
“Siyasi məhbuslara dəstək olmaqla vicdanınız qarşısında böyük bir iş görmüş olarsız”
Milli Şuranın «siyasi məhbuslara azdlıq» şüarı ilə keçirilən aksiyasına hazırlıq davam etməkdədir. Sosial şəbəkələrdəki müzakirələr, mətbuatın mitinqə marağı aksiyanın izdihamlı keçəcəyini deməyə əsas verir. Ölkədəki son durumla səsləşən aksiyanın şüarı cəmiyyətin sosial tələbi saymaq olar. Bir neçə gün sonra baş tutacaq aksiyaya siyasi məhbus həyatı yaşayanların ailələri də ciddi hazırlaşırlar və keçiriləcək aksiyanı təqdir edirlər.
«Siyasi məhbusların azad edilməsini tələb edəcəyik»
«Azadlıq» qəzetinin əməkdaşı, siyasi məhbus Seymur Həzinin atası Məşgul Həziyev bildirdi ki, 12 oktyabr mitinqi çox vacib tədbirdir. Hakimiyyətin yürütdüyü siyasət nəticəsində ölkədəki siyasi məhbus probleminin daha dərinləşdiyini deyən M.Həziyev vurğuladı ki, son aylar baş verənlər bunun bariz nümunəsidir: «Azərbaycanda son aylarda çoxlu sayda günahsız insan həbs edilib. Bu həbslər bizim ailədən də yan keçməyib. Bu mitinqdə biz başqaları ilə birlikdə bütün siyasi məhbusların azad edilməsini tələb edəcəyik».
«Ölkənin gələcəyi üçün çalışanlara dəstək olmağa çağırıram»
Vicdan məhbusu Anar Məmmədlinin atası Asəf Məmmədov hesab edir ki, vətəndaşlar oktyabrın 12-dəki aksiyaya qatılaraq dəstək verməklə vicdanları qarşısında böyük iş görmüş olacaqlar: “Öncə qeyd etmək istəyirəm ki, Anar və hazırda həbsdə olan digər siyasi məhbuslar ölkədə insan haqlarının qorunması, azad və ədalətli cəmiyyətin qurulması üçün çalışdıqlarına görə həbs ediliblər. Yəni onlar ölkə vətəndaşlarının yaxşı ölkədə yaşamalarına çalışdıqları üçün siyasi sifarışlə, ədalətsiz məhkəmə qərarları ilə həbsə atılıblar. Buna görə də mən bir vicdan məhbusunun atası kimi ölkə vətəndaşlarına müraciət edərək ayın 12-də keçirilən mitinqə gəlmələrini və həbsdə olan, Azarbaycanın gələcəyi üçün çalışan insanlara dəstək olmalarını xahiş edirəm. Onlar vicdan və siyasi məhbuslara dəstək olmaqla vicdanları qarşısında böyük bir iş görmüş olarlar”.
Tofiq Yaqublu aksiyanı dəstəkləyir
Siyasi məhbus Tofiq Yaqublunun isə ailəsindən bildirdilər ki, ailəvi şəkildə aksiyaya qatılmaq niyyətindədirlər. Çünki Milli Şuranın təşəbbüsü ilə keçirilən aksiya ölkədəki siyasi məhbus problemini gündəmə gətirməklə onun tez bir zamanda həllinə yönəlib. Bundan başqa siyasi məhbusun ailəsindən bizə bildirdilər ki, T.Yaqublunun oktyabrın 12-də keçirilən aksiyadan xəbəri var və o, bu addımı təqdir edir.
«Bütün cəmiyyəti düşündürən problem»
Siyasi məhbus Pərviz Həşimlinin xanımı İlahə Rüstəmova qəzetimizə açıqlamasında bildirdi ki, Milli Şuranın qəbul etdiyi qərar hazırkı dönəmdə ən düzgündür və bu addım siyasi məhbus probleminin həllində önəmli rol oynaya bilər. «Əlbətdə ki, Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiya siyasi məhbus probleminə diqqətdir və bu məsələnin həllinə yalnız töhvə verə bilər, Bu məsələ təkcə bizi, məhbus ailələrini deyil, bütün cəmiyyəti düşündürür», deyə İ.Rüstəmova vurğuladı.
«Aksiyaya borcumu yerinə yetirməyə gedəcəm»
Siyasi məhbus İntiqam Əliyevin oğlu Nəcmin Kamal da aksiyada ön sıralarda olacağını bildirdi. Amma o, bu aksiyaya atasının hazırda siyasi motivlərlə həbsdə olması üzündən deyil, bir vətəndaşlıq borcunu yerinə yetirmək üçün qatılacağını söylədi. Ölkədəki hazırda formalaşan siyasi situasiyada «siyasi məhbuslara azadlıq» tələbi ilə aksiyanın keçirilməsinin zamanında qəbul olunan qərar sayan N.Kamal vurğuladı ki, siyasi məhbus problemi cəmiyyəti düşündürən problemlərdən biridir : «Mən aksiyaya qatılacam. Amma aksiyaya siyasi məhbus ailəsinin üzvü kimi yox, hakimiyyətin repressiv siyasətinə etiraz edən vətəndaş kimi borcumu yerinə yetirməyə gedəcəm».
«Hər bir vətəndaş sərbəst şəkildə mövqeyini bildirə bilər»
Siyasi məhbus, ilahiyyatçı Tale Bağırzadənin yaxını, hüquq müdafiəçisi Emin Rahiloğlu bildirdi ki, T.Bağırzadənin aksiya barədə qərardan və tələblərdən xəbəri var. T.Bağırzadənin «siyasi məhbuslara azadlıq» aksiyasını dəstəklədiyini deyən E.Rahioğlu vurğuladı ki, sərbəst toplaşmaq hüququ hər kəsin haqqıdır: «Hər bir vətəndaş azad şəkildə aksiyalarda iştirak edə bilər. Bu bizim qanuni hüququmuzdur. Hər bir vətəndaş sərbəst şəkildə mövqeyini bildirə bilər. Amma təəssüf ki, bu hüququn təmini ciddi problemlərlə üz-üzədir».
«Aksiyaya qatılmaq vicdan məhbuslarına böyük dəstəkdir»
Hüquq müdafiəçisi Samir Kazımlı isə bildirdi ki, hazırda Azərbaycan həbsxanalarında yüzlərlə siyasi və vicdan məhbusu var. Həmin şəxslərin ölkədə azad və ədalətli cəmiyyətin qurulması istiqamətində fəaliyyət göstərdiklərinə görə hakimiyyətin siyasi sifarişi əsasında həbs edildyini deyən S.Kamzımlı bildirdi ki, hər bir azərbaycanlı öz ölkəsinin azad və ədalətli olmasını arzulayır: «Bu o deməkdir ki, bu gün həbsdə olan vicdan və siyasi məhbuslar hər bir azərbaycanlının gözəl arzularını həyata keçirmək üçün həbsə düşüblər. Həbsdə olan şəxs üçün azadlığa çıxmaq ən gözəl arzudur. Siyasi və vicdan məhbusları ölkə vətəndaşlarının arzularının gerçəkləşməsi üçün çalışdıqları kimi, ölkə vətəndaşları da siyasi məhbusların azadlığa çıxması üçün bacardıqlarını etmələri yaxşı olar. Bunun üçün onlar siyasi məhbusların azadlıq tələbi ilə ayın12-nə təyin edilən mitinqdə iştirak etsələr, öz vətəndaş borclarını yerinə yetirmiş, siyasi və vicdan məhbuslarına böyük dəstək nümayiş etdirmiş olarlar. Mən hər bir vətəndaşı onların hüquqlarını qoruyan, ölkəmizin azad və ədalətli olması üçün çalışan şəxslərə dəstək olmağa, onların azad edilməsi üçün təyin olunan mitinqə gəlməyə səsləyirəm”.
Xəyal



