
ABŞ-ın IREX qeyri-hökumət təşkilatı Azərbaycandakı fəaliyyətini dayandırması və Bakıdakı ofisini bağlaması barədə xəbər yayıb.
Məlumatda deyilir ki, Azərbaycan qanunvericiliyinə əsasən, qeydiyyat müddəti bitdikdən sonra təşkilat təkrar qeydiyyat üçün müraciət etməməyi qərara alıb.
ABŞ Dövlət Departamentinin bununla əlaqədar bəyanatında deyilir:
«IREX bank hesablarının dondurulması və ofisinə polis reydi də daxil olmaqla, hökumət təzyiqlərinin ardınca Azərbaycandakı fəaliyyətini dayandırmaq barədə çətin qərar qəbul edib. Biz IREX-in qismən də USAID-in maliyyələşdirməsi vasitəsilə müstəqil, peşəkar mediaya dəstəyini və adamlar arasında üzbəüz ünsiyyət yaratmaq səylərini yüksək qiymətləndirirdik. Azərbaycanda IREX-in bağlanması bu mühüm işə zərbə vurub. İnsan haqlarına və təməl azadlıqlara hörmət, demokratik islahatların tərəqqisi təkcə bizim ikitərəfli münasibətlərimizin möhkəmlənməsi üçün deyil, həm də Azərbaycanın özünün uzunmüddətli sabitliyi üçün mühüm amildir». (azadliq.org)


