Yazığın gəlməsin

O`Kamil

Son vaxtlar könlüm məni bezdirmişdi. Deyir, möhkəm olmaq, sərt olmaq, qılınc kimi kəskin olmaq lazımdı. Nə qədər deyirsən ki, belə olmaz. Mövlana deyir: “sevgidə günəş kimi ol, qüsurları örtməkdə gecə kimi ol, təvazödə torpaq kimi ol…”. Deyir, yox, xeyr, əsla, qətiyyən, nəbadə. Möhkəm ol, sərt ol, qılınc kimi kəskin ol. Bəzən kəskin bir qılınc zərbəsi məhkəmədən daha adil olur və s. Əslində düz deyirmiş. Oxuduğumuz bir sıra əsərlər də adama bunu təlqin edir.  

Birinci təhrikedici. O gün Puşkinin “Qoryuxino kəndinin tarixi” yarımçıq əsəri yadıma düşdü. Əsərin qısa məzmunu belədi. Bir ucqar kənddi. Kəndin bir Həlim Koxası var. Əhalini federal vergidən azad etdirib, cavanlar əsgərliyə getmir. Əhali şad-xürrəm, yeyir, içir, kef edir. Qar yağanda xizək sürüb əylənirlər. Kəndin şairi isə Həlim Koxaya həcv yazır: “Bizim pulumuzla arvadına şuba alıbsan…” və s. Bir gün kəndə bir kareta gəlir. İçində bir “cuhudgöz” kişi var. Kareta kəndin idarəsinə gəlir. Mühasibi tələb edirlər. Mühasib sərxoşdu. Gətirib tribunaya çıxarıb, bir kağız verirlər ki, oxusun. Oxuya bilmir, yerə yıxılır. Səhəri gün yenə əhalini toplayırlar. Fərman oxunur. Koxa vəzifədən azad edilir, yerinə Qəddar Koxanı qoyurlar. Bu koxa vergiləri bərpa edir. Vergi ödəyə bilməyənlərin əmlakı əlindən alınır, özləri isə varlılara nökər olur. Əsgərlik bərpa edilir. Kənddən yüz cavan əsgərliyə gedəsidirsə, iki yüz adam bir-bir gəlib koxaya pul verir ki, minnət eləyir ki, oğlu əsgər getməsin. Koxa da daha çox rüşvət verənlərin pulunu alıb, uşağını hərbi xidmətdən saxlayır. Puşkin yazır ki, kənd şairinin rübabı da susmuşdu. Daha koxaya həcv yazmırdı… Əcəb olur. Dinsizin öhdəsindən imansız gələr. Yadıma Azərbaycanın yeni tarixi düşdü. “Qoryuxino”dakı “qor”la “Odlar yurdu”ndakı od bir şey deyilmi? Kütlə nə vaxt xeyrini-şərini düzgün anlayıb ki? Bizi elə həlim könül yıxdı. 

İkinci təhrikedici. Cavidin “Topal Teymur”undan bir epizod yadımda qalıb. Teymurun könlünə dava düşür. Əyan-əşrafı toplayıb gənəşir. Hamı bilir ki, Teymur müharibə istəyir. Deyirlər, müharibə yaxşıdı. Sonra Teymur üzünü şairə tutur: “Şair Kirmani bu barədə nə düşünür?” Şair deyir: “Məncə, saf duyğularla döyünən bir çoban qəlbi kin və ədavət püskürən bir sultan qafasından daha şərəfli”. Teymur: “Haqlısan, çünki şairsən. Amma bu ikiayaqlı vəhşilər ədalət və mərhəmətə yox, qorxu və dəhşətə tapınırlar. Onlara Teymur qılıncı lazımdır”, deyir. “Zalımların da balası var” desəydi, son günlərini kəndində keçirməli olacaqdı.  

Üçüncü təhrikedici. Klassik ədəbiyyatımızda ağıllı, həlim, mülayim könül haqda şeirə heç rast gəlməmişəm. Şairlərimiz istisnasız olaraq dəli könülü vəsf edib: “Dəli könül, nə divanə gəzirsən” (Xəstə Qasım), “Dəli könül gəl əylənmə qürbətdə” (Vidadi), Coşdun yenə, dəli könül, çaylar kimi çağlarmısan…” (Yunus Əmrə) və s. Ona görə könlümlə razılaşmalı oldum. Əvvəllər üzümə bir əmvay qonanda tərpənmirdim ki, 2,8 milliqram qan payını rahat sora bilməz, neştəri əyilər. İndi “pif-paf”la kütləvi şəkildə qətlə yetirirəm. Ağcaqanadlar indi mənə daha çox hörmət edir. “Allah ömrümdən kəsib ömrünə calasın” deyirlər (yeriniz məlum). Nə qədər canımda təpər, rəfimdə “pif-paf” var, bu hörmət davam edəcək. Quzu kəsərəm könülün dəlisinə…  

Könül, əhdinə vəfasız Yara yazığın gəlməsin,

Daşını at, gününü et Qara, yazığın gəlməsin.


Bağçada gül əkibsənsə, Dibinə su tökübsənsə,

Gül qəhrini çəkibsənsə, Xara yazığın gəlməsin.


Rəqib eyləyərsə həmlə, Gücünü qoluna cəmlə,

Gözünün altına gümlə Fara, yazığın gəlməsin.


Qüssə can evin yıxanda, Gözündən yaşlar axanda,

Simayi-şəmsə qalxanda Tara yazığın gəlməsin.


Əlində olsa iqtidar, Milləti zillətdən qurtar,  

Pul düşkünü, rəzil, murdar -lara yazığın gəlməsin.

İnşAllah, gəlməyəcək. Yazığımı deyirəm. O gün isə gələcək.