Beş qızından biri AZAD, beş qızından biri xoşbəxt…

Məlahət Ağacan

Amerikalı kosmonavt Nil Olden 1969-cu ildə ilk dəfə Aya ayaq basanda “bu, bir insan üçün kiçik addımdır, amma insanlıq üçün nəhəng sıçrayışdır” deyib. Maraqlıdır, elə həmin ildə Azərbaycan hakimiyyətinə ayaq basan Heydər Əliyev nə deyib? Bəlkə, deyib ki, “bu, bir məmur üçün kiçik addımdır, amma nəslimin varlanması üçün nəhəng sıçrayışdır”. 

69-cu ildə hakimiyyətə ilk addımını atan, var-dövlət yolunda nəhəng sıçrayışlar edən Heydər Əliyevin Azərbaycan xalqına ilk öyüd-nəsihəti yəqin ki, “paraya dəymə, bütövü kəsmə, doğra, doyunca ye” ata sözü olmuşdur. Ölkənin bütün yeraltı-yerüstü  sərvətləri bir AILƏnin altıaçıq küpünə axsa da, nə özlərinin, nə də onları qoruyan quldurların gözləri doymur, camaatın zülmlə saxladığı axsaq keçinin südündən, beş-altı toyuğun yumurtasından da pay istəyirlər. Camaat da tısbağa kimi elə qınına çəkilib ki, ancaq onu əzəndən sonra səsini çıxardır. 

Yeri gəlmişkən, Xızıda yaşayan bir qohumum  danışır ki, “Qurban bayramı üçün bir qoç saxlamışdım. Bir səhər oyandım ki, qoç tövlədə yoxdur, oğurlayıblar. Soraqlaşa-soraqlaşa oğrunun izinə düşüb, evinə getdim, qapısını döydüm. Qapını açanda heyrətdən yerimdə donub qaldım: qoçumu oğurlayanın əynində Ilham Əliyevin şəkli, üstündə ”Ilhamla irəli!” yazılan köynək var idi. O, dişlərini ağardıb, əlini qarnının üstündəki şəkilin üstünə çəkib “yekə kişisən, hay-küy salma, ayıbdır, qoçunu prezidentimiz yolunda qurban kəsmişəm” deyəndə, kor-peşman evə qayıtdım. O hadisədən sonra anladım ki, niyə rüşvətxorlar, oğrular… otaqlarından Heydər Əliyevin oğlu ilə şəklini asırlar. Demək istəyirlər ki, onlarla şərikik, tək yemirik”. 

Qohumumu dinləyəndən sonra istədim ona deyim ki, sənin kimi qohumun başına daş düşsün, amma ətrafımızda onun kimi avam, qorxaq qohumlar, tanışlar bir-iki nəfər deyil ki. Misal üçün, bu yaxında bacılarım “iclas” keçirib mənə deyirlər ki, “axı səni kim bədbəxt edib, siyasətə qoşdu”. Heyf, vaxt var idi, gül kimi şeirlər yazırdın, indi zəhər-zəqqum köşələr yazıb, aləmi qatırsan bir-birinə”. Onlar həmin bacılardır ki, illər öncə mənim şeir yazdığımı biləndə, dizlərinə döyüb, saçlarını yolmuşdular, çünki o zamanlar onların düşüncəsinə görə bir qızın şeir yazmağı böyük ayıb sayılırdı. O vaxtlar şeir yazmaq mənim üçün yaşadığım mühitə bir üsyan idi, indi isə o üsyanı köşə yazılarımda tapmışam və çox xoşbəxtəm. Mənim üçün bir iynəli-tikanlı köşə yazısı, cild-cild gül kimi şeirdən daha dəyərli və əzizdir. Bu köşəmi isə siyasətdən uzaq olan “xoşbəxt” bacılarıma kimin “bədbəxt” olmasını anlatmaq üçün illər öncə yazdığım bir şeirimlə tamamlamaq istəyirəm :

Beş qız idik, beş çiçəkdik

sənə, ay ana…

Arzularımızı demək üçün

getdik tale dərgahına:

biri dövlət istədi,

biri şöhrət istədi,

biri övlad istədi,

biri ömür istədi,

AZADLIQ istəyən olmadı…

Hər istəkdən şirin olan,

hər istəkdən uca olan,

hər istəkdən doğma olan,

hər istəkdən əziz olan 

azadlığı mən istədim, ay ana…

Beş qızından biri AZAD, 

beş qızından biri xoşbəxt, ay ana…