Türkiyədə qanlı toqquşmalar: 12 ölü, onlarla yaralı var

Diyarbəkir, Batman, Mardin, Van, Muş və Siirtdə komendant saatı tətbiq olunub 

Türkiyədə Kobaniyə dəstək məqsədilə keçirilmiş aksiyalar vaxtı baş vermiş iğtişaşlarda 12 nəfər ölüb. Lent.az-ın “Doğan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Diyarbəkir, Batman, Mardinin 6 bölgəsi, o cümlədən Vanın Erciş, Muşun Varto və Siirtin Kurtalan bölgələrində də küçəyə çıxma qadağası (komendant saatı) tətbiq olunub.

Diyarbəkir polis şöbəsindən verilən açıqlamaya görə, iğtişaşlarda 8 nəfər həyatını itirib: “Bundan başqa 8 özəl mülk, 3 şəxsi avtomobil, 10 bina və dövlətə məxsus 20 avtomobilə ziyan dəyib. 2 polis əməkdaşı isə xəsarət alıb”.

Orta məktəblərdə və Diclə Universitetində də 8, 9, 10 oktyabr tarixlərində dərslər təxirə salınıb.

İstanbul-Diyarbəkir və Diyarbəkir-Ankara istiqamətindəki aviareyslər ləğv edilib.

Diyarbəkirə ordu yeridilsə də, gecə yarısı şəhərdən silah səsləri eşidilib.

Muşun Varto bölgəsində polis etiraz edən kütləyə bibər qazı atıb. Etiraz edənlər polisə molotov kokteylləri və daş atmaqla cavab verib. Hakim Ədalət və İnkişaf partiyasının qərargahı və 7 məktəb binasına od vurulub. Baş vermiş iğtişaşlarda 17 yaşlı Hakan Buksur yerləşdirildiyi xəstəxanada keçinib. Eyni zamanda şəhər polis şöbəsinə naməlum avtomobildən atəş açılıb.

Siirtdəki aksiyalarda isə iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. 10 nəfər yüngül xəsarətlə Siirt dövlət xəstəxanasına yerləşdirilib.

Batmanda yaralanmış Əmrah Dəmirin həyatını xilas etmək mümkün olmayıb. Batmanda da orta məktəblərdə tətil elan olunub. Axşam saatlarında şəhərin mərkəzinə ordu yeridilib.

Bundan başqa, İstanbul 500 nəfər Kobaniyə dəstək məqsədilə etiraz aksiyası zamanı da iğtişaşlar yaşanıb. Rəsmi məlumatlara görə, 30 nəfər yaralanıb. Yaralananlardan 8 nəfəri polis əməkdaşıdır. 98 nəfər saxlanılıb.

Paytaxt Ankaradakı “Qızılay” meydanında yığışan bir qrup insan icazəsiz aksiya keçirdiklərinə görə, da polis tərəfindən müdaxilə olunub.

İzmirdəki aksiyalarda isə 26 nəfər tutulub.

Adana, Hakkari və Ərzurumda da iğtişaşlar baş verib.