Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Nobel ödülünün ədəbiyyat üzrə builki qalibinin adı açıqlandı: Patrik Modiano. Onun qələbəsini çoxları proqnozlaşdırmırdı. Əksəriyyətin favoriti Haruki Murakami idi.
Lap keçən il olduğu kimi.
2013-də Çin yazıçısı Mo Yan yapon həmkarının dizlərini yerə gətirməyi bacardı.
Bu il isə Murakami fransız yazıçısına məğlub oldu.
Çiçəyi burnunda ədəbiyyat Nobeliatının – Modianonun adının açıqlanması ilə azərbaycanlılar sosial şəbəkələrdə bir hay-küy, qara-qışqırıq, vay-şüvən saldılar ki, gəl görəsən. Yetən Nobel Akademiyasını qınayırdı ki, niyə mükafatı heç kimin tanımadığı yazıçıya veriblər.
Əslində Partik Modianonu həqiqətən ölkəsi Fransadan qıraqda çoxları tanımır. Vətənində yetərincə məşhur olsa da, kənarda onun imzası əksəriyyətə, demək olar, heç nə demir.
Amma mən fikir vermişəm, azərbaycanlılar belə ittihamı son vaxtlar tez-tez səsləndirirlər, guya bizdə çoxluq dünyaca məşhur yazıçıların əsərlərini oxuyub yarıdıblar, indi də durub Nobel Komitəsini tanınmamış bir yazıçıya ödül verməkdə günahlandırırlar.
Əslində Nobel ödülünün ən təqdirəlayiq cəhətlərindən biri onun bir çox istedadlı yazıçıların populyarlıq qazanmasına kömək etməsidir.
Azərbaycanlıların müzakirəsindən isə belə məlum olur ki, onlar kimi oxumayıblarsa, – deməli, o tanınmır. Azərbaycanlılar onu tanımırsa, deməli, həmin yazıçı istedadsızdır, beş qəpiklik yazıçı deyil.
Gəlin açıq danışaq: biz az oxuyuruq. Çox az. Lap az. “Heç oxumuruq” yazsam da yeridir. Üstəlik, az oxuduğumuza görə çağdaş dünya ədəbiyyatında əksər önəmli adlar kiçik istisnalarla çoxumuza heç nə demir. Və onlar qəfildən nüfuzlu bir ödül aldıqda qəzəblənirik, hiddətlənirik, sonra başlayırıq komplo teoriləri qurmağa. Ona görə bu mükafat tanınmışlara verilir ki, ortada xristian təəssübkeşliyi, onların yəhudilərlə hansısa gizli işbirliyi var. Guya Elçin Əfəndiyev, Anar Rzayev, Fikrət Qoca kimi xalqsız xalq yazıçılarımızın, xalqsız xalq şairlərimizin hər hansı biri xristian, yaxud yəhudi olsa, çoxdan Nobeliat olmuşdular və s. və i.a. Ürəkbulandıran mənzərədir. Adam belələri ilə mübahisə etməyə də utanır. Nə deyəsən, nə yazasan?!
Bizim Nobel mükafatı ilə bağlı qəzəbimizin ilk motivi məlumdur: guya ödülün təşəbbüskarı Alfred Nobel pullarının bir hissəsini Bakı nefti hesabına qazandığı üçün bu mükafatdan da avtomatik bizə də pay düşməlidir. Bu, Nobel Akademiyasının borcu imiş-zad. Səfehliyin dərəcəsini görürsünüzmü? Sən otur səhərdən axşama, axşamdan səhərə Elgizə, Ay Zaura, “Qurdlar Vadisi”nə bax, kitaba nifrət elə, elmi, bilgini rədd elə, sənin yazıçın, şairin, alimin oturub hansısa bədii və elmi nailiyyət qazanmaq əvəzinə tamadalıqla, təlxəkliklə məşğul olsun, sən də Nobel Akademiyasını qına ki, mükafat fondunun pullarında Bakı neftinin də payı var, zəhmət çəkin, o ödüldən bizimkilərə də verin. Gəlin Tanrıya yalvaraq ki, camaatımızın belə arqumentləşdirilmiş arzuları gedib hər hansı əcnəbinin-zadın qulağına çatmasın, yoxsa bizim haqqımızda nə düşünəcəyini insan hətta təsəvvürünə belə gətirmək istəmir, yəqin utandığından ölüb yerə girərdi.
Indi isə təzə qəzəb motivi: Nobel mükafatını niyə tanınmamış yazıçıya veriblər, Xristin təəssübkeşliyi yenə öz sözünü deyib-zad.
Allah eşqinə, kimdir sizin tanıdığınız yazıçı? Hətta adını eşitdiyiniz yazıçını belə, nə qədər oxuyursunuz? Tanıdığınızı zənn etdiyiniz yazıçını belə əslində nə qədər tanıyırsınız? Soruşsanız, nə qədər adam Hüqonun “Səfillər”indən ağızdolusu danışar, amma həyatda Tenardyelik etməklə məşğuldur. Oruelldən ağız dolusu danışan nə qədər adam ruhunda “1984″ün O Brienini, yaxud Çarlz Dikkensi tanıyan neçələri qəlbində ”Oliver Tvist”in Bill Sikesini daşıyır. Yaxşı, daha bunun harası Hüqonu tanımaq oldu, ya da bu necə Dikkensi, Oruelli… tanımaqdır?!
Məncə, oturub Nobelin qarasınca döşəməkdənsə, məsələn, elə yuxarıda yazdıqlarım haqda dərin-dərin düşünməyə dəyər.