Qarabağı xiyarla alırıq

«Bir güllə belə atılmadan 7 rayon boşaldılacaq»

Rusiya azərbaycanlıları sevməyə başlayıb. «Xiyar diplomatiyası» işini görməkdədir. Amerika və Avropanın iqtisadi embarqolarla təntitdiyi Rusiyaya kənd təsərrüfatı məhsulları, əsasən, Türkiyədən və Azərbaycandan daşınır. İndi ruslar Azərbaycandan gələn yolu «həyat yolu» adlandırmağa başlayıblar. Bu zamana qədər «bazar adamları», «xiyarsatan» adlandırılaraq aşağılanan azərbaycanlılar indi oralarda yüksək irqin nümayəndələri sayılmağa başlanıblar. Amma bu dəyər Rusiyadakı azərbaycanlılara verilən qiymət deyil. Blokadaya alınan Rusiyada xiyar-pomidorun dəyəri artdığındandır ki, bizimkilərin də çəkisi artmaqdadır. Hətta Putin də bütün polisinə-QAİ-sinə tapşırıb ki, Azərbaycandan gələn yük maşınlarına kimsə toxunmasın və haqq tələb etməsin. Buna görə də Azərbaycan mənşəli TİR-lər Rusiya yollarında at oynatmaqdadır.

Azərbaycanlıların Rusiyadakı liderləri bu xiyar diplomatiyasının eyforiyasından qazanmaqdadırlar. Adamlar cidd-cəhdlə əsaslandırmağa başlayıblar ki, Rusiya və Azərbaycan dünyada analoqu olmayan dostluq və qardaşlıq münasibətlərinin örnəkləridir. Abbas Abbasov Vladimir Putini postsovet düşərgəsinin ümummili lideri adlandırır, onun İlham Əliyevlə dostluğunu dünya siyasətinin təkrarolunmaz nümunələrindən sayır.

Rusiyadakı Azərbaycan mənşəli diaspor təşkilatları bu alver söhbətlərinə o qədər aludə olublar ki, oradakı Azərbaycan cəmiyyət və camaatına artıq Qarabağın döyüşsüz ələ keçirilmək üzrə olduğu barədə dastanlar danışmağa başlayıblar.

Rusiyadakı azərbaycanlılar arasında buraxılan şifahi təbliğat rolikinə görə, bu yaxınlarda ermənilər Qarabağ ətrafında işğal etdikləri 7 rayonu səssiz-səmirsiz boşaldacaqlar və Azərbaycan ordusu da razılaşmaya əsasən həmin boşalmış ərazilərə girəcək. Söhbətlərdə bunu Putinin “xiyar diplomatiyası”nın Sərkisyan üzərində təzyiqlərinin nəticəsi kimi qələmə verirlər. Dostlaşmış ölkələr – Rusiya və Azərbaycan arasındakı analoqsuz münasibətlər imkan verir ki, Putin Sərkisyandan bu rayonları qeyd-şərtsiz boşaltmağı tələb etsin.

«Blokadada olan Rusiyaya Ermənistandan da kənd təsərrüfatı məhsulları gedir. Amma bu o qədər azdır ki, Rusiya bazarında o malların görünməməsi vəziyyətə təsir etmir. Buna görə də, Sərkisyan Putinin «Qarabağı boşalt» tələbi qarşısında onu Rusiyaya xiyar-pomidor göndərməyəcəyi ilə şantaj etmək istəsə də, bu, alınmayıb. Putin bu şantajdan qorxmayıb və Sərkisyana deyib ki, hökmən bu rayonları boşalt , çünki İlham Əliyevə söz vermişəm».
İnanmaya bilərsiniz, amma bu söhbətlər Rusiyadakı azərbaycanlıların ən məlumatlı çevrəyə daxil olduğu iddiası ilə yaşayanları tərəfindən aparılır. Və təbii ki, Azərbaycan mənşəli icmalar bu səviyyəsiz beynəlxalq söhbətləri simsiz teleqrafların ildırım sürətilə bütün Rusiya ərazisinə yaymaqdadırlar.
Axmaqlıqdır, deyilmi?

Azad Akifoğlu