından xəbərim yoxdur. Mənim adımdan paylaşılan yazıları, mən öz səhifəmdə də yazıram və heç kimdən gizli saxlayacaq fikrim yoxdur”.
Maraqlıdır ki, sual ünvanladığımız şəxslərin hər biri gizli qrupun izlənilməsinin, yazıların ictimaiyyət içərisinə çıxarılmasının düzgün olmadığını bildirdilər.

Qeyd edək ki, hədəfdə olan şəxslərdən biri də iki gün öncə Müsavatdan istefa vermiş gənc fəal Zaur Əkbərdir. O, Qubad İbadoğlunun oktyabrın 6-da partiyanın qərargahında tərəfdarları ilə görüşü zamanı etdiyi çıxışlara görə gizli qrupda ən ağır təhqirlərə məruz qalıb.

Zaur Əkbər və digər yazışmalarda adı keçən şəxslərin fikirlərini öyrənməyə çalışsaq da, mümkün olmadı. Ya danışmaq istəmədilər, ya da cavab vermədilər (musavat.com).

Gizli qrupdakı yazışmalardan bir neçəsinin skrin-şotunu təqdim edirik: