Siyasi məhbusların ictimai müdafiəyə ehtiyacı var
Milli Şura “Siyasi məhbuslara azadlıq, repressiyalara son” şüarı ilə mitinq keçirməyə qərar verdi. Artıq BŞIH mitinqlə bağlı müraciətə müsbət cavab verib və oktyabrın 12-i, saat 15:00-da “Inşaatçılar” metrosunun arxasındakı “Məhsul” stadionunda mitinq keçiriləcək.
Ölkədə 100-dən artıq yaxın siyasi məhbusun olması, qondarma ittihamlarla fəal vətəndaşların həbsi və bu tendensiyanın kobud şəkildə davamı mitinqlərin keçirilməsini zəruri edir.
Milli Şuranın mitinq qərarını cəmiyyətin müxtəlif təbəqələri müsbət qarşılayır və ölkədəki eybəcər idarəetməyə hər kəs etirazını ifadə edir. Qeyd etmək lazımdır ki, bugün həbsdə olan 100-dən artıq məhbusun günahsızlığı sübuta yetirilib və bu adamların siyasi sifariş əsasında həbs olunması təsdiqlənib.
Belə olan təqdirdə, bu ədalətsizliyə biganə qalmaq zülmkara şərik olmaqdır.
Bugün həbsdə olan siyasi məhbusları müdafiə edən vəkillər də Milli Şuranın mitinq qərarını müsbət qiymətlənidirir və bunu vətəndaş borcu hesab edirlər.
Tanınmış vəkil Namizəd Səfərov bütün vətəndaşları bu mitinqdə iştiraka səslədi: “Ölkədə repressiyaların artmasından sonra cəmiyyət də siyasi partiyalardan, prinsipial müxalifətdən mitinq tələb edirdi və mitinqlərin gecikməsinə görə müxalifəti qınayırdı. Cəmiyyətdən gələn tələbləri və daxili yekdilliyi nəzərə alaraq Milli Şura bu qərarı verdi. Ancaq bu mitinq yalnız siyasi məhbularla bağlı deyil. Cəmiyyətdə baş verənlərə etiraz edən, qanunsuzluqdan əziyyət çəkən, məhkəmələrdə ədalət tapa bilməyən hər bir vətəndaş bu mitinqdə iştirak etməlidir. Çünki, bu mitinq ölkədəki idarəetməyə etiraz mitinqidir. Ona görə də insanlar bir yerdə, öz tələblərini dilə gətirməlidilər”.
Tanımış hüquqşünas Fuad Ağayev də Milli Şuranın mitinq qərarını müsbət qiymətləndirir: “Azərbaycan vətəndaşlarının azad toplaşmaq hüququ var və bu hüquqdan istifadə etmək lazımdır. Ölkədə insan hüquqları problemi var və siyasi baxışlarına görə həbs olunanların sayının artdığı bir dövrdə insanlar öz etiraz səslərini ucaltmalıdılar. Mən bu mitinqi yüksək qiymətləndirirəm və hesab edirəm ki, mitinqin keçirilməsi üçün bütün şərait yaradılmalıdır”.
Tanınmış hüquq müdafiəçisi Əsabəli Mustafayev hesab edir ki, siyasi məhbusların ictimai müdafiəyə ehtiyacı var: “Düşünürəm ki, siyasi məhbusların hüquqi müdafiədən başqa, ictimai müdafiəyə də ehtiyacı var. Ictimai müdafiəni də ictimaiyyətin müxtəlif təbəqələri həyata keçirir və bu etiraz aksiyasının bir forması da mitinqlərdir. Mən vəkil kimi bu mitinqin keçirilməsində maraqlıyam və müdafiə etdiyim şəxslərin azadlığı üçün atılan bütün addımları müsbət qiymətləndirirəm. Ümid edirəm ki, bu etiraz aksiyasının təsiri olacaq və həbs olunmuş şəxslər azadlığa çıxacaq”.
Akif