Putinin ətrafı daxili müharibəyə başladı

Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı iki əsas qrupa bölünüb və öz aralarında təsir uğrunda müharibə aparır. Putinin diqqəti isə bu zaman beynəlxalq siyasətə yönəlib. Bu barədə Bloomberg agentliyinə Rusiya hökumətində olan mənbələr məlumat verib. 

Baş nazir Dmitri Medvedevin rəhbərlik etdiyi birinci qrupu Rusiyanın beynəlxalq iqtisadi və maliyyə sistemlərindən artan təcridi narahat edir. Digər qrup isə əksinə, iqtisadiyyat üzərində dövlət nəzarətinin artmasını gözləyir. İkinci qrupa «Rosneft» rəhbəri İqor Seçin və digər dövlət şirkətlərinin rəhbərləri, həmçinin xüsusi xidmət orqanlarının veteranları və Rusiya hökumətinin güc blokunun nümayəndələri, o cümlədən Sergey İvanov daxildir. 

«Putinyönlü klanların arasında davam edən qarşıdurma müharibə həddinə çatıb. Elitalar azalan ehtiyatlar uğrunda mübarizə aparır», – deyə Putinin ilk prezidentlik dövründə Kreml müşaviri olan Stanislav Belkovski bildirib. 

Nəşr qeyd edir ki, siyasi elita nümayəndələri arasında ziddiyyət iqtisadiyyatın düşdüyü böhranın səviyyəsinə uyğun olaraq artır. Rubl və neft minimum həddə qədər ucuzlaşıb – oktyabrın 6-da Moskva birjasında dollar son 16 ildə ilk dəfə olaraq 40 rubla qədər bahalaşıb. 

Aranı daha da qızışdıran «Sistema» maliyyə şirkətinin rəhbəri Vladimir Yevtuşenkonun həbsi və ona məxsus «Başneft»i milliləşdirmək niyyəti olub. 

YUKOS şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski Yevtuşenkonun həbsindən sonra bəyan etdi ki, ona qarşı işin açılmasının təşəbbüskarı «Başneft»i almaqda maraqlı olan Seçin olub. 

Seçinin «Rosneft» şirkəti cari ilin ilk 8 ayı ərzində neft hasilatını əhəmiyyətli dərəcədə azaldıb, rəhbəriy ilə birgə Qərbin sanksiya siyahısına düşüb və dövlətin maliyyə yardımına ehtiyacı var. Məlumata görə, Yevtuşenko Medvedevlə sıx əlaqədədir və güc bloku, o cümlədən Rusiya prezidenti administrasiyası rəhbəri Sergey İvanovla da münaqişədədir. Belkovski əmindir ki, «Yevtuşenko uğrunda dava»nı Medvedev uduzacaq və «Başneft» YUKOS-un taleyini yaşayacaq. 

Amerika nəşri qeyd edir ki, bir qədər əvvəl Putinin ətrafının mövqeyi Ukrayna məsələsinə görə diametral şəkildə bölündü. İndi onlar Yevtuşenko işinin necə başa çatacağını və növbəti kimin olacağını gözləyirlər.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov öz növbəsində Rusiya prezidentinin ətrafında  istənilən ciddi mübahisələrin olduğunu inkar edib.